İyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə facebook fəalı Ömər Məmmədovun işi üzrə proses davam edib.
Prosesdə Ömər Məmmədovun vəkili Əlaif Həsənov son sözlə çıxış edib. Xalid Bağırov kimi, Həsənov da fəalın cinayət təqibində siyasi motivləri olduğunu, təqsirinin sübutu olmadığını bildirib və gəncə bəraət verilməsini xahiş edib.
Ə.Həsənov bildirib ki, Ö.Məmmədov facebookda “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına” satirik səhifələrin adminlərindən biri olduğuna görə təqib həbs edilib.
Vəkil qeyd edib ki, məhkəmə onun DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin (MCMBİ) təqsirləndirilən şəxsi və atasını gəncin siyasi fəaliyyətdən əl çəkməsi məqsədilə şantaj edən, onları polisə çağıran, fəalın kompüterini qanunsuz olaraq müsadirə edən əməkdaşlarının dindirilməsi haqqında vəsatətini təmin etməyib. Məhkəmə həmçinin mobil rabitə operatorundan Ö.Məmmədovun telefonuna gələn zənglər haqqında məlumat istənilməsi haqqında vəsatəti də təmin etməyib. Bu, MCMBİ əməkdaşlarının ona etdikləri zəngləri ortaya çıxarardı.
Bundan başqa, vəkilin sözlərinə görə, işdə çox sayda prosessual pozuntular var. Belə ki, saxlanma protokolunda Ö.Məmmədovun hansı müddət üçün saxlanıldığı göstərilməyib.
“Saxlanıldıqdan sonra ona vəkil ilə əlaqə saxlamağa imkan verməyiblər. Saxlanma haqqında qərarda Ö.Məmmədovun istintaqdan gizlənməsi ehtimalı haqqında əsaslar göstərilib. Baxmayaraq ki, bu əsaslar həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə aiddir ki, bu da polisin deyil, məhkəmənin səlahiyyətinə aiddir.
İstintaq iddia edir ki, Ö.Məmmədov uzun müddət qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu haqqında əməliyyat məlumatı əsasında saxlanılıb. Ö.Məmmədov Kiprdə təhsil aldığı halda polis bunu necə müəyyən edə bilərdi?
Narkotiklərin ekspertizasının aparılması haqqında qərar sənədin surəti verilmədən icra edilib və ona alternativ ekspertiza istəmək imkanı verilməyib. Narkoloji ekspertiza bir tərəfdən müəyyən edib ki, Ö.Məmmədov narkotik istifadəçisi deyil, digər tərəfdən isə onu qeydiyyata almağı tövsiyə edib.
Ö.Məmmədovun guya narkotik satması haqqında ittiham ümumiyyətlə, heç nəyə əsaslanmır. Hətta onun fiziki zorakılıq yolu ilə alınmış ilk ifadələrində narkotik satışı haqqında etiraf olmayıb. Belə olduğu zaman, onu hansı əsaslarla narkotik satışında ittiham edirlər?” – deyə vəkil sual verib.
Sonda vəkil Ə.Həsənov məhkəmədən Ö.Məmmədova bəraət verməyi xahiş edib.
Hakim Eldar Mikayılov növbəti iclası 4 iyul saat 14.00-a təyin edib. Həmin iclasda Ö.Məmmədov yekun sözlə çıxış edəcək.
Xatırladaq ki, iyulun 18-də dövlət ittihamçısı Ö.Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini istəmişdi. VHP üzvü olan Ömər Məmmədov yanvarın 24-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb.

Şərhlər