"Mərkəz.az saytının fəaliyyətinin bərpa olunub-olunmaması haqqında məlumatım yoxdur, amma mənim ora rəhbərlik edəcəyimlə bağlı xəbər doğru deyil".

Bunu İnterpress.az-a açıqlamasında keçmiş millət vəkili, adı Elşad Abdullayevlə rüşvət qalmaqalında hallanan Gülər Əhmədovanın azadlığa çıxdıqdan sonra mərkəz.az saytının fəaliyyətini bərpa etməsi barədə sualı cavablandıran Əhməd Şahidov deyib.

Keçmiş deputatın keçmiş köməkçisi həbsdən çıxdıqdan sonra onunla görüşmədiyini vurğulayıb: "Gülər xanımla görüşməmişəm. Mən 01 iyun 2011-ci il tarixdən 01 oktyabr 2012-ci il tarixinə qədər Milli Məclisdə çalışmışam və deputat köməkçisi olmuşam. Bu müddət ərzində çalışdığım deputatla mütəmadi ünsiyyət qurmaq mənim vəzifəmdir. O tarixdən sonra başqa işdə çalışdığım üçün həmin münasibətlər avtomatik olaraq dondurulur". Ə.Şahidov "O qadın" kitabının Gülər Əhmədovaya ithaf etməsi barədə də yayılan xəbərlərə "Mən heç bir deputata kitab həsr etməmişəm. Həm də mən insanların dar günündə yanında olmağa çalışıram, bu mənim həyat kredomdur" deyə münasibət bildirib.

Qanunun tələbinə əsasən təcridxanada G.Əhmədova ilə görüşməsinin mümkün olmadığını deyən Ə.Şahidov keçmiş deputata "xoş gəldin ziyarəti"nə getməməsini "Bizim dar gün anlayışımız bura qədərdir" deyə izah edib.