Uorlik narahat olur və ümid edir
“Bu münaqişənin hərbi yolla həlli yoxdur”. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Trend”ə belə deyib. O qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Fransa lideri Fransua Olandın Parisdə görüşmək təklifinə razılaşacağına ümidlidir.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulması hallarına münasibət bildirən Uorlik qeyd edib ki, həmsədrlər tərəfləri sülh prosesinə xələl gətirən və gərginliyin artmasına səbəb ola biləcək əməllərdən və ritorikadan uzaq olmağa çağırır: "Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu kimi təxribatlar regiona firavanlıq və təhlükəsizlik gətirə biləcək sülh istiqamətində irəliləyişi ləngidir”.
1991-1993-ü illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini və daha 7 rayonunu tam və ya qismən işğal edərək faktiki olaraq özünə birləşdirib. Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri üzrə aparılır. Həmin prinsiplər Dağlıq Qarabağa keçid statusu verilməsini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi nəzərdə tutur. Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdiriləcək, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun cənubundakı 13 kənddən çıxarılacaq. Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılacaq./Media forum


Şərhlər