Cəmil Həsənli faktoru Prezidenti nisbətən demokratik seçki niyyətindən daşındırdı

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri günüdür. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərə 10 prezidentliyə namizədin adı daxil edilib: İqbal Ağazadə, İlham Əliyev, Araz Əlizadə, Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, İlyas İsmayılov, Fərəc Quliyev, Sərdar Məmmədov, Zahid Oruc.

Prezident seçkiləri üzrə 5491 seçki məntəqəsi, o cümlədən diplomatik nümayəndəliklərdə 218 müvəqqəti seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı 5 milyon 145 minə yaxındır.

MSK-nin məlumatına görə, seçkiləri 40 minə yaxın yerli və xarici müşahidəçi izləyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasına isə 300-dən çox beynəlxalq müşahidəçi daxildir.

Oktyabrın 9-da, - səsvermə günü səs verənlərin sayı barədə 5 dəfə rəsmi informasiya veriləcək: saat 10.00, 12.00, 15.00, 17.00, 19.00.

Məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqqında yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdiriləcək.

Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılacaq, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərəcək.

Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində MSK-nin saytında yerləşdiriləcək.

Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edəcək.

Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verəcək. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan edəcək.

Bundan sonra seçilmiş prezident 3 gün ərzində and içəcək və vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, oktyabrın 10-da ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyası seçkilərlə bağlı ilkin rəyini açıqlayacaq.(contact.az)

Təəsüf ki, son günlər əldə olunan məlumatlar hakimiyyətin bu dəfə də kütləvi saxtakarlığa hazırlaşmasından xəbər verir. Baxmayaraq ki, təxminən 2 həftə əvvələ kimi vəziyyət fərqli idi və hakimiyyətin bu dəfə kütləvi saxtakarlığa getməyəcəyinə müəyyən ümidlər yaranmışdı.

Əvvəla ona görə ki, İlham Əliyev Azərbaycan Konstitusiyasına, beynəlxalq demokratik hüquq normalarına zidd olaraq, üçüncü müddətə namizədliyini irəli sürdüyündən seçkilərin nisbətən demokratik keçirilməsi bir zərurətə çevrilmişdi. Bu vəziyyətdə İlham Əliyevin legitimlik qazanmasının yeganə yolu seçkilərin nisbətən demokratik keçirilməsindən keçirdi. Həm üçüncü müddətə namizəd olub, həm də seçkini kütləvi saxtalaşdırmaq Azərbaycanın Milli maraqlarına öldürücü zərbə olmaqla yanaşı, İlham Əliyevin diktator kimliyini də birməalı hala gətirməklə, mübahisəyə yer qoymayacaqdı. 

İkincisi, nisbətən demokratik seçki nəticəsində xalqdan mandat almağa nail olmaqla, İlham Əliyev "Köhnə qvardiyanın" - mafiyalaşmış məmur oliqarxiyasının asılılığından müəyyən qədər yaxa qurtara bilərdi. Bu, ona gələcəkdə islahatlar aparmaq şansını qazandırmaqla beynəlxalq və yerli ictimaiyyətin fikrini müsbətə doğru dəyişmək imkanı da verəcəkdi.

Nəhayət, nisbətən demokratik seçkilər İlham Əliyevin xarici güclərdən də asılılığını əhəmiyyətli şəkildə azaldardı. Bununla Azərbaycan son illərdə ərəb coğrafiyasında baş verən hadisələrdən sığortalana bilərdi.

Lakin əldə olunan məlumatlar İlham Əliyevin nisbətən demokratik seçki keçirmək niyyətindən daşındığını göstərir. Bunun bir səbəbi, şübhəsiz kimi Cəmil Həsənli faktoru ilə bağlıdır. Milli Şuranın vahid namizədi 20 günlük təbliğat kampaniyasınla özünü, sözün əsl mənasında QƏHRAMAN, CƏNGAVƏR kimi apardı və müşahidələrə görə, sabah yüz minlərlə seçici məhz Cəmil Həsənli faktoruna görə sandıq başına gedəcək və ona səs verəcək. Belə bir şəraitdə demokratik seçki Əliyev hakimiyyətini uçurumun lap kənarına doğru apara, ölkədə gözlənilməz proseslərin baş qaldırmasına səbəb ola bilər. Görünür İlham Əliyev hazırda belə bir risqi gözə almaq iqtidarında deyil.

İlham Əliyevin nisbətən demokratik seçkilərdən imtina etməsinin ikinci səbəbi belə bir varianta bəzi daxili və xarici güclərin imkan verməməsidir. Bu dairələr Azərbaycan prezidentinin onların asılılğından çıxmasına heç bir vəchlə imkan vermək niyyətində deyillər. Gözü kölgəli prezident (Saxtalaşdırma nəticəsində hakimiyyətdə qalan prezident) onlara hava-su kimi vacibdir ki, Azərbaycanı bundan sonra da rahatlıqla talaya bilsinlər.

Çox təəsüf ki, Azərbaycan xalqı növbəti dəfə öz taleyini müəyyənləşdirmək şansını əldən buraxmaqdadır. Lakin unutmaq lazım deyil ki, bir çox ölkələrdə məhz seçki saxtakarlığı üzərində başlayan etirazlar avtoritar hakimiyyətlərin sonunu gətirib.  

Rasim ƏLİYEV

AzPolitika.info