“Partiyamızın rəhbərliyində biznesmenlər də olacaq...” – Yeni partiyanın qurucusu

Sülhəddin Əkbər: “Orta təbəqə və ziyalılar önə düşməsə, heç bir nəticə ola bilməz”

İyulun 6-da Azərbaycanda siyasi partiyaların sırasına daha biri qoşulacaq - Azad Demokratlar Partiyasının təsis qurultayı keçiriləcək. Partiyanın qurucusu istiqlalçı deputat, Milli Təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbərdir.

AzPolitika.info qurultay ərəfəsində yeni partiya quruculuğunu zəruri edən səbəblər, gələcək planlarla bağlı Sülhəddin Əkbərə bir neçə sual ünvanlayıb.

- Qurultaya hazırlıq işləri, texniki məsələlər həll edilib. Tədbir iyulun 6-da, saat 11.00-da VHP-nin qərargahında keçiriləcək. Öncədən planlaşdırdığımız kimi, qurultay işçi qaydada keçiriləcək. Qonaq qismində heç kimi tədbirə dəvət etməmişik. Bu ali tədbirə 200 qurultay nümayəndəsi qatılacaq.

- Azad Demokratlar Partiyasının strukturu necə olacaq?

- Azərbaycan qanunvericiliyi, eləcə də, Ədliyyə Nazirliyi qeyri-ənənəvi quruluşlu siyasi partiyaların yaranmasına imkan vermir. Yalnız klassik formada, demokratik mərkəzçiliyə əsaslanan partiya strukturları təsdiq olunur. Biz hüquqi baxımdan reallıqları nəzərə almaq məcburiyyətindəyik. Partiya demokratik mərkəzçilik prinsipinə əsaslanan struktura malik olacaq. Partiyanın ali orqanı qurultay olacaq. Qurultaylar arası dövrdə əsas səlahiyyətli struktur Məclis olacaq. Partiyanın sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyası və İdarə Heyətinin olması da nəzərdə tutulub.

- Partiya sədrinin neçə müavini olacaq?

- Bu məsələlər qurultaydan sonra bəlli olacaq. Mənim qənaətim belədir ki, biz orta praktiki məqsədəuyğunluğu nəzərə alacağıq. Yəqin ki, burada sədr seçiləcək şəxsin də fikirləri əhəmiyyətli olacaq. Müavinlərin sayı partiyanın əsas fəaliyyət istiqamətlərindən asılı olacaq.Burada prinsipial məsələ hansı istiqamətlərə üstünlük verilməsidir.

- Partiyanın siyasi xətti ilə bağlı yekun qərar verilibmi? Necə bir siyasi kurs götürmək niyyətindəsiniz?

- Bu məsələ həm qurultayda, həm də qurultaydan sonra keçiriləcək Məclisin iclasında aparılacaq müzakirələrdən sonra bilinəcək. Subyektiv fikrimə gəldikdə isə, deyim ki, partiya strateji baxımdan iki başlıca istiqamətə önəm verməlidir. Birincisi, bizim siyasi-ideoloji xəttimizlə üst-üstə düşən partiyalarla uzunmüddətli əməkdaşlıq edə bilərik. İkincisi, demokratiya mövzusunda prinsipial mövqe ortaya qoyan bütün qüvvələrin geniş əsaslı birliyinin yaradılmasına önəm verməliyik. Odur ki, strateji baxımdan bu iki istiqamətə əhəmiyyətli üstünlük verəcəyik. Hesab edirik ki, geniş əsaslı demokratik qüvvələrin birliyinin yaranması əhəmiyyətli olardı. Taktiki baxımdan isə qarşıdan bələdiyyə və Milli Məclis seçkiləri gəlir. Seçkiöncəsi ölkədəki real situasiyaya görə addımlar atmaq daha praqmatik və siyasi baxımdan məqsədəuyğun olar.

- Son illərin təcrübəsi göstərir ki, siyasi partiyalar yaransa da, uğur əldə edə bilmirlər. Azad Demokratlar Partiyasının da belə bir tale ilə üzləşə biləcəyinə dair narahatçılığınız varmı?

- Bilirsiniz ki, bizim partiya quruculuğu işimiz Azərbaycanda ictimai-siyasi passivliyin ən ağır mərhələsində baş verir. Biz praktikada gördük ki, bu nə dərəcədə çətin və ağır əmək istəyən və maliyyə vəsaiti tələb edən işdir. Azad Demokratlar Partiyası orta sinfin baxışlarını və maraqlarını ifadə edən siyasi təşkilat olacaq. Ziyalılar, kiçik və orta iş adamları, biznesmenləri əhatə edən siyasi təşkilat olmağı düşünürük. Bu baxımdan partiyanın fəaliyyətində, strukturlarında, rəhbər qurumların formalaşdırılması prosesində bu faktor nəzərə alınacaq və bu qrupların nümayəndələrinə üstünlük verəcəyik. Yəni Azərbaycandakı zəif və orta təbəqə görməlidir ki, bizim qurduğumuz partiya həm də onların partiyasıdır, onların maraqlarını ifadə edir, rəhbərlikdə onların nümayəndələri təmsil olunub. Bu mənada biz kiçik və orta biznes dairələrinə hesablanan iş aparırıq.

- Bu partiya klassik müxalifət partiyaları kimi kəmiyyəti hədəf götürəcək, yoxsa keyfiyyətə üstünlük vercək?

- Biz hələlik təsis olunma ərəfəsindəyik. Partiyanın qurultayına hazırlaşırıq. Bundan sonra partiyanın formalaşması prosesinə başlanılacaq. Heç şübhəsiz ki, biz keyfiyyət məsələsinə xüsusi diqqət yetirəcəyik. Məhz liberal demokratik görüşlü orta sinfin nümayəndələrindən ibarət, ictimai-siyasi şüur səviyyəsi yüksək olan bir qurum formalaşdırmaq istəyirik. Bu baxımdan, bir qədər də fərqli partiya olacağını düşünürəm. Nəzərə alaq ki, Azərbaycanda siyasi-ideoloji yönlü partiyalar demək olar ki, yox səviyyəsindədir, belə partiyalar azdır, olanlar isə bu istiqamətə böyük əhəmiyyət vermirlər. Mənə elə gəlir ki, Azərbaycanda açıq şəkildə orta sinfin maraq və baxışlarını ifadə edən, liberal-demokratik görüşlü bir partiyaya ehtiyac var. Biz qurultayda bu məsələyə daha geniş toxunacağıq. Bu ehtiyacı ödəmək üçün partiyanı təsis etmək qərarına gəlmişik.

- Orta sahibkarların partiyası olmağı düşünürsünüz. Bəs sizcə onlar necə, belə bir partiya haqqında düşünürlərmi?

- İndi Azərbaycanda nəinki bitərəflərin, hətta siyasi partiya üzvlərinin özünün belə siyasi partiyalardan uzaqlaşması müşahidə edilir. Partiyalarda qalanların böyük əksəriyyəti passiv duruma keçiblər. Siyasi aktivliyin böhranlı dövründə yarandığımızı etiraf etməliyik. Müxalifət siyasəti böhran keçirməkdədir. Bizim partiyanın təsis edilməsi də bir ümid yeri ola bilər. Orta təbəqə və ziyalılar önə düşməsə, heç bir nəticə ola bilməz.

V.Nəsibov

AzPolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar