Son vaxtlar başı qalmaqallardan ayılmayan, adı Avropa mətbuatının səhifələrindən düşməyən ekstravaqant milyarder, nəqliyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasının şəriklərindən olan Hafiz Məmmədov (“Hafka”) nəhəng borcların altında əzilir.
“Hafka”nın sahibi olduğu “Bakı” klubunda xeyli müddətdir davam edən maliyyə böhranı onun ortaqlarının işə qarışmasına və qalmaqallı biznesmenlə haqq-hesab çürütməsinə səbəb olub. Xəbərə görə, iyunun 28-də “Bakı” futbol klubu rəhbərliyinin fövqəladə toplantısı keçirilib. İclasda klubun səhmlərinin yenidən bölüşdürülməsi məsələsi əsas müzakirə mövzusu olub.
“Bakı” klubundakı mənbələrdən virtualaz.org saytına məlum olub ki, klubun “Hafka”dan alınması prosesi bu iclasda əsasən yekunlaşıb. Nəticədə klubun səhmlərinin 90-95 faizi Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin nəzarətinə keçib.
Mənbələr bildirir ki, C.Hacıyev “Hafka”nın ona olan borcunun bir hissəsini belə bağlayıb. Belə ki, H.Məmmədovun Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olduğu və oliqarxın bu borcu qaytarmaq iqtidarında olmadığı bildirilir.
“Bakı”nın Anar Məmmədovla C.Hacıyev arasında hansı proporsiyada bölüşdürüləcəyi bəlli deyil. C.Hacıyev həm də Zaqatalanın “Simurq” və Bakının “İnter” klublarının sahibidir.
Mənbə onu da bildirib ki, “Bakı” klubunda futbolçular və texniki işçilər 6 aydır maaş almır. Nəticədə klubun futbolçuların hər birinə 120-180 min dollar arası borcu yaranıb. Maaşlarını tələb edən futbolçular hər dəfə “Hafka” tərəfindən yalan vədlərlə aldadılıb. Onlara maaşların yaxın günlərdə ödəniləcəyi bildirilsə də vədlər yerinə yetirilməyib.
Lakin klubun “Hafka”nın ortağı (yaxud keçmiş ortağı), nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun və Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin mülkiyyətinə keçməsi heç də maaş böhranını həll etməyib.
Mənbənin məlumatına görə, klubun səhmlərinin “Hafka”dan alınmasından sonra Anar Məmmədov futbolçuların maaş tələbinə belə reaksiya verib: “Müqaviləni Hafiz Məmmədovla bağlamısınızsa, maaşınızı da ondan alın. Mənim bu günə qədərki maaşları ödəmək öhdəliyim yoxdur”.
“Bakı” klubu ətrafında baş verənlər bununla da bitmir. O da məlum olub ki, “Hafka” müqavilə bağladığı futbolçuların adına onların sənədlərindən istifadə etməklə müxtəlif banklardan kredtilər götürüb. Futbolçuların isə bundan xəbəri olmayıb. “Hafka”nın bank rəhbərləri ilə qurduğu bu tələ də indi üzə çıxır. Kredit verən banklar “Hafka”nın maddi vəziyyətinin pisləşdiyini bilən kimi adlarına “Hafka” tərəfindən kredit götürülmüş futbolçulara çağırış göndərib.
Futbolçular adlarına kredit də götürüldüyünü biləndə klubda daha böyük gərginlik yaranıb. “Hafka” bununla bağlı ittihamlar qarşısında yalnız bir söz deyib: “Hər şey yaxşı olacaq. Mən hələ Avropadakı futbol klubları ilə məşğulam. Sonra hər şeyi həll edəcəm”.
Xatırladaq ki, H.Məmmədovun biznesinin digər sahələrində də vəziyyət yaxşı deyil. Ona məxsus “Bank of Azerbaijan”da likvidlik problemi yaşanır və bank filiallarından bir neçəsini bağlamalı olub. Həmçinin H.Məmmədovun nəqliyyat sektorundakı işlərinin də yaxşı getmədiyi barədə məlumatlar var. Bir neçə ay əvvəl beynəlxalq reytinq agentlikləri H.Məmmədovun “Baghlan Group” şirkətlər qrupunun texniki defolt vəziyyətində olduğunu elan edərək ona reytinq verməyi dayandırıb. Nəticədə holdinqin maliyyə böhranından çıxa bilmək üçün xarici banklardan kredit cəlb etmək imkanı əldən çıxıb.
Buna baxmayaraq H.Məmmədov ötən ay İngiltərənin ikinci liqada oynayan “Şeffild Vednesdi” klubunu 50 milyon avroya alıb. Hərçənd ki, H.Məmmədov ötən il aldığı Fransa klubu “Lans”a vəd etdiyi 10 milyon avronu köçürə bilməyib və nəticədə klubun yüksək liqada oynamasına icazə verilməyib.
H.Məmmədov “Bakı”nın oyunçular kimi “Lans”ın prezidenti Jerve Marteli də quru vədlərlə yola salıb. H.Məmmədovun Azərbaycandakı biznesində bu cür böhran yaşandığı bir vaxtda onun İngiltərədə klub alması bəzilərinə görə, oliqarxın olan-qalan aktivlərini ölkədən çıxarmaq səyləri ilə izah oluna bilər.
Bəs Z.Məmmədov kimi güclü “krışası” olan, bu günlərdə verdiyi müsahibədə ona “atam” deyən H.Məmmədovun biznesi niyə çökür?
Ekspertlərin qənaətinə görə, bunun iki əsas səbəbi ola bilər. Birincisi, “Hafka”nın qüdrətli ortaqları ilə münasibətləri artıq əvvəlki kimi deyil və nəqliyyat nazirinin ailə biznes imperiyası onunla ortaqlıqdan çəkilir. İkincisi, H.Məmmədov biznesinin ən gəlirli sahəsindən - neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki H.Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı. (apasport.az)

Şərhlər