Menu

Hakimiyyətin çoxbaşlı bələdiyyə islahatı

10.06.2014, 09:21
Hakimiyyətin çoxbaşlı bələdiyyə islahatı

Hökumət beynəlxalq basqıları azaltmaq üçün yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini artırır

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması üçün ölkə qarşısında qoyulan şərtlərdən biri də Azərbaycanda bələdiyyələrin yaradılması idi. Azərbaycan hakimiyyəti bunu nəzərə alaraq ölkədə bələdiyyələrin yaradılmasına qərar verdi və 1999-cu ilin noyabrında keçirilən seçkilərlə ilk dəfə Azərbaycanda bələdiyyələr formalaşdırıldı.

O zaman bu institut Azərbaycan cəmiyyəti üçün yeni olduğundan bizim bələdiyyələrlə bağlı dəqiq təsəvvürlərimiz olmasa da, bələdiyyələrin yaradılmasını alqışlayan Avropa Şurası hələ həmin vaxt bələdiyyələrə geniş səlahiyyətlər verilmədiyini bildirərək bunu tənqid etdi və çoxsaylı tövsiyələr verdi. Ancaq hələ indiyədək bələdiyyələrlə bağlı AŞ qarşısında götürülən öhdəliklərin və verilən tövsiyələrin böyük hissəsi yerinə yetirilməyib. Bu öhdəliklərdə əsas məqamlar Bakı başda olmaqla, iri şəhərlərdə Böyük Şəhər Bələdiyyələrinin yaradılması, faktiki olaraq icra hakimiyyətlərinin bir qurumu kimi fəaliyyət göstərən bələdiyyələrin asılılığına son qoyulması, yerli idarəetmənin tam olaraq onların səlahiyyətlərinə verilməsidir.

Nəhayət, hakimiyyət 2014-cü ilin bələdiyyə seçkiləri ərəfəsində və ciddi beynəlxalq basqılarla üzləşdiyi bir ərəfədə bələdiyyə islahatları ilə bağlı bir sıra addımlar atmağa hazırlaşır. Bununla bağlı “Yeni Müsavat”a daxil olan məlumata görə, bunun bir sıra səbəbləri olmaqla yanaşı, müəyyən məqsədlər də var. Hakimiyyət bir sıra addımlar atmaqla həm basqıları azaltmağa, diqqəti siyasi məsələlərdən yayındırmağa, AŞ-nin əsas tələbi olan Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsini arxa plana keçirməyə, həm də ən əsası gələn ilin parlament seçkilərində iqtidarla müxalifətin zəif və güclü olduğu nöqtələri, bölgələri müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, hakimiyyət bugünlərdə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin dili ilə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmayacağını deyib. A.Rəhimzadə bunu belə izah edib ki, Bakının bir bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər: “Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür.

Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək. Digər tərəfdən, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması yönündə Avropa Şurasından həmişə təkliflər olur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə daxil olanda imzalanan sənədlərdə maddələr var. Tutaq ki, gərək 20 maddədən 15-i mütləq həllini tapsın. Azərbaycan nəzərdə tutulan maddələri yerinə yetirib. Bəzi məsələlərin həlli isə vaxt tələb edir. Bakı Böyük Şəhər Bələdiyyəsi də bu sıradadır”.

Hakimiyyət Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmamasının səbəblərini müxtəlif bəhanələrlə izah etməyə çalışsa da, görünən odur ki, iqtidar paytaxtın idarəetməsinin icra strukturunun nəzarətindən çıxmasına imkan vermək istəmir. Buna görə də, qeyd etdiyimiz kimi, müəyyən bələdiyyə islahatları adı altında həm üzləşdiyi basqıları zəiflətməyə çalışır, həm də belə bir görüntü yaratmaq istəyir ki, guya Bakı Böyük Şəhər Bələdiyyəsi mərhələli şəkildə yaradılacaq.

Avropa Şurasında isə hakimiyyətin bələdiyyələrlə bağlı götürdüyü öhdəliklərə əməl etməsindən ciddi narazılıq var.

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi altı ay ərzində Avropa Şurasının bələdiyyələrin fəaliyyətinə də nəzarət edən Yerli və Regionlar Hakimiyyətlər Konqresi Bürosunun Bakıda iclası keçiriləcək. Bu iclasda bələdiyyələrin səlahiyyətləri və fəaliyyətləri ilə bağlı hakimiyyət qarşısında çıx ciddi məsələlərin qaldırılması və tələblərin qoyulması gözlənilir. Necə ki, biz bunu Azərbaycan sədrliyə başlayan kimi AŞPA Daimi Komitəsinin mayın 23-də Bakıda keçirilən iclasında gördük. Həmin iclasda Azərbaycanın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinə sədrlik edən Elmar Məmmədyarov və onun timsalında bütövlükdə hakimiyyət çətin suallarla üzləşərək pis vəziyyətə düşdü. Əgər hakimiyyət tərəfindən bələdiyyələrlə bağlı ciddi addımlar atılmasa, AŞ Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun Bakıda keçiriləcək toplantısında da biz eyni vəziyyətin şahidi ola bilərik.

“Yeni Müsavat”ın məlumatına görə, AŞ-də Azərbaycanda bələdiyyələrin fəaliyyətinə münasibət çox tənqidi və ironikdi. Azərbaycanda bələdiyyələrin fəaliyyəti barədə danışılarkən onların icra strukturlarından asılı olduğu qeyd edilir və belə bir təsnifat aparılır; zəngin icra strukturları, kasıb bələdiyyələr.

Qeyd olunur ki, 1999-cu ildən bu yana bələdiyyələr inkişaf etməyib və hələ də onların yol xəritəsi yoxdur, yerli özünüidaretmə orqanlarının inkişafı üçün maliyyə resursları ayrılmayıb. AŞ-nin qəti olaraq mövqeyi belədir ki, Azərbaycan bu qurumun özünü idarəetmə xartiyasına qoşularaq onu ratifikasiya edibsə, o yerinə yetirilməlidir.

Bu tələblər qarşısında qalan və bələdiyyə seçkiləri ilə bağlı ölkədəki boykot əhval-ruhiyyəsini aradan qaldıraraq bütün siyasi qurumların bu seçkilərdə iştirakına nail olmaqla demokratiya istiqamətində irəliyə addım atılması görüntüsünü yaratmaq istəyən hakimiyyət islahatları zəruri sayıb.

“Yeni Müsavat”ın məlumatına görə, ilk növbədə bələdiyyələrin nəzarətində sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün “Büdcə sistemi haqqında” Qanuna bələdiyyələrə subvensiyaların ayrılması üçün dəyişikliyin edilməsi nəzərdə tutulur. Məlumatda qeyd edilir ki, artıq gələn ilin büdcəsindən bələdiyyələrə maliyyə vəsaiti ayrılacaq.

Həmçinin yerli əhəmiyyətli sosial-iqtisadi layihələr bələdiyyələr tərəfindən həyata keçiriləcək. Hüquqi və fiziki şəxslərə torpaq ayrılması, hər növ tikintinin aparılması bələdiyyələrin razılığı ilə reallaşdırılacaq. Yerlərdəki iri istehsal müəssisələri və mənzil tikinti şirkətlərinin nəğd və mənzil formasında bələdiyyələrə pay ayrılması nəzərdə tutulur. Yerlərdə təmir-tikinti və abadlıq işlərinin aparılmasının da bələdiyyələrin səlahiyyətinə verilməsi, həmçinin park və xiyabanlara onların nəzarət etməsi, bələdiyyələrin nəzdində reklam strukturlarının yaradılaraq bələdiyyə ərazisində hər hansı reklam lövhələrinin yerləşdirilməsinin yerli özünüidaretmə orqanları ilə razılaşdırılması nəzərdə tutulur. Eyni zamanda bələdiyyələrin ərazisində mədəni və kütləvi tədbirlərin keçirilməsi, onların məsul olduqları ərazilərdə yaşama iznin verilməsi səlahiyyətləri də bələdiyyələrə həvalə olunacaq.

Nəzərdə tutulan bütün bu dəyişikliklərlə bağlı danışan məlumatlı mənbənin sözlərinə görə, hakimiyyət bununla bir neçə məqsədə nail olmaq istəyir. Həm islahat tələblərini yerinə yetirdiyini göstərərək basqılardan yayınmağa, həm Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılması tələbini arxa plana keçirməyə, cəmiyyətin bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı olmayan kəsimini və müxalifəti seçkiyə cəlb etməklə parlament seçkiləri öncəsi legitim bir bələdiyyə seçkilərinin keçirilməsi haqda fon yaratmağa çalışır. Bununla yanaşı, müxalifəti bu seçkilərə cəlb etməklə bir növ gələnilki parlament seçkilərinin baş məşqinə çıxmaq istəyir. Seçkilərin gedişindən və real nəticələrdən asılı olaraq, özünün böyük planını hazırlamaq istəyir.

Bu barədə söhbət etdiyimiz ekspertlər hesab edir ki, niyyətin nə olmasına baxmayaraq, əgər bələdiyyələrlə bağlı bu cür islahatlar həyata keçirilərsə, bu, istər-istəməz ictimai-siyasi fəallığa səbəb olar və cəmiyyətə faydası dəyər. Ekspertlərin fikrincə, hakimiyyət gec-tez belə islahatlara getməliydi, çünki hakimiyyət hansısa islahatlara getməklə, ona yönələn təzyiqləri səngitməlidir.

Onların qənaətincə, qeyd edilən dəyişikliklər reallaşarsa, biz təxminən parlament seçkilərinə bənzər bir seçki mübarizəsinin şahidi ola bilərik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol