Vəkil Adəm Məmmədov: “Nazir Zakir Həsənov tabeliyində olan Şahin Sultanovla bir dəfədə olsun görüşməyi özünə sığışdırmadı”
Müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanov 2 ay əvvəl həbs olunub. Mətbuatdan da məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsi 23 aprel 2014-cü ildə Ş.Sultanovun barəsində 3 ay müddətində həbs qəti-imkan tədbiri seçib. Vitse-admiralın vəkili Adəm Məmmədov deyir ki, müvəkkillinin həbsi qərəzli və qanunsuzdur: “Şahin Sultanov adi bir insan deyil. 14 il müdafiə nazirinin müavini olub, HDQ-yə rəhbərlik edib. Vitse-admiral (general-leytenant) kimi yüksək rütbəyə layiq görülüb, vətən qarşısındakı xidmətlərinə görə “Azərbaycan bayrağı” ordenilə təltif edilib”.
Vəkil deyir ki, müvəkkilinin həbsinə hərbi prokuror Xanlar Vəliyev qərar verib: “Zakir Həsənov nazir təyin olunandan sonra özünə yeni komanda formalaşdırmaq istədi. Bu səbəbdən ağına-bozuna baxmadan, yəni insanın vətən və dövlət qarşısında uzun müddətli xidmətlərini nəzərə almadan işdən çıxartmağa başladı. Halbuki həmin kadrlardan çox səmərəli şəkildə istifadə etmək olardı. Z.Həsənov isə tamam başqa mövqe seçdi. Ş.Sultanov kimi vətən qarşısında 40 il qüsursuz xidmət etmiş bir insan haqda ali rəhbərliyə yanlış məlumatlar verərək işdən çıxarılmasına nail oldu. Sual olunur: - Zakir Həsənov nə yatdı ki, nə yuxu görə?
Yəni Z.Həsənov Ş.Sultanovla nə vaxt birlikdə oturub söhbət edib və ya vitse-admiralla bir yerdə nə qədər işlədi ki, onun çatışmazlıqlarını görə bildi. Nöqsanı yalnız birgə iş prosesində görmək mümkündür. Nazir kimi Z. Həsənov tabeliyində olan Ş. Sultanovla bir dəfədə olsun görüşməyi özünə sığışdırmayıb. Amma HDQ-nin komandanı haqda yuxarılara yanlış məlumat verməyi özünə sığışdırıb. Cəmiyyətə artıq Ş. Sultanovun qanunsuz həbs olunması məlumdur. Ş. Sultanovun həbsində Xanlar Vəliyevin maraqlı olması faktında həqiqət payı çoxdur. Ş.Sultanovun həbsi X.Vəliyevin xüsusi qərəzi nəticəsində baş verib. Çünki, indiyə qədər aparılan istintaq hərəkətlərinin heç birində Ş.Sultanovun hər hansı məsələdə cüzi də olsa, günahı təsdiq olunmayıb. İstintaq başdan-ayağa ehtimallar üzərində qurulub. Bunu sübut edəcək əlimdə xeyli dəlillər var və sübut olunur ki, istintaq hərəkətləri aparılarkən kobud qanun pozuntularına yol verilib. Məsələn 23 aprel 2014-cü ildə təqsirləndirilən şəxs Elxan Hacıyev özünə və hüquqlarını müdafiə etdiyim şəxsə qarşı ifadə vermişdir. Şahin Sultanovla Elxan Hacıyevin ifadələri arasında ciddi ziddiyyətlər yarandığından müstəntiq tərəfindən üzləşdirmə istintaq hərəkəti həyata keçirilib. Həmin üzləşdirmə istintaq hərəkətinin keçirilməsinə baxmayaraq, müstəntiq tərəfindən buna dair protokol tərtib olunmayıb. Yalnız video çəkilişdən istifadə olunub və sonradan üzləşdirmə istintaq hərəkətinin protokollaşdırılacağı müstəntiq tərəfindən bizə bildirilib. Şahin Sultanov barəsində həbs qəti-imkan tədbiri seçilən zaman məhkəməyə təqdim olunmuş iş materiallarına dair üzləşdirmə protokolu mövcud deyil. 23 aprel 2014-cü il tarixli üzləşdirmə istintaq hərəkəti barədə protokol imzalaması üçün bizə həmin istintaq hərəkətindən iki aya yaxın vaxt keçəndən sonra, yəni 6 iyun 2014-cü ildə verildi. Lakin mən anında tərtib olunmayan həmin üzləşdirmə protokolunu, gecikmiş də olsa imzalamağa hazır olduğumu rəsmi bildirdim. Baxmayaraq ki, həmin sonradan tərtib olunmuş üzləşdirmə protokolunun sübutlar siyahısından çıxarılması üçün vəsatət vermişdim. Vəsatətimdə Cinayət Prosessual Məcəlləsinin 235-ci maddəsinin tələblərinə uyğun olaraq üzləşdirmə aparılan zaman bütün ifadələr protokollaşdırılmalı və iştirakçılar tərəfindən yerindəcə imzalanmalıdır. Lakin, istintaqçılar cinayət prosessual qanunverciliyin müddəalarında göstərilən tələbləri kobud şəkildə pozaraq bunu Xanlar Vəliyevin göstərişi ilə ediblər. Cinayət prosesində istintaq və məhkəmə protokolları sübut kimi qəbul olunduğundan, formal aparılıb və yerində imzalanmalı olan üzləşdirmə protokolu israrlı vəsatətlərim sayəsində mənə 44 gün sonra verilib. Görəsən Xanlar Vəliyevin nə marağı var?”
Vəkil istintaq qrupunun rəhbəri polkovnik-leytenant Mehdi Hüseynzadənin “qara məni basınca, mən qaranı basım” prinsipi ilə çalışdığını deyir: “Protokolun gecikdirilməsi ilə bağlı qaldırdığım vəsatətdən dərhal sonra Vəkillər Kollegiyasına müraciət ediblər ki, onlar protokolu 44 gün yox, 2 gün gecikdiriblər. Guya üzləşdirmə protokolunu 2 gün gecikdirmək hüquqları var!”
A.Məmmədov müvəkkilinin Zakir Həsənov və Xanlar Vəliyev barəsində çox sensasiyalı bəyanatla çıxış edəcəyini söyləyib və aparılan istintaqdan baş prokurora müraciət edəcəklərini deyib.

Şərhlər