«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın hakim partiyası olan Xristian-Demokratik İttifaqı (XDİ) Ukraynanın Prezidenti Pyotr Poroşenkonu korrupsiya ilə mübarizəyə yetərli səylər göstərməməkdə tənqid edib. Xəbəri «Bild» nəşri yayıb.
«Pyotr Poroşenko qərara gəlməlidir - o, prezidentmi, yoxsa oliqarxmı olmaq istəyir?» - deyə, nəşr Bundestaqın xarici siyasət komitəsinin sədri Horbert Retthendən sitat gətirir.
Onun sözlərinə görə, Ukrayna ölkədə «tüğyan edən korrupsiyanı»nı dayandırmaq üçün qətiyyətli tədbirlər görməlidir. Parlament nümayəndəsi əlavə edib ki, bu ölkədə korrupsiya «ölkə rəhbərliyindən» başlayır.
Poroşenkonu həm də onda günahlandırırlar ki, onun sərvəti artmaqda davam edir, amma prezident hələ 2014-cu ildə özünun «Roshen» şirkətini satacağını açıq şəkildə vəd etmişdi («Bild»).
«Buna baxmayaraq, Ukrayna Prezidentinin biznesi genişlənmək tendensiyası nümayiş etdirir» - deyə, nəşr yazır.
Avroparlamentin deputatı Elmar Brok belə bir fikir səsləndirib ki, Ukrayna hakimiyyəti korrupsiya ilə mübarizəyə yetərli diqqət ayırmır. «Genişmiqyaslı antikorrupsiya tədbirləri həyata keçirilmir» - deyə, Elmar Brok bildirib.
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Xan bəyan edib ki, Ukraynanın korrupsiya ilə, eyni zamanda, dövlət sifarişləri və dövlət əmlakının satışı üzərində açıqlıq və şəffaflıq yetərli səviyyədə deyil.
«Bild»in yazdığına görə, gələn həftə Berlinin və Avroittifaqın nümayəndəsi Ukraynaya yollanacaq. O, «vəziyyətin bütün ciddiliyini» Poroşenkoya izah edəcək.

Şərhlər