Bir müddət əvvəl İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən birinciliklə məzun olan azərbaycanlı tələbə Günel Musayevanın "Altın Beyin"i fəxri adı ilə təltif edilməsi mərasimi zamanı çıxışının videosu yayılıb.
BakuPost.az xəbər verir ki, o, səlis nitqi və təsirli ifadələri ilə həm çıxışı canlı izləyənlərin, həm də sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb. G. Musayeva çıxışının sonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadəni və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkü xatırlayıb. Nitqini M. Ə. Rəsulzadənin "Bir kərə yüksələn bayaq, bir daha enməz” sözləri ilə bitirib.
Qeyd edək ki, Günel Musayevanın bacısı Xeyrənsə Musayeva da onunla birlikdə sözügedən universitetdən məzun olub. X. Musayeva isə universitet üçüncüsü seçilib. G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıblar. Eyni zamanda hər iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə oxumuş və orada da maksimum 4 not ortalaması əldə ediblər. Bu tələbələr 2012-ci ildə Azərbaycanda qızıl medal alaraq, ölkə birinciliyi ilə məzun olublar.
Onu da bildirək ki, Musayeva bacıları Azərbaycanın tanınmış siyasətçisi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin övladlarıdır.


Şərhlər