Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun cəzalandırılan alimləri plagiatlıq ittihamına münasibət bildiriblər. Elmi məqalə oğurluğunda adları hallanan professor Ağadadaş Qafarov və dosent İlkin Soltanlı Teleqraf.com-a açıqlama veriblər.

Qeyd edək ki,  Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi "İqtisadiyyat" qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib. Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. İyunun 9-da İqtisadiyyat İnstitutunda keçirilən iclasda plagiatlıq edən alimlərin hərəkətləri pislənilib. Hər iki əməkdaş cazəlandırılıb. Müəlliflərdən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən çıxarılıb.

Professor Ağadadaş Qafarov məlum hadisədən sonra bərk sarsıntı keçirdiyini və xəstələndiyini deyir: "Bu mənə qarşı qurulan tələ idi. Mənim o yazıdan xəbərim yoxdur. Heç bilmirəm ki, mənim imzam ora necə düşüb? Mən Fatma Abdullazadənin qəbluna yazılmışam. Onunla görüşüb hər şeyi deyəcəm. Nə üçün qəzet plagiat məqalənin dərcinə şərait yaradıb. Xüsusi proqramlar var ki, məqalənin plagiat olub-olmadığını müəyyən edə bilir. Niyə həmin proqramlardan istifadə olunmayıb? Vaxtilə hakimiyyətə qarşı olan, AMİP-i dağıdan bir adam indi gəlib məni oğurluqda ittiham edib. Ziyad Səmədzadənin də mənimlə problemləri var. O da mənim adımın ləkələnməsində maraqlı olub. Mən bu işi belə qoymayacam. Professor adını alandan sonra mənə qarşı kampaniya başlayıb. İqtisad Universitetində Bədirxan Musayev mənimlə Şəmsəddin Hacıyevin arasını vurmağa çalışdı. Mən ağır seyidəm, Qurana da inanıram. Şəmsəddin Hacıyev əlini Qurana basıb and içdi ki, onun mənə qarşı heç bir qərəzi yoxdur, sadəcə Bədirxan Musayev aramızı vurub. Bu kampaniya bu gün də davam edir".

Plagiat məqalənin digər müəllifi İlkin Soltanlı qeyd etdi ki, səhhətilə bağlı məzuniyyətə çıxıb: "Mən Allaha inanan adamam. Qurana and olsun ki, məqalədə imzam formal xarakter daşıyıb. Yazının plagiat olub-olmadığını bilməmişəm. Professor Ağadadaş Qafarov dedi ki, rus dilində məqalə yazmışam, gəl, sənin də imzanı qoyum. Etiraz etmədim. Sonradan məlum oldu ki, yazı plagiat imiş. İclasda Ağadadaş Qafarov yazının əsas müəllifi olduğunu dedi. Ona görə də onu işdən çıxardılar, mənə isə töhmət verildi".

İqtisadiyyat İnstitutunun şöbə müdiri Tanrıverdi Paşa baş verənlərdən təəssüfləndiyini qeyd etdi: "İclas başlayana qədər mənim məsələdən xəbərim olmayıb. Elə bildim yazıya görə müəllifləri tərifləyəcəklər. Mən də çıxışa hazırlaşırdım. Sonra məlum oldu ki, sən demə, məqalə plagiat imiş. Çox təəssüf edirəm ki, belə hadisə baş verib. Hamı plagiatlıqdan danışır, amma görürsən ki, hərə bir cür oğurluq edir".

T.Paşa İnstitutun direktoru Nazim İmanova qarşı ittihamlara da münasibət bildirdi: "Nazim İmanov çox ləyaqətli, işini bilən adamdır. Təki bütün institutların rəhbəri Nazim İmanov kimi şəxs olsun".