Xəbər verdiyimiz kimi, oktyabrın 25-də "Az-nar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə "Az-nar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
Ancaq "Aznar" QSC-nin Direktorlar Şurasının sədri, Fərhad Əhmədovun qardaşı Teymur Əhmədovun "AzPolitika.info"y göndərdiyi məktubda xəbər təkzib edilib. Məktubda deyilir:
"“Aznar” QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının çağırılması ilə bağlı "Xalq qəzeti"nin 22 sentyabr 2017-ci il tarixli sayında dərc edilmiş elanda redaksiya tərəfindən texniki yanlışlığa yol verilib.
Diqqətinizə çatdırırıq ki, ləğv edilməsi üçün səhmdarların ümumi yığıncağının müzakirəsinə çıxarılan hüquqi şəxs Teymur Əhmədov adına “Aznar” QSC (VÖEN: 6000083631 ) deyil, onun törəmə hüquqi şəxsi olan, əvvəllər “Göyçay Toxucu” ASC adı ilə fəaliyyət göstərmiş və sonradan adı “Az-nar” QSC (VÖEN: 6000162701) olaraq dəyişdirilmiş olan hüquqi şəxsdir.
Sözügedən yığıncağın Teymur Əhmədov adına “Aznar” QSC-nin Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulduğuna görə, bir sıra kütləvi informasiya vasitələrində çaşğınlığa yol verilib. Və Teymur Əhmədov adına “Aznar” QSC-nin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.
Bununla əlaqədar olaraq həmin məlumatları təkzib edir və yuxarıda qeyd edilənləri nəzərə almaqla oxucularda düzgün təsəvvür yaradılması üçün məlumat dərc etməyinizi xahiş edirik".
***

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

Şərhlər