Artıq buraxılış imtahanlarında “2" və ya ”3" alan şagirdlərin çoxluğu təhsilimizin düşdüyü bataqlığın nə qədər dərin olduğunu bilmək üçün yetərli deyil.
Doğrudur, bu göstəricinin səviyyəsinə görə də təhsilimizdə durumun faciəvi olduğunu çəkinmədən söyləyə bilərik. TQDK-nın yaydığı məlumatlar əsasında aparılan ümumiləşdirmənin nəticələrinə görə, bu il təxminən 110.5 min şagird 9-cu sinfi, 82.5 min şagird 11-ci sinfi bitirib. 9-cu sinfi başa vuranların ən azı 30 faizi, 11-ci sinfi bitirənlərinsə 20 faizi bir fəndən “2" alıb. Ümumilikdə buraxılış imtahanı verən 193.5 min 9-cu və 11-ci sinif şagirdindən 126.9 min nəfəri və ya 66 faizi buraxılış imtahanlarından ”2" və “3" qiymət alıb.
Hələ orası da var ki, indiki qiymətləndirmə sistemi qüsurludur. Birinci ona görə ki, beynəlxalq praktikadan çıxış etsək, ümumi imtahan suallarının ən azı 30 faizindən çoxunu cavablandıran iştirakçılar “3" ala bilir. Bu standart tətbiq edilsə, bizdə 30 buraxılış imtahanının azı 10 sualına cavab verən şagird ”2" qiymətdən yaxa qurtara bilər. TQDK isə hazırda 8 sualı cavablandıran şagirdə “3" almaq şansı tanıyır. Bu sistem tətbiq edilsə, böyük ehtimalla, ”2" alanların sayı xeyli çox ola bilər. Hətta Rusiyada Vahid Dövlət Imtahanında ana dilindən ümumi sualların azı 40 faizini düzgün cavablandıran şagirdlər “3" alır. Azərbaycanda həmin göstərici 25 faizdir.

Amma indi “2" alanların çoxluğu qədər də təhlükəli problem 6-17 yaşlı uşaq və yeniyetmələrin xeyli hissəsinin orta təhsildən kənarda qalmasıdır. Uşaqlar, xüsusilə də 15-17 yaşlı yeniyetmələr məktəb divarlarından kənar düşdükdə çox təhlükəli olurlar. Özü də o ölkədə ki, orada faydalı işlə məşğul olmaq üçün heç bir seçim yoxdur. Əvəzində radikal dini qruplara, cinayətkar dəstələrə qoşulmaq üçün çox əlverişli şərait var.
Rəqəmlərə baxın:
- Bu il 11-ci sinfi bitirən şagirdlər 2003-2004-cü tədris ilində 1-ci sinfə gediblər. Həmin il ölkənin bütün orta məktəbləri üzrə 137.1 min uşaq 1-ci sinfə qəbul olunub. 2012-ci ildə həmin uşaqların 117.3 min nəfəri 9-cu sinfi bitirib. Göründüyü kimi, 20 min uşaq və ya 1-ci sinfə qəbul olunanların 15 faizi hətta 9 illik təhsildən də kənarda qalıb. Bəlkə bu uşaqlar ölkədən köçüblər? Rəsmi statistika bunu inkar edir. Rəsmi məlumata görə, 2004-2012-ci illərdə başqa ölkələrə cəmi 17 min nəfər köçüb gedib. Miqrantların yaş strukturunda da uşaqların payı 20 faizi ötmür. Hətta emiqrasiya ehtimalı nəzərə alınarsa, yenə də 15 minədək uşaq 9-cu sinfi bitirmədən orta təhsildən ayrı düşüb. Ölüm əmsalını nəzərə almıram, çünki rəsmi məlumata görə, 6-17 yaşlı uşaqlar arasında ölüm faizi 0.3-0.4 faizdən çox deyil.
- 2012-ci ildə 9-cu sinfi bitirən 117.3 min şagird bu il tam orta təhsil sistemini başa vurmalı idi. Amma rəsmi məlumata görə, 11-ci sinfi 82.5 min şagird bitirib. Cəmi 2 ildə 35 min yeniyetmə orta məktəb divarlarından hara buxarlandı? Bəlkə ölkədən köçüblər? Rəsmi məlumata görə, son il yarımda başqa ölkələrə köçüb gedənlərin sayı heç 1000 nəfər də deyil. Həmin uşaqlardan təxminən 12.5 min nəfəri 9 illik təhsil bazasından peşə məktəblərinə və kolleclərə daxil olub. Yerdə qalan 22.5 min nəfər sadəcə orta məktəbi buraxıb, onların nə işlə məşğul olduqları bəlli deyil.
Göründüyü kimi, 2003-ci ildə məktəbə qəbul olunan uşaqlarımızın təxminən 38 min nəfəri və ya 30 faizi tam orta təhsildən uzaq düşüb. YUNESKO-nun 2013-2014-cü illər üzrə “Hamı üçün Təhsil Qlobal Monitorinq Hesabatı”na görə, inkişaf etmiş ölkələrdə tam orta təhsillə əhatə əmsalı 100 faizə yaxındır. Bu ölkələrdə 17-18 yaşlı uşaqların 85-90 faizi ənənəvi orta məktəbləri, yerdə qalan hissəsi isə peşə təhsili məktəblərini bitirir. Rəqəmlərdən göründüyü kimi, Azərbaycanda bu yaşda uşaqların azı 30 faizi tam orta təhsil ala bilmir.
Rövşən Ağayev(azadıq.info)

Şərhlər