Nobel mükafatçısı: "Bir daha dünyaya gəlsəydim, müəllimlik peşəsini seçərdim"
Bu gün Nobel mükafatçısı, dünya şöhrətli türk alim Aziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bir qrup media nümayəndəsilə görüşüb. Görüşü UNEC-in rektoru, professor Ədalət Muradov açaraq Aziz Sancarı və mətbuat nümayəndələrini salamlayıb.
"AzPolitika.info"nun məlumatına görə, professor Ədalət Muradov son bir həftə ərzində Azərbaycanda çoxsaylı görüşlər keçirən Aziz Sancara təşəkkür edərək, onun Türk dünyasının qüruru olduğunu bildirib: "Aziz Sancarın anasından eşitdiyi və həyatda özü üçün əsas tutduğu gözəl bir kəlam var- "Qürurlu olmaq ancaq Allaha yaraşır, insan təvazökar olmalıdır". Aziz Sancar təvazökar bir insandır. Aziz Sancar elini-obasını, soyunu, millətini, dövlətini sevən böyük bir Türkdür, Türk oğludur. Aziz Sancar elmin ən yüksək səviyyəsinə yüksəlməyi bacarmış, Nobel mükafatı almış bir alimdir, elm fədaisidir. Və ən əsası bizim hər birimizin, bütün Türk dünyasının QÜRUR mənbəyidir. Yaxşı ki, Aziz hocam, Siz varsınız. Mən çox danışmaq istəmirəm, sözü Aziz hocam, Sizə vermək istəyirəm. Buyurun, ürəyinizdə nə sözünüz var, söyləyin".

Aziz Sancar xoş sözlərə görə UNEC-in rektoru, professor Ədalət Muradova təşəkkürünü bildirdi. Azərbaycana səfəri çərçivəsində çoxsaylı yadda qalan görüşlər keçirdiyini bildirərən Aziz Sancar zarafatla "Siz də mənim "anamı ağlatdınız", bir həftədir danışram" deyə çıxışına xoş əhval-ruhiyyə yaratmaqla başladı.
Sonra Bakıda Şəhidlər Xiyabını və əsrin əvvəlində Türkiyədən gəlib Azərbaycanda şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etməsindən danışdı. Şəhidlər Xiyabanının Azərbaycan xalıqının müstəqilliyinə nə qədər böyük önəm verdiyini tərənnüm etdirdiyini söylədi. Bakıda Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin isə iki ölkə xalqlarının qardaşlığını göstərdiyini vurğuladı. Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksində adları qeyd olunan şəhidlərin arasında doğulub boya-başa çatdığı Mardin vilayətindən olan şəhidin adına rast gəldiyini bildirdi.
A.Sancar Nobel mükafatçısı hansı mükafat almasından asılı olmayarq insanların vətənpərvər olmasını, vətənə bağlılığının vacib olduğunu diqqətə çatdırdı. Hər birimizin türk dünyasının ümumi mənfəətləri haqqında düşünməyimizin lazım olduğunu qeyd etdi. O, Azərbaycanda türkçülüyə olan bağlılıqdan, Türkiyəyə olan sevgidən çox məmnun qaldığını söylədi. "Bilmirəm hamı belədirmi, amma görüşdüyüm insanların hamısında türkçülük, Türkiyəyə məhəbbət gördüm. Bu da təbiidir. Türkçülük məhz Azərbaycanda yaranmışdır. Doğrudan da, bir millət, iki dövlətik. Bu birliyimizi daim qorumağımız, daha da irəli aparmağımız lazmdır. "

Sonra jurnalistlərin suallarını cavablandıran A.Sancar Bakını çox bəyəndiyini bildirdi: “Bakını çox sevdim, gözəl və səliqəli şəhərdir. Gözəllikdən ayrı, Bakının türk tarixində önəmli rolu var. Hesab edirəm ki, burada çox səmərəli görüşlər keçirdim. Təhsil naziri, AMEA prezidenti ilə görüşdüm. Azərbaycanın alimlərinin zəngin biliyə malik olduqlarının, çox faydalı işlər gördüklərinin şahidi oldum. Eyni zamanda Azərbaycanda müxtəlif universitetlərdə oldum, elm adamları ilə görüşlər keçirdim. Azərbaycan elm adamları geniş biliyə malikdirlər, çox gözəl işlər görürlər”.
Nobel mükafatçısı iqtisadçı olmasa da, Azərbaycan Dövlət Universitetində görüşdüyü iqtisadçı alimlərin çox dəyərli elm adamları olduqlarını bildirdi: "Ədalət müəllim başda olmaqla, hər biri öz sahəsində çox dəyərli, savadlı alimlərdir. Elmin inkişafı sahəsində çox mühüm işlər həyata keçirilir. Düşünürəm ki, yaxşı nəticələri olacaq.
Bakı Dövlət Universitetində kimya labaratoriyasında oldum. Çox yaxşı təşkil olunub. Azərbaycanda nano-texnologiyalar sahəsində çalışan elm insanlarının işlərini də çox bəyəndim. Yeni texnoligiyalarla işləyən Azərbaycan elm adamlarının gördüyü işlərin dünya elminin inkişafına böyük töhfələr verəcəyinə əminəm".
Nobel mükafatçısı diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında danışıb. Jurnalistlərin suallarını cavablandıran A.Sancar bildirib ki, bu gün hələ də diabet və xərçəng xəstəliyinin müalicəsi tam olaraq tapılmayıb.
O qeyd edib ki, insanlar bu xəstəliklərə tutulmamaq üçün qabaqlayıcı tədbirlər görməli, sağlam həyat tərzi yaşamalıdır: “Diabet xəstəliyinin əsas səbəbi köklükdür. İnsanların maaliyyə vəziyyəti yaxşılaşdıqca, onlar çox yeməyə başlayır və kökəlirlər ki, nəticədə diabet xəstəsi olurlar. Ancaq bu xəstəliyin müalicəsi tam mümkün olmasa da, insanlar dərman qəbul etməklə və qidalanmalarına diqqət yetirməklə öz normal həyatlarına davam edə bilərlər”.

Nobel mükafatçısı hesab edir ki, köklük baxımından Azərbaycanda vəziyyət yaxşıdır: “Burada o qədər də çox kök insan görmədim”.
Xərçəng xəstəliyinə gəlincə isə, A.Sancar bildirib ki, dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkmək səbəbindən baş verir. O qeyd edib ki, qalan faizi üzərində dünya alimləri çalışır: “Dünya alimləri xərçəng xəstəliyinin müalicəsi üzərində çalışır və müəyyən uğurlar əldə edirlər. Ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”.
A.Sancar bildirib ki, sağlam həyat tərzi yaşamaq, istənilən xəstəliyi önləyən addımdır: “Sağlam həyat tərzi yaşamayıb sonradan hər hansı bir xəstəliyə tutulduqdan sonra sağlam həyat yaşamağa başlaması effektiv olmur. Misal üçün biri 30 il siqaret çəkib xərçəng xəstəliyinə tutulur, sonra deyir ki, mən siqaret çəkməyi buraxıram. Təbii ki, xəstəliyə tutulduqdan sonra siqaretin tərkidilməsi, xərçəng xəstəliyini sağaltmır, bunu əvvəldən etmək lazım idi. Düzdür, xəstəliyə tutulduqdan sonra müalicə və sağlam həyat tərzi müəyyən köməklik edir, ancaq sağlamlıq tam bərpa olunmur. Ona görə də, insanlar öz sağlamlıqlarının qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmalıdırlar”.
Son illərdə, texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, bu iddiaları sübut edəcək bir dəlil yoxdur.
Ömrünü elmə həsr edən alim "Bir daha dünyaya gəlsəydim, müəllimlik peşəsini seçərdim" deyə bildirib: “Müəllimlik, həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edirlər”.
Nobelin əsas meyar olmadığını vurğulayan alim, bu mükafatı almadan belə adının dərsliklərdə qeyd olunduğunu bildirib: “1982-ci ildən adım biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Məsələn, riyaziyyat üzrə Nobel mükafatı təqdim edilmədiyindən Lütfi Zadə bu mükafatı almayıb. Amma mən əminliklə sizə deyə bilərəm ki, Lütfi Zadə Nobeldən böyükdür. Mən onun kəşfi ilə iyirmi il öncə tanış olanda heyrətə gəlmişdim”.
Görüşün sonunda A.Sancar Azərbaycanda olmaqdan bir daha məmnun olduğunu bildirib: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram!”.

UNEC-in rektoru, professor Ədalət Muradov isə Aziz Sancara üzərində yalnız Şusada bitən "Xarı bülbül" gülünün təsviri olan qalstuk bağışladı. Və Nobel mükafatçısından Qarabağ işğaldan azad edildikdən sonra Şuşada da belə bir görüş keçirməyin sözünü aldı.
Sonda Nobel mükafatçısı Aziz Sancar və UNEC-in rektoru, professor Ədalət Muradov media təmsilçilərilə xatirə şəkili çəkdiriblər.
İ. İsmayılbəyli
AzPolitika.info















Şərhlər