Dövlət Statistika Komitəsi idxal-ixrac əməliyyatları haqqında rəsmi açıqlama yayıb. “Media forum” saytının məlumatına görə, açıqlamada qeyd olunur ki, 2014-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 76 ölkəyə əmtəə ixrac olunub, 117 ölkədən idxal olunub.
Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 25-i Amerika, 38-i Asiya ölkələri və digərləridir.
Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 13 milyard 465,8 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 10 milyard 731,1 milyon dollar, idxalın həcmi 2 milyard 734,7 milyon dollar təşkil edib, nəticədə 7 milyard 996,4 milyon dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 491 milyon dollar həcmində olub.

Şərhlər