Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov çalışdığı Bakı Şəhər Təcili Yardım Stansiyasında işdən çıxarılıb. Modern.az xəbər verir ki, bu haqda H.Rüstəmov özü məlumat verib.
Onun sözlərinə görə, beş il işlədiyi və kiçik bir nöqsana belə, yol vermədiyi Bakı şəhər təcili yardım stansiyasında həkim işindən sifarişlə azad edilib: "Əmrimi ala bilməsəm də, məni işə buraxmamaqla bağlı tapşırıq aldıqlarını bildirdilər. Bu addımı siyasətlə uzun müddət məşğul olan bir şəxs kimi, yaxşı anlayıram və qətiyyən narahat deyiləm.
Rəhmətlik müəllimim Bəybala Abasov həmişə bizə deyirdi ki, həkimlik çəkməçilik, dülgərlik və s. kimi bir sənətdir. Harada insan varsa, orada bu sənət sahiblərinə ehtiyac var. Yəni həkim heç vaxt ac qalmaz.
Sifarişçilərə isə demək istədiyim budur: Halal zəhmətimizlə, min bir əziyyətlə balamıza quru çörək yedirtməyə imkan verməməklə, nə demək istəyirsiniz?!..."
Həsrət Rüstəmov belə təzyiqlərin onu yolundan döndərə bilməyəcəyini də bildirib: " Heç nəyə nail ola bilməyəcəksiniz! Nə məqsədiniz varsa, çox yaxşı başa düşürük, planlarınız puç olacaq. Biz ölkəmizdə xaosa və başıpozuqluğa dəstək vermərik, qərarlarımızl həmişə olduğu kimi düşünüb verəcəyik..."
O, işdən çıxarılması ilə bağlı qərarın sifarişlə verildiyini də qeyd edib: "Bir də bilməlisiniz ki, apardığımız siyasi mübarizədə çox itkilərə məruz qalmışıq. Dostlarımız bu yolda şəhid olub, uzun müddətli həbs yatıb, şəxsi faciəyə düçar olublar. Mənim itirdiyim bunların müqabilində heç nədir. Amma yenə də sizə deyirəm, mən nə vaxtsa iş tapacağam, siz sifarişçilər isə itmiş vicdanınızı heç vaxt tapmayacaqsınız!..."


Şərhlər