“EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin AzPolitika.info-ya müsahibəsi

- Mayin 28-də əfv fərmanı imzalandı. Lakin Əli Insanov və digər siyasi məhbuslar azadlığa buraxılmadı. Deyilənə görə, iyunun 19-da da əfv olacağı gözlənilir. Sizcə hakimiyyət siyasi məhbusları niyə azadlığa buraxmır?

- Mən çox təəssüf etdim ki, həmin fərmana siyasi və vicdan məhbuslarının adları salınmadı. Azərbaycan Avropa qarşısında götürdüyü öhdəliklərə əməl eləməlidir. Əks təqdirdə, rəsmi Bakı nüfuzlu beynəlxalq təşkilatların və demokratik dövlətlərin təzyiqinə məruz qalacaq. Demokratik islahatlar aparmaq istəyində olan və sivil dövlətlər sırasına qoşulmaq arzusunda olan ölkə qoşulduğu xartiyalara, müqavilə və öhdəliklərə hörmətlə yanaşmalıdır. O cümlədən, Əli İnsanov və digər siyasi, vicdan məhbusları təcili surətdə azadlığa buraxılmalıdır. Düşünürəm ki, ölkə rəhbərliyi bu işin ciddiliyinin fərqindədir və yaxın zamanlarda yeni əfv fərmanı gözləniləndir.

- Qərb dövlətlərinin nümayəndələrinin Bakıya səfəri zamanı müxalif liderlərlə görüşündə nə üçün Eldar Namazov, o cumlədən “El” Hərəkatının üzvlərindən iştirak edən yox idi?

- “EL” Hərəkatı qurultaya hazırlaşır. Güman edirəm ki, məhz öz qurultayından sonra ciddi və əhəmiyyətli görüşlərdə iştirak etmək statusu qazanacaq.

- Eldar Namazovun Rauf Mirqədirovun işi ilə əlaqədar Baş Prokurorluğa çağırılaraq 2 saat ifadə verməsinin arxasında sizcə nə var?

-Baş prokurorluqda ifadə verməsini Eldar Namazov mətbuata açıqlayıb. Ancaq iltizama imza atdığından, nədən, yaxud da, nələrdən sorğu-sual olunduğunu geniş şərh etməyib. Ancaq mən bu fikirdəyəm ki, həm Baş Prokurorluq, həm də digər istintaq idarələri çox vaxt boş işlərlə məşğul olurlar. Bir çox hallarda qarpızı bomba zənn edirlər. Son vaxtlar L.Yunus, R.Mirqədirov və digərlərinin həbs olunması, dindirilməsi də bu qəbildəndir.

- El Hərəkatının keçirəcəyi qrultayın tarixi bəllidirmi və hansı hazırlıq işləri görülüb? El Hərəkatı da, sizcə Müsavat Partiyası kimi yer problemi ilə üzləşə bilərmi?

- Təssüf ki, mən EL hərakatının indiki fəaliyyəti, eləcə də qurultaya hazırlıq işlərinin nə yerdə olduğu barədə açıqlama verə bilməyəcəm. Biz qərara gəlmişik ki, mətbuata bu məsələlər haqda ancaq və ancaq E.Namazov açıqlama verə bilər.

- Sizcə Müsavat Partiyasının qurultayını keçirmək üçün resursları varmı və İsa bəyin də, qeyd etdiyi kimi, qurultaya 700-1000 nəfər adam toplamaq mümkün olacaqmı?

- Heç şübhəsiz ki, Müsavat Partiyasının resursları genişdir. Məncə, onlar istəsələr və imkan olsa, bir neçə min nəfərlə də qurultay keçirə bilərlər. Hər halda, mən müsavatçılara öz qurultaylarını istədikləri səviyyədə və əmin-amanlıqla keçirmələrini arzu edirəm.

- Son günlərdə deputat və məmur övladlarının avtoxuliqanlıq etmələrinin, maşınla adam vurmalarının və digər təəsüf doğurucu hərəkətlərinin şahidi oluruq. Sizcə onların bu hərəkətlərinə görə vəzifədə olan qohumları cavabdehlik daşımalıdırmı?

- Məmur və deputat balalarının hərəkətləri bütün əndazələri aşıb. Bu, sözün əsl mənasında qudurğanlığın təzahürüdür. Qanunla valideyin övlada görə məsuliyyət daşımasa da, mütləq şəkildə mənəvi məsuliyyət daşımalıdır. İlk baxışda bu qudurğanlıqlar kiçik məsələ kimi görünsə də, əslində əhalidə hakimiyyətə, onun təmsilçilərinə inamsızlıq, bəzənsə nifrət hissi yaradır. Məncə, ölkə başçısı belə eksentrik məsələlərin baiskarlarına barmaq silkələməkdənsə, əsaslı tədbir və iş görməlidir. Hamı əyani şəkildə Qanunların ayaqlar altında tapdanması praktikasına son qoyulmasını gözləyir. Özü də səbirsizliklə...

Ülkər Musazadə