Azərbaycanın vətəndaş cəmiyyəti fəalları hüquq müdafiəçisi, “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun həbsi ilə bağlı etiraz bəyanatı yayıblar. "Azpolitika"nın elektron poçtuna daxil olmuş bəyanatı təqdim edirik:

"2007-ci ildə qeydiyyata alınmış “Demokratiyaya Yardım” İctimai Birliyi Salyan və ətraf rayonlarda vətəndaşların sosial və ekoloji problemlərinin həlli ilə məşğuldur. Yerlərdə həllini tapa bilməyən problemlərin həlli üçün Birliyin rəhbəri Emil Məmmədov dövlət başçısına və digər aidiyyatı orqanlara müraciət edirdi.

2013-cü ilin dekabr ayında Salyan rayonunda ictimai vəsaitlərin xərclənməsində qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanladığı rəsmi şikayətlərdən sonra “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən rayon toplantılarında “xalq düşməni” elan edilib.

04 aprel 2014-cü il tarixdə Birliyə yeni üzv olmuş Tofiq Qasımov qondarma ittihamla (xuliqanlıq maddəsi ilə) həbs edilib. Aprelin 7-dən başlayaraq, icra başçısının göstərişi ilə Salyan rayon Polis Şöbəsində Birliyə qarşı cinayət işi açılıb. Belə ki, o, büdcə təşkilatlarının rəhbərlərini zorla polisə çağıraraq Birliyə qarşı ifadə verməyə məcbur edib. Nəticədə birdən-birə rayon icra başçısının təhriki ilə 13 nəfər rayon polis şöbəsinə gələrək təşkilata 4 ay bundan əvvəl üzv qəbul edilmiş Tofiq Qasımovdan zərərçəkmiş qismində şikayət edib. Daha sonra rayon polis şöbəsində Tofiq Qasımova hədə-qorxu gəlməklə Emil Məmmədovun əleyhinə ifadə alınıb. Həmçinin Salyan RİH başçısı Tahir Kərimovun yaxın qohumları- Salyan rayon Telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov və Salyan rayon Maliyyə şöbəsinin müdiri Mahir Kərimov Emil Məmmədova qarşı şahidlik edib.

Nəticədə Emil Məmmədov 13 May 2014-cü il tarixində Salyan rayon polis şöbəsinə çağrılaraq, qanunsuz olaraq Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə ittiham olunaraq məsuliyyətə cəlb olunmuş, ertəsi gün Salyan rayon məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Hüquq müdafiəçisinin təqsirli hesab edildiyi Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid olmaqla, 5 ildən 10 ilədək azadlıqlıqdan məhrumetmə cəzasını özündə ehtiva edir.

“Demokratiyaya Yardım” İctimai Birliyi cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərin hüquqlarının müdafiəsinə qalxıb. Rəhbərlik etdiyi QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələrində iştirak edib. Bütün bunlar yerli hakimiyyəti çox qıcıqlandırıb və ona qarşı təqib kampaniyası başlayıb.

Emil Məmmədov ziyalı, yüksək mənəviyyat sahibidir. Onun fəaliyyəti sayəsində yod zavodunun administrasiyası ilə Neftçala yerli icması arasında ətraf mühitin qorunmasına, Salyanda neft mədəni ilə yerli icma arasında yerli infrastrukturun və ekologiyanın inkişafına dair sazişlər bağlanıb, Bakı-Ələt yolunun inşası zamanı yerli neftçilərin, işçilərin hüquqları müdafiə edilib. Bakı-Ələt yolunun inşası zamanı aşkar edilmiş bardaq şəklində qədim arxeoloji tapıntıların fəhlələr tərəfindən məhv edilməsinin qarşısı E.Məmmədovun sayəsində alınıb və həmin tarixi mədəniyyət abidələri Milli Elmlər Akademiyasına verilib. E.Məmmədov hüquq müdafiəçisi olaraq 2010-cu ildə Salyan rayonunda baş vermiş sel daşqınlarının nəticələrinin aradan qaldırılmasında da mühüm rol oynayıb. Onun icra hakimiyyəti ilə əməkdaşlığı sayəsində çoxlu problemlər, əsasən kompensasiyaların verilməsi, sakinlərin evlə təmin olunması, Kür çayı məcrasının təhlükəsizliyi kimi bir çox məsələlər həllini tapıb.

Fəaliyyət göstərdiyi müddətdə o fədakarlığı və insansevərliyi ilə nəinki Salyan rayonunda, hətta bütün Aran zonasında insanların rəğbətini qazanıb.

Hesab edirik ki, Emil Məmmədovla bağlı qondarma ittihamların irəli sürülməsi və onun həbs olunması Salyan RİH başçısının korrupsiya fəaliyyətinin hüquq müdafiəçisi tərəfindən ifşa olunması ilə bilavasitə əlaqəlidir. Həmçinin, hüquq müdafiəçisinin şərlənərək cinayət məsuliyyətinə cəlb olunması və həbsə atılması vətəndaş cəmiyyəti instututlarının susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir.

Biz, aşağıda imza edən Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsini pisləyir, onun dərhal həbsdən azad olunmasını tələb edirik. Beynəlxalq təşkilatları onun hüquqlarının müdafiəsi istiqamətində fəal mövqe nümayiş etdirməyə çağırırıq.

Biz eyni zamanda dövlət başçısını Salyanda korrupsiya faktları və büdcə mənimsəmələri barədə Emil Məmmədovun ona ünvanladığı məlum müraciətin araşdırılması üçün müvafiq orqanlara lazımi göstərişlər verməyə çağırırıq.

Biz hüquq- mühafizə orqanlarını, Salyan rayonunda baş verməkdə olan çoxsaylı korrupsiya hallarını və küllü miqdarda büdcə vəsaitlərinin qanunsuz olaraq mənimsənilməsi barədə Emil Məmmədovun müraciətində göstərilən faktlari araşdırmağa çağırırıq.

Biz inanırıq ki, E. Məmmədov günahsızdır. O həbsdən azad edilməli, onu şərləyib həbs edənlər məsuliyyətə cəlb olunmalıdır."

İmzalar;

Mehman Əliyev, Turan İA direktoru

Esmira Əsədullayeva, Vətəndaş Nəzarəti Şəbəkəsinin koordinatoru

Oqtay Gülalıyev, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri

Nəsrulla Nurullayev, “Ahıl” Ziyalılara Qayğı İB sədri

Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəsinin sədri

Rəsul Cəfərov, Huquqi Mudafiə və Maarifləndirmə Cəmiyyəti

Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İB sədri

Elçin Abdullayev, Demokratik Təsisatlar və Insan Hüquqlari İB sədri

Elşən Həsənov, keçmiş siyasi məhbus, hüquq müdafiəçisi

Hafiz Həsənov, Hüquq və İnkişaf İB sədri

İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri

Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri

Əhməd Abbasbəyli, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri

Azər Rəsul, Mülki Cəmiyyət üçün Hüquq Təşəbbüsü İB sədri

Samir Kazımlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB koordinatoru

Əlibəy Zeynallı, “Aran” İnsan Hüquqları Resurs Mərkəzi

Şükür İzzətoğlu, Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi İB-nin sədri

Leyla Əliyeva, “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İB

Lətafət Məlikova, Regional İnsan Haqları və Maarifləndirmə İB

Mətanət Əzizova, “Qadın Krisis Mərkəzi” İB

Xalid Kazimov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri

Yaşar Ağazadə, Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi sədri

Fikrət Cəfərov, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri

Asabali Mustafayev, Demokratiya və Insan Hüquqları Resurs Mərkəzinin prezidenti

Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun sədri

Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri

Rəşid Hacili, Media Hüququ İnstitutu

Fikrət Cəfərli, “İnsan Hüquqları və Qanunların Təbliği ” ictimai birliyi

Vuqar Həsənli, Demokartik Təşəbbüslər və Sosial İnkişaf İB-nin sədri

Sadiq Həsənov, “Sağlam həyata doğru”Ekoloji İctimai Birliyinin sədri

Rövşən Hacıyev, “Azadlıq” qəzetinin redaktoru

Emin Hüseynov, RATİ sədri

Aslan Vəliyev, Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri

Nəsrəddin Kərəmov, “Aran” Ekoloji Maarifləndirmə İB sədri

Mübariz Tağıyev, "Mədən Sənayesində İnsan Haqqları" İB sədri

İmranova Aytəkin, "İslam,Demokratiya və insan haqları" Mərkəzinin sədri

Novella Cəfəroğlu, Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri

Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri

Məhəmməd Talıblı, İqtisadi Təhlil İnstitutunu sədri

Razi Nurullayev, “REGİON” Beynəlxalq Analitik Mərkəzin sədri

Şaban Nəsirov, İnsan Haqları- 2003 İB sədri

Məhbub Zülfüqarlı, müstəqil jurnalist

Lazım Umudov, “Aran” Regional İnsan Haqları İB sədri

Müstafa Axundov, Sosial Təşəbbüslər və İnsan Hüquqları İB sədri

Fuad Hüseynov, müstəqil jurnalist, keçmiş siyasi məhbus

Taleh Xasməmmədov, hüquq müdafiəçisi, keçmiş siyasi məhbus

Rafik Təmrazov, Bərabər İmkanlar Mərkəzinin sədri və digərləri