Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı Məmməd Əmin Rəsulzadənin adının bu təhsil müəssisəsinə qaytarılmasıyla bağlı mövzunu yenidən gündəmə gətirib. Müxtəlif səpkili təkliflər irəli sürülür.

Sabiq millət vəkili Alqış Musayev mövzu ilə bağlı "AzPolitika.info"-ya açıqlamasında xatırladıb ki, belə təkliflər vaxtaşırı gündəmə gətirilir. Amma bu məsələdə fikirlər həmişə haçalanıb, ortaq bir mövqe yoxdur və ümumiyyətlə, bu ziddiyyətli bir mövzudur. "Çünki bu fikrin tərəfdarları ilə bərabər kifayət qədər əleyhdarları da var. Mən özüm BDU-nun məzunuyam. M.Rəsulzadənin adının həmin universitetə verilməsi mənim təhsil aldığım illərə təsadüf edir. Deyim ki, bu addım elə o vaxt da birmənalı qarşılanmamışdı. O dövrü xatırlayanlar yəqin unutmayıblar ki, hətta Cümhuriyyət dövrünün baş naziri olmuş Xoyskinin qohumları bu barədə Xalq yazıçısı Anara müraciət də etmişdilər. Mətbuatda dərç edilən həmin məktubda BDU-nun təsis edilməsində Xoyskinin fəaliyyətindən söhbət gedirdi və vurğulanırdı ki, universitetə Xoyskinin adının verilməsi daha düzgün və ədalətli bir qərar olardı. Bu, əslində, BDU-ya Rəsulzadənin adının verilməsinə açıq-aşkar etiraz etmək idi. Və həqiqət naminə deyim ki, bu etiazda bir məntiq var".

A.Musayev hesab edir ki, BDU-nun yaradılmasını yalnız M.Rəsulzadənin adıyla və fəaliyyəti ilə bağlamaq düzgün deyil: "Həm də mən hesab edirəm ki, fundamental elmlərin tədrisi və tədqiqi ilə məşğul olan institutlara siyasi xadimlərin adının verilməsi düzgün praktika deyil. Belə təşəbbüslər heç də hər zaman uğur gətirmir. Həyat göstərir ki, təhsil müəssisələrinin imicinin siyasiləşdirilməsi uzunömürlü olmur. Digər tərəfdən, BDU-ya Rəsulzadənin və ya başqasının adının verilməsi hazırda gündəmdə deyil. Əgər nə vaxtsa belə bir zərurət yaranacaqsa, BDU-ya Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adının verilməsi daha məqsədəmüvafiq olar və əminəm ki, bu, əksəriyyət tərəfindən razılıqla və rəğbətlə qarşılanardı.

Həsən bəy vaxtilə yazırdı ki, iki arzum var, istərdim ki, bizim bir qəzetimiz və darülfünümuz olsun. O, birinci istəyini özü həyata keçirə bildi. İkinci arzusuna isə çata bilmədi. Onun ikinci arzusunu Xalq Cümhuriyyəti reallığa qovuşdurdu. Düzdür, BDU-nu Cümhuriyyətin yadigarı və övladı hesab edənlər haqlıdırlar.

Ancaq unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyəti onun qurucuları ilə birlikdə Zərdabi kimi dahilərin övladıdır”.