Menu

Məhbus NİDA-çının səhhətində problemlər yaranıb

10.06.2014, 17:19
Məhbus NİDA-çının səhhətində problemlər yaranıb

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida” Vətəndaş Hərəkatı fəalı Orxan Eyyubzadənin səhhətində problemlər yaranıb. Orxan Eyyubzadə uşaqlıqdan qıcolmadan əziyyət çəkir.

İyunun 9-da “Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, müalicə ala bilmədiyi, dərman qəbul edə bilmədiyi üçün Orxanın səhhətində problemlər ciddiləşib, vəziyyəti yaxşı deyil.

Orxan Eyyubzadə bu il mayın 6-da həbsdə olan bir qrup “Nida” fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Cəzasını Bakı polisinin Binəqədidəki məntəqəsində çəkib. Mayın 26-da o, azadlığa çıxmalı idi. Ancaq həmin gün ona xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb. İşi Binəqədi Rayon Prokurorluğu aparır.

Mayın 27-də Binəqədi Rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol