Məlum olduğu ki, dünən “Azərbaycan” qəzetində Metronun fəaliyyətindəki nöqsanlarla bağlı tənqidi material dərc olunub. Bir sıra KİV-lər rəsmi dövlət qəzetində belə bir məqalənin dərc edilməsini "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun “vurulması” kimi şərh ediblər.

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovla əlaqə saxlayıb. Sadıqov Zaur Hüseynovu ümumiyyətlə, tanımadığını və sözügedən məqalənin mətbuatda bu şəkildə şərh olunmasından təəssüfləndiyini bildirib: “Mən Metropolitenin sədri Zaur Hüseynovu tanımıram. Anlamıram ki, müxalifət yönümlü qəzet, saytlar nə üçün öz gündəlik cari işlərini qoyub, “Azərbaycan” qəzətində çıxan materialların təhlili və qərəzli şərhi ilə məşğul olur. Xüsusən adını müxalifət qoyanlar, müxalif yönlü saytlar, qəzetlər hər dəfə qəzetimizdə hansısa bir nöqsan haqqında material gedəndə dərhal bunu şərh edirlər. Bildirirlər ki, dövlət qəzeti filankəsi “vurdu” və yaxud filankəsin tapşırığı ilə bu iş icra olunub”.

B.Sadıqov bəyan edib ki, “Azərbaycan” qəzeti heç bir qəzet və saytın daxili işinə qarışmır: “Heç bir qəzetin adını hansısa məsələdə hallandırmırıq. Görünür, bunlar qəzetimizi özlərinin ağsaqqalı hesab etdiklərinə görə, çalışırlar ki, bizdə çıxan tənqidi materialların bir az da “kəsərini” artırsınlar”.

Baş redaktor vurğulayıb ki, qəzetdə məktublar bölməsi var və orada mütəmadi olaraq vətəndaşların təklif və şikayətləri yerləşdirilir: “Ay ərzində daxil olan məktubların nüsxələri bir neçə dəfə qəzetdə yerləşdirilir. Ölkənin bütün yerlərindən müxtəlif mövzularda redaksiyamıza məktublar daxil olur. Burada görülən işlərlə bağlı təşəkkürnamələrlə yanaşı, problem və tənqidi məktublar da olur. İndi əgər Bakıda yaşayan sakin metroda doğurdan da son dövrdə problemləri müşahidə edirsə, işə gedib-gələnlər narahatçılıq keçirirsə və bunu yazıb bizə göndərirsə, niyə oxucumuzu narahat edən məsələni qəzet səhifəsinə çıxartmayaq? Bu kimi “vurmaq”dır? Yeni rəhbərliyi “vurmaq” nədir? Bəyəm, mövcud problemləri təzə rəhbərlik bilmir? Keçmiş Metropoliten rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə də bu cür hallar tez-tez baş vermirdimi?

Bakıda Metro sahəsi inkişaf edir. Yeni Metro xətlərinin inşası üçün hətta Fransa şirkəti ilə müqavilələr bağlanır. Yaxın müddətdə çoxsaylı stansiyalar tikilib istifadəyə veriləcək”.

“Zaur Hüseynov ilə şəxsi tanışlığınız varmı” sualına isə B.Sadıqov belə cavab verib: “Xeyir mənim Zaur Hüseynovla heç bir şəxsi tanışlığım yoxdur. Onu tanımıram. Heç onu görməmişəm də”.