Xəbər verdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Həmçinin müəssisədə hazırlanan “Paytaxt” salatından bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilib, normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib.
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən "Niaqara" restoranının adının çəkiləməsini istəməyən əməkdaşı bu məlumatın qərəzli olaraq yayıldığını deyib və bildirib ki, yoxlama zamanı heç bir nöqsan aşkarlanmayıb: “Komitənin əməkdaşları restoran rəhbərliyindən rüşvət istəyiblər. Verilmədiyinə görə restoran haqqında yalan məlumatlar yayıblar. Gəlib bütün yeməklərdən, soyuq qəlyənaltılardan nümunə götürdülər. Sonra cavablarını göndərdilər və bildirdilər ki, heç bir nöqsan aşkarlanmayıb. Həmin sənədlər bizdə durur, hansı ki, salatların tərkibinin standartlara cavab verdiyini komitə təsdiqləyib. Amma sonradan gedib yalan məlumat yayıblar”.
Restoranın əməkdaşı bildirib ki, komitə əməkdaşları restoran rəhbərliyindən 3 min manat rüşvət tələb ediblər: “Bu pulu vermədiyimizə görə, "Niaqara" haqqında yalnış məlumat yayıblar. Amma müştərilərimizə demək istyirik ki, buna inanmasınlar”.
Müsahibimiz bildirdi ki, komitənin yaydığı məlumatın restorandakı iş prosesinə heç bir təsiri yoxdur və restoran fəaliyyətini əvvəlki qaydada davam etdirir.
Qeyd edək ki, "Niaqara" restoranının müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu bildirilir.

Şərhlər