“Yeni Müsavat” qəzetinin kollektivi iyulun 4-də Nəqliyyat Nazirliyinin binası önündə piket keçirəcək.

Aprelin 25-də “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlu Bakıda döyülüb. Mayın 6-da polis jurnalisti döyən Feyruz Termişini tutub. “Yeni Müsavat”ın rəhbərliyi hesab edir ki, jurnalist deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun sifarişi ilə döyülüb. Fərahim İlqaroğlunun Aynar Məmmədovun Bakıda avtoxuliqanlıq etdiyini yazdığına görə qəzəbə gəldiyi vurğulanır. Qarşı tərəf Aynar Məmmədovun Fərahim İlqaroğlunun döyülməsinə, eyni zamanda onun hər hansı avtoxuliqanlığa aidiyyəti olduğu barədə iddiaları təkzib edib.

İyunun 30-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nəqliyyat Nazirliyinin binası önünə planlaşdırdıqları piketlə bağlı “Media forum” saytına açıqlama verib. Baş redaktor deyib: “Biz qanuna uyğun şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə piket keçirəcəyimiz haqda xəbərdarlıq məktubu göndərmişik. Göndərdiyimiz müraciətə cavab gəlməsinə ehtiyac yoxdur. Aksiya keçirərək Fərahim İlqaroğluna qarşı cinayət törətmiş dəstənin cəzalandırılmasını tələb edəcəyik. Bu aksiyanı “Yeni Müsavat” qəzetinin kollektivi olaraq keçiririk, lakin digər qəzetlərdən də dəstək olacaq”.

Rauf Arifoğlunun sözlərinə görə, Aynar Məmmədovun atası Elton Məmmədovla görüşmək təşəbbüsü olmayıb: “Deputat öz oğlu ilə bağlı müdafiə mövqeyi tutub. Onun oğlunun avtoxuliqanlıq etdiyi barədə çıxan xəbərlərdən sonra mətbuata verdiyi açıqlamaların hamısı müdafiə xarakterlidir, həm də qətiyyən həqiqəti əks etdirmir. Elton Məmmədov həmin avtomobillərin oğlu Aynara məxsus olmadığını desə də, sonradan jurnalistlər onu yol polisinin cərimə meydançasında görüblər. Bir müddət sonra aydın oldu ki, cərimə meydançasında olan avtomobil onun oğluna məxsusdur. Daha sonra Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı işin gedişində Aynar Məmmədovun istintaqa ifadə vermədiyini dedi. Sonra bunun da doğru olmadığı bilindi və nəqliyyat naziri Ziya Məmmədov da etiraf etdi ki, onun qardaşı oğlu Aynar Məmmədov Daxili İşlər Nazirliyində dindirilib.

Görünən odur ki, Elton Məmmədov öz oğlunu müdafiə edir. Onunla görüşsək belə, deyəcəkdi ki, bu işləri oğlu Aynar etməyib. Mən görüş təşəbbüsünü Elton Məmmədovdan gözləyirəm. Əgər biz böhtan, yalan yazırıqsa, oğlunun günahı yoxdursa, o gəlməlidir redaksiyaya, danışmalıdır, bizi inandırmalıdır ki, oğlunun heç bir günahı yoxdur. O bizi yalan yazmaqda ittiham edir, amma sonradan məlum olur ki, bütün yalanlar Elton Məmmədova məxsusdur”.

Bəs piket niyə Nəqliyyat Nazirliyinin qarşısına təyin edilib?

Rauf Arifoğlu bu suala cavabında bildirib: “Sadə bir səbəb var. Aynar Məmmədovu ona görə məsuliyyətə cəlb etmirlər ki, o, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Bu məsələdə qoruyucu fakt onun nazirin qardaşı oğlu olmasıdır. Aynar Məmmədov hər hansı bir sadə vətəndaş, yaxud hansısa müxalifət liderlərindən birinin oğlu, qardaşı oğlu olsaydı, həmin an Aynarı həbs edərdilər. Sadəcə nazirin qardaşı oğlu olması ona toxunulmazlıq gətirib. Ona görə də biz bu faktın üstünə gedirik, etiraz etməklə diqqəti ora yönəltmək istəyirik. Ölkədə jurnalistə sui-qəsd sifariş verilir, video görüntülər ortaya çıxır, cinayət işi açılır, amma cinayət açılmır. Biz buna diqqət cəlb etmək istəyirik”.