Şöbə rəisi Malik İbrahimovun ay ərzində ona 5 milyon manata yaxın rüşvət yığdığı iddia olunur

Məlum olduğu kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polkovnik Nuşirəvan Səfərovun bacısı oğlu Namiq Kərimov bir müddət bundan əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. N.Kərimov saxlanılanadək BDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edib. Məlumata görə, o, vətəndaşdan 2500 manat pul alarkən yaxalanıb. Lakin N.Kərimov cəmi bir gün saxlanılıb. Dayısı Nuşirəvan Səfərov işə qarışaraq bacısı oğlunu həbsdən xilas edib. Amma bu zaman Namiq Kərimovun işdən çıxarılmasına dair əmr verilib. Son məlumatlara görə, Namiq Kərimovun yerinə qaytarılması üçün N.Səfərov nazirliklə danışıq aparsa da, bir xeyri olmayıb. Bacısı oğlunu yenidən işə qaytarmaq istəyən Bakı şəhər DYP-nin rəisi DİN-in rəhbərliyinə hələ də minnətçilər göndərir. Bu israrın isə ciddi səbəbi var.

Məsələ ondadır ki, Namiq Kərimovun rəhbəri olduğu şöbənin gün ərzində 100-ə yaxın sərxoş sürücünün “məsələsinə baxdığı”, onların hər birindən ən azı 1000 manat alındığına dair məlumatlar var. Güman edilir ki, N.Səfərovun bacısı oğlunu yenidən vəzifəsinə qaytarmaq istəməsi də gün ərzində 90-100 min manat pul gətirən şöbəyə nəzarəti əldə saxlamağa hesablanıb. Hətta deyilənə görə, bu barədə qəzetlərdə yazılar dərc olunduğundan Nuşirəvan Səfərov bərk əsəbləşib və özünün “kassiri” sayılan Malik İbrahimova bu işə əl qoymağı tapşırıb...

Mötəbər mənbədən aldığımız məlumata görə, Bakı DYPİ-də şöbə rəisi vəzifəsində çalışan mayor Malik İbrahimov özünü vəkillik sahəsində də sınamaq istəyir. Son vaxtlar bəzi mətbu orqanlar Bakı DYPİ-də mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə, həmin idarənin rəisi Nüşrəvan Səfərov tərəfindən şöbə rəisi Malik İbrahimova tapşırıq verilib ki, o, mətbu orqanları məhkəməyə verərək məhkəmələrdə idarənin xeyrinə qərar çıxarılmasına nail olsun. Mənbənin bildirdiyinə görə, Bakı şəhərində avtomobilləri zorla əllərindən alınan və barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən Malik İbrahimov nəzarət edir. Onu da demək lazımdır ki, əksər sürücülərdə DİN-nə qarşı mənfi fikrin formalaşmasında Malik İbrahimovun rolu az deyil və elə təsəvvür yaranır ki, sanki o, bunu qəsdən edir. Malik İbrahimov keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur və məhz bu səbəbdən də onun vəzifə başında etdiyi özbaşınalıqlara, sürücüləri haqsız incitməyinə görə ona “gözün üstə qaşın var” deyən olmayıb. Malik İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindən əziyyət çəkənlər çoxdur. Məsələn, Malik İbrahimov tərəfindən qanunsuz incidilənlər arasında Bakı şəhərinə daxil olan yük maşınlarının sürücüləri çoxluq təşkil edir. Ağ rəngli, tranzit nömrəli “Toyota Kamry” markalı avtomobilində ”efirə” çıxan M.İbrahimov gecələr Bakıya daxil olan avtomobillərə saxlama əmri verditdirir. Deyilənə görə, işçiləri onunla fərəhlənir ki, Malik İbrahimov olmasa Bakıda avtoxuliqanlıq baş alıb gedər. Ancaq avtoxuliqanlıq etməyən, yol-hərəkəti qaydalarını pozmayan yük avtomaşınlarının və taksi sürücülərinin günahı görəsən nədir ki, onlar da saxlanılıb cərimələnir?! Bax, onların Malik İbrahimovla bağlı fikirlərini öyrənmək çox maraqlı olardı...

Yeri gəlmişkən, deyilənə görə, Malik İbrahimovun qardaşı Etibar İbrahimov da Sabirabad rayonunda çalışır və əsas trasa nəzarət edir. Onun rayonlu fermerlərin öz məhsullarını Bakıya gətirməsinə ciddi şəkildə mane olduğu və bu səbəbdən haqqında xeyli giley-güzarın dolaşdığı da yayılan məlumatlar arasındadır...

“Arxamca düşən ağ rəngli “Niva” markalı maşından qaçmaq məcburiyyətində qalmışdım. Kimin məni niyə izlədiyini bilmirdim. Tanınmış adamam, düşündüm ki, birdən kimsə mənə xətər yetirər. Üstəlik maşındakı adam məni bir dəfə hədələdi də. Əlində nəsə tutmuşdu, silaha bənzətdim. Yol polisi saxlayandan sonra bilmişəm ki, mülki geyimdə məni qovan adam Bakı şəhər Dövlət Yol Polisi İdarəsində şöbə rəisi Malik İbrahimovdur”.

Bu sözləri avtoxuliqanlıq etməkdə günahlandırılan müğənni Tunar Rəhmanoğlu deyirdi. Yol polisinə tabe olmamaqda və maşını yüksək sürətlə idarə etməkdə günahlandırılan müğənni məhkəmə qərarı ilə 10 sutka həbs olunaraq, sürücülük vəsiqəsindən 1 illik məhrum edilmişdi. Törətdiyi əmələ görə cəza alan Tunar onu bu addımı atmağa vadar edən şəxs barəsində də ölçü götürülməsini istəyirdi: “Azərbaycan qanunları hamıya şamil edilməlidir. Əgər bir vətəndaş kimi mən yol hərəkəti qaydalarını pozmamalıyamsa, dövlət məmuru da vəzifəsindən sui-istifadə etməməlidir. Mən çox hörmət etdiyim daxili işlər naziri Ramil Usubova, eləcə də DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general–mayoru Ramiz Zeynalova müraciət edirək, bir vətəndaş kimi onlardan xahiş edirəm ki, Malik İbrahimovun bu hərəkəti ilə bağlı ölçü götürsünlər”.

Müğənninin dedikləri şəhərdə quraşdırılmış kameraların da yaddaşına köçürülüb. Elə DYP-dən əldə edilən videogörüntülərdən bəlli olur ki, ağ rəngli “Niva” markalı maşın Tunar Rəhmanoğlunun idarə etdiyi “Mercedes”i təqib edir. Tunar maşını saxladıqda isə DYP əməkdaşlarından öncə “Niva”dan düşən mülki geyimli şəxs yaxınlaşıb, “Mercedes”in arxa qapısını açır. Bir sözlə, görüntülər şöbə rəisinin mülki geyimdə vətəndaşı təqib etdiyini ortaya qoyur.

M.İbrahimovdan şikayət edən təkcə T.Rəhmanoğlu deyil. Taksi sürücüsü Rauf Cəbiyev də mətbuata açıqlama verərək, heç bir əsas olmadan Malik İbrahimov tərəfindən avtoxuliqan adı ilə saxlanılaraq bölməyə aparıldığını deyib. Onun sözlərinə görə, aprelin 13-də axsam saat 23 radələrində müştəri aparakən İnşaatçılar prospektində üzü Olimpə tərəf düşərkən işıqforda maşını saxlayıb və bu zaman onun yaxınlığında saxlayan ağ rəngli “Niva” markalı avtomobildən sürücünün yanında oturan bir nəfər düşərək onun maşınına yaxınlaşıb:

“Hələ işıqfora çatmamış həmin maşında oturan şəxs mənə əl ilə saxlamaq işarəsi verdi. Ancaq adamı tanımadığımdan saxlamadım. Mülki geyimdə olan həmin adam əvvəlcə müştəri tərəfdə olan şüşəni döyəcləyərək maşının qapısını açılmasını tələb etdi. Amma müştərim Nicat adlı şəxs həmin adamı tanımadığından qapını açmadı”.

Rauf Cəbiyev avtomaşına yaxınlaşan şəxsin nə istədiyini öyrənmək üçün özü maşından düşüb. Az keçməmiş əraziyə YPX maşını da yaxınlaşıb. Bu zaman həmin mülki geyimli adam artıq qapını açıb yerə düşən Nicatın boynunun dalından tutaraq “ratsiya” ilə başından vurub və şalvarından yapışaraq kobudluqla “077” nömrə nişanlı maşına salıb. R.Cəbiyevi isə YPX maşınına otuzdurublar. Polislər onlara nə üçün saxlandıqları ilə bağlı məlumat da verməyiblər. Sürücünün sözlərinə görə, yalnız YPX-nin maşınında ona məlum olub ki, onlar avtoxulqanlıq etməkdə ittiham olunurlar.

“Polis mayoru mənə dedi ki, guya 20 Yanvar şossesindən sürətlə keçmişəm. Halbuki, mən heç o ərazidə olmamışdım. Dedim ki, bunu kameralar da göstərə bilər. Ancaq mayor etirazıma məhəl qoymadı. Yalnız onu dedilər ki, bizi tutduran şöbə rəisi Malik İbrahimovun şəxsən özüdür və onun icazəsi olmadan heç bir halda buraxa bilməzlər.”

Rauf Cəbiyevin sözlərinə görə, onların hər ikisi polis bölməsinə aparılsa da, hadisə qeydiyyata düşmədiyindən və hadisə ilə bağlı heç bir protokol tərtib edilmədiyindən sərbəst buraxılıblar. Yalnız sonradan, üstündən bir neçə həftə keçəndən sonra Rauf Cəbiyevə məlum olub ki, onlara qarşı avtoxulqanlıq maddəsilə protokol tərtib olunub və işləri məhkəməyə göndərilib. Aparılan araşdırmalardan belə məlum olub ki, R.Cəbiyev hadisə ilə bağlı mətbuata məlumat verdikdən və daxili işlər naziri Ramil Usubova müraciət etdikdən sonra məhkəməyə verilib və 5 sutka cəza alıb, maşını cərimə meydançasına aparılıb. İttiham aktını qanunsuz sayan R.Cəbiyev açıqlamasında bildirib ki, o, sadəcə Malik İbrahimovun özbaşnalığının qurbanıdır və buna görə də məsələnin Daxili Tədqiqatlar İdarəsində araşdırılmasını istəyir: “Hadisə baş verən zaman qeydiyyat aparılmadı, hadisə yerinə baxış keçirilmədi, şahidlər dindirilmədi və ekspertiza aparılmadı. Bölmədə də heç bir sənədə qol çəkməmişəm. Görünür məsələ böyüyəndən sonra geri tarixlə qeydiyyat aparılıb və iş məhkəməyə göndərilib”.

Adının açıqlanmasını istəməyən başqa bir sürücü də bir neçə ay əvvəl M.İbrahimovun “tor”una düşdüyünü deyir: “Şöbə rəisinin xüsusi adamları var. Bu adamlar “Jiquli 07” markalı maşında oturub yolda adama “ilişirlər”. Gənclər də başlayır sürəti artırmağa. Yarışa-yarışa gətirib çıxarırlar M.İbrahimovun yanına, o da cəriməsini kəsir”.

Adını açıqlamaq istəməyən keçmiş DYP əməkdaşı da deyilənləri təsdiqləyir: “Məni guya işimdə buraxdığım nöqsanlara görə DYP-dən xaric etdilər. Kimin həddi nədir ki, rəislərdən icazəsiz hansısa iş görsün? Hər yerdə kamera var, hər gün də görülən işin hesabı aparılır. Sadəcə məndən şikayət oldu, gördülər məsələ böyüyür qurban verdilər, getdim. Edilən şikayətlər doğrudur. Malik müəllim gün ərzində cəmi 3 saat yatır, bütün günü yollardadır. Əsasən də axşamlar çıxır reydə. Şəhərdə kimin hansı maşını sürdüyünü, harda nə edə biləcəyini də əla bilir. Həmişə də “Niva”da olur. Deyilənə görə, nazirin xüsusi tapşırığı var ki, avtoxuliqanları müəyyənləşdirmək üçün şəxsi maşından istifadə edilsin”.

“Son vaxtlar paytaxtın yol polisi əməkdaşları ilə bağlı artan şikayətlərin İbrahimovun fəaliyyəti ilə bağlılığını iddia edənlər onun adıçəkilən idarədə rüşvət sistemini bərpa etməsindən danışırlar”.

Adını gizli saxlayan mənbə redaksiyamıza deyib ki, yol polislərinin sürücülərdən aldığı “haqlar” məhz onda cəmləşir: “Malik İbrahimov Bakı “QAİ”sində faktiki olaraq “kassa” rolunu oynayır. Onun gün ərzində əlindən sürücülərdən alınan üst-üstə 100-150 min manat civarında bir məbləğin keçdiyinə dair iddialar var. Malik İbrahimovun ay ərzində Nuşirəvan Səfərova 5 milyon manata yaxın rüşvət yığdığı iddia olunur”.

“Bizim dövr”