"Bu ayın 29-da aparıcı Kamran Həsənli Bakının məşhur restoranlarından birində havadarlarına minnətdarlıq, Samirə və hüquqa qalib gəlməsilə bağlı böyük bir məclis təşkil edəcək. Buna nə ad vermək olar?" Bu sözləri müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov "AzPolitika.info"ya açıqlamasında deyib.
Xatırladaq ki, müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı 85 minlik pul qalmaqalı 2 ilə yaxındır davam edir. S.Piriyevin özünün və vəkillərinin mətbuata açıqlamalarından belə məlum olub ki, Kamran Həsənli Samir Piriyevə külli miqdarda ziyan vurub, bacısı Gülərlə əvvəlcədən əlbir olaraq və etibardan sui-istifadə edərək mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb. Yerdə qalan 85 min dolları isə qaytarmaqdan imtina edib.
Kamran Həsənli bunu Samir Piriyevin pullarını 2009-cu ildə Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən “BeyPet” adlı şirkətin sahibi Erhan Yılmaza verməsi, iqtisadi böhran nəticəsində şirkətin iflasa uğraması, özünün də orada 300.000 avrosunun batması ilə bağlayıb.
Ancaq müğənni Samir Piriyev bu idiaları qəbul etməyib. Pulu ondan Kamran Həsənlinin aldığını və geri qaytarmadığını bildirib. Samir Piriyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nərimanov Rayon Prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə cinayət işi başlanılıb. Ancaq 2 ilə yaxın vaxt keçsə də, istintaq hər hansı qərar qəbul etməyib.

Ceyhun Yusifov "AzPolitika.info" saytı vasitəsilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, tədbir görülməsini xahiş edir: "Kamran Həsənlinin müğənni Samir Piriyevə qarşı etdiyi dələduzluqla bağlı dəfələrlə DİN-in, Baş Prokurorluğun vəzifəli şəxslərinin qəbulunda olmuşuq. Onlar da birmənalı şəkildə bildiriblər ki, bu adam məsuliyətə cəlb olunmalıdır. Ancaq təəssüf ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldi. Havadarlar onun məsuliyyətə cəlb edilməsinə imkan vermədi. Faktlar, səs yazıları təqdim olundu, amma bir tədbir görülmədi. İndi də Kamran Həsənli onlara Bakının tanınmış restoranlarından birində ziyafət verməyə hazırlaşır. Bəs biz nə edək, bizim yolumuz nədir? Samir Piriyev hüquqa sığındı, hüquq-mühafizə orqanlarının tədbir görəcəyinə inandı, ancaq əksinə oldu. Ona görə də, mən mətbuat vasitəsilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, məslənin xüsusi nəzarətə götürülməsini xahiş edirəm".
Vəkilin bu müraciəti ilə bağlı Kamran Həsənlinin mövqeyini öyrənmək cəhdimiz alınmadı.
Rasim
AzPolitika.info


Şərhlər