Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.
Yığıncaqda Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamla bağlı müzakirə aparılıb. Bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Sonra iclasda gizli səsvermə yolu ilə Botanika və Dendrologiya institutlarının direktorları vəzifələrinə seçkilər keçirilib, akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun direktoru vəzifələrinə seçilib, seçki nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.


Şərhlər