Bir müddət əvvəl millət vəkili Rəbiyyət Aslanovanın nəzarətinə keçdiyinə dair xəbərlər yayılan Demokratik Azərbaycan Dünyası Partiyasında yeni qarşıdurma yaranıb. İnterpress.az-a daxil olan məlumata görə, sədr Fatma Əliyeva qurumda yeni idarəetmə üsulu yaradıb. Belə ki, partiya sıralarına daxil olmağın xüsusi qayda-qanunları tətbiq edilir. Bu qaydalara əsasən ancaq sədr Fatma Əliyevaya xüsusi yaxınlığı ilə seçilən şəxslər partiyaya gətirilir. Onsuz da üzvlərinin sayı çox olmayan partiyanı kütləvi şəkildə tərk edənlərin olduğu bildirilir. Partiya sədri Fatma Əliyeva isə bu məlumatların yayılmasında mətbuat xidmətinin keçmiş rəhbəri Esmira Şükürovanı günahkar bilir.
F.Əliyevanın İnterpress.az-a verdiyi məlumata görə, E.Şükürova bəzi əməllərinə görə partiyadan kənarlaşdırılıb: "Deyir ki, güya bizim partiyada qarşıdurma var, çoxlu üzvlər partiyanı tərk edir. Onun dediyinə görə, İdarə Heyəti daha bir nəfəri partiyadan kənarlaşdırıb. Ancaq o adamın kimlyini heç biz özümüz də bilmirik. İdarə Heyəti belə qərar verməyib. Mən iş adamıyam. Bütün dünyanı gəzirəm, heç yerdə belə qarayaxma yoxdur. İdarə Heyəti 2 günə toplaşacaq və bunlara cavab veriləcək. Biz Esmira Şükürovanın telefon danışıqlarını çıxartmışıq. Ordan bəllidir ki, o bizimlə bağlı kimlərə nə sifariş verib".
E.Şükürova isə bu ittihamları qəbul etməyərək F.Əliyevanı partiyada bazar şəraiti yaratmaqda günahlandırıb: ""Fatı qalx, fatı otur" qaydasına riayət etməyən üzvlər dərhal partiya sıralarından qovulurlar. Siyasi-ictimai fəaliyyətdən kənar olan partiyanın əsas iş prinsipi üzvlər arasında dedi-qodu, cadugarlıq, fitnə-fəsad, şər və böhtan və bir də pul yığmaqdan ibarətdir. Bir sözlə bazar mühiti..."
Qeyd edək ki, DADP bir müddət əvvəl də qarşıdumalarla gündəmə gəlmişdi. Prezident seçkiləri öncəsi özünü partiyanın sədri elan edən Sevda Xurşudova ölkədən deportasiya edilmişdi. Yeni sədr Fatma Əliyevanın isə millət vəkili Rəbiyyət Aslanovanın qohumu olduğu və partiyanın əslində deputata məxsus olduğuna dair məlumatlar yayılmışdı.

Şərhlər