Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi köçkünün evindən oğurluq etməkdə təqsirli bilinən Kamran Cəbiyev, Səbuhi Tağıyev və Murad Muradovun məhkəməsi başlayıb.Teleqraf.com xəbər verir ki, ittihama görə, ötən il yanvarın 10-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Akif Həmzəyevin evinə basqın edilib. Üç nəfər maskalı evə daxil olaraq Akif Həmzəyevə çoxsaylı bıçaq zərbələri endiriblər. Sonra içərisində 650 min manat olan seyfi qarajda olan "VAZ-2121" markalı avtomobilə qoyaraq qaçırıblar.
İstintaq orqanı cinayəti törədənləri bir neçə ay tuta bilməyib. Həmin ilin aprelində keçirilən əməliyyat nəticəsində dəstənin iki üzvü yaxalanıb. Cinayət hadisəsindən təxminən 3 ay sonra iş adamının evində baş vermiş cinayətlə bağlı Kamran Cəbiyev və Səbuhi Tağıyev Salyan rayonu ərazisində idarə etdikləri "BMW-X5" markalı avtomobildə tutulublar. Onlardan 5 qramdan artıq marixuana aşkar edilib. Daha sonra isə Akifin evini onlara nişan verən Murad Muradov tutulub.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar gülçülük təsərrüfatı ilə məşğul olan Akif Həmzəyevin evinə basqın planları və əldə etdikləri pulları hara xərclədikləri barədə danışıblar.
Kamran Cəbiyevin sözlərinə görə, Akif Həmzəyevin villasında pulun olması haqda məlumatı Murad Muradov çatdırıb. Evə girməyi Səbuhi Tağıyev təklif edib: "Bir neçə gün evə necə girmək barədə düşündük. Nəhayət, yolunu tapdıq. Evin ikinci mərtəbəsinin nəfəsliyindən içəri daxil olduq. Dərhal Akif Həmzəyevi yatağından qaldıraraq əl-qolunu bağladıq, ağzını "skoç"ladıq".
Təqsirləndirilən şəxsin sözlərinə görə, pulun yerini öyrənmək üçün bıçaqla ev sahibinə zərbələr vurublar, üstünə silah çəkiblər: "Öldürüləcəyindən qorxan Akif Həmzəyev pullarını yerini söylədi. İçi dolu pulla seyfi "VAZ-2121" markalı avtomobilə qoyaraq oradan qaçdıq".
Kamran Cəbiyev onu da əlavə edib ki, seyfi sındıraraq içərisində olan 650 min manat pulu öz aralarında bölüşdürüblər.Pula "BMW-X5", "Range Rover", torpaq sahələri, mənzil, hətta avtomobillərinə sonu "90", "666" olan dövlət nömrə nişanları alıblar. Kamran Cəbiyev deyib ki, pulun qalan hissəsini isə əyləncəyə xərcləyiblər: "Birlikdə Dubay şəhərinə istirahətə getdik. Cinayət yolu ilə əldə etdiyimiz pulu əyləncələrə sərf elədik".
Oğrular hətta bahalı yaxtanın bir sutkalıq kirayəsi üçün 7 min dollar pul ödəyiblər və kef çəkiblər. Kamran Cəbiyevin sözlərinə görə, Dubay səfəri başa çatandan sonra Azərbaycana gəliblər. Azərbaycanda bir neçə gün gəzdikdən sonra polis tərəfindən həbs olunublar. O, deyib ki, xərclədiklərindən başqa qalan pul və cinayət yolu ilə aldıqları əmlaklar polis tərəfindən müsadirə olunub.
Səbuhi Tağıyev və Murad Muradov da Kamran Cəbiyevin ifadəsinə uyğun danışıblar. Səbuhi Tağıyev əlavə edib ki, cinayəti törətməmişdən əvvəl bir xeyli borcu olub. Akif Həmzəyevin evindən qaçırdıqları maşını borclu olduğu şəxsə verib: "Mən borcumu bağlamaq üçün maşını borclu olduğum şəxsə verdim. İstintaq zamanı mənə məlum oldu ki, həmin şəxs maşını başqa birinə satıb".
Zərərçəkmiş Akif Həmzəyev ifadəsində hadisəni danışıb: "Əvvəlcə pulun yerini demək istəmədim. Bu zaman məni bıçaqla vurdular. Qorxuya düşdüm və özümü xilas etmək üçün pulun yerini onlara dedim. Onlar gedəndən sonra Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxladım və hadisə barədə məlumat verdim. Yaralı olduğum üçün xəstəxanaya müraciət etdim və müayinə olundum".
Akif Həmzəyev məcburi köçkün olduğunu, həmin pulu öz zəhməti ilə qazandığını deyib. Məhkəmə iclası şahid ifadələri ilə davam etdiriləcək.
- See more at: http://teleqraf.com/news/10047#sthash.yXqZo2Be.dpuf

Şərhlər