Elman Məmmədov: “Rusiyanın belə bir addım atacağını ehtimal etmək olar”
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya prezidenti Vladimir Putinin rolu olacağına ümid etdiyini bildirib. Deputat Elman Məmmədov AzPolitika.info-ya açıqlamasında Allahşükür Paşazadənin “Ümüd edirik ki, Putin Dağlıq Qarabağı geri qaytarmağa yardım edər” sözlərinə münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın belə bir addım atacağını ehtimal etmək olar:
"Rusiya Ermənistanla münasibətdə Azərbayacana qarşı yol verdiyi ədalətsizlikləri və haqsızlıqları aradan qaldırmaq məqsədi ilə irəli xoşməramlı və ədalətli addım atarsa və Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müəyyən fəaliyyət göstərərsə bu mümkün ola bilər. Lakin qeyd edim ki, bu gün Rusiyanın bir məqsədi var, o da Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaqdır. Bu gün Rusiya Avropanın, eləcə də, dünyanın enerji təhlükəsizliyi proqramlarında və başqa beynəlxalq proqramlarda olduqca mühüm rol oynayan Azərbaycan kimi tərəfdaş qazana bilər. Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır və mehriban qonşuluq siyasəti aparılır. Lakin hamıya məlumdur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır. Çünki torpaqların işğalında Rusiyanın ya birbaşa, ya da dolayısı yolla əlaqəsi olub. Rusiyadan əvvəl Sovet hökumətinin, ondan sonra isə Rusiyanın Ermənistan tərəfdən müəyyən mənada əlaqəsi olub. Ona görə də, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər olarsa, bu Azərbaycan-Rusiya arasındakı münasibətlərin daha da güclənməsi və genişlənməsi ilə nəticələnəcək. Rusiya Azərbaycanın timsalında özünə etibarlı bir tərəfdaş qazanmış olacaq. Düşünürəm ki, bu yalnız alqışlanmalı bir hərəkət olar. Amma təbii ki, əgər olarsa”.
Ülkər Musazadə

Şərhlər