Yaxın Şərqin dörd ölkəsində 25 noyabr 1978-ci il tarixindən indiyədək cavabı hələ də tapılmayan belə bir sual var: kürd xalqının siyasi və vətəndaş haqları necə təmsil olunmalıdır? Bu məsələnin keçmişə dayanmış tarixçəsi var, lakin onun ən aktual formasını belə ifadə etmək olar: Astana prosesi çərçivəsində Soçidə keçiriləcək konfransda Suriya kürdlərini kimi təmsil edəcək?
1 mart 2003-cü ildən (Türkiyə parlamenti Türkiyə ordusunun İraqa girişinə icazə verəcək memoranduma səs verməmişdi) bu yana amerikalı generallar eyni səhvdə israr edirlər: Türkiyə daha bizim etibarlı müttəfiqimiz sayılmır!
Amma əgər onlar bir saniyə dayanıb, Türkiyənin memorandumu rədd edib, onlara “dur” deməklə, nə dərəcədə haqlı olduğunu tarixin necə sübut etdiyini fikirləşsəydilər, onda nə Obama, nə də Tramp administrasiyaıarı indi düşdükləri çuxura düşməyəcəkdilər.
Hələ kantonların (Suriyanın şimalında qurulmuş ərazi vahidləri) ilk fotolarında Türkiyə ilə sərhədin yaxınlığında PKK lideri Abdulla Öcalanın potretləri qaldırılanda, bu adamların suriyalı kürdlərlə bağlı olmadıqları Türkiyədə hamıya bəlli oldu. Amma bunu müdafiə naziri və ya milli təhlükəsizlik müşaviri kimi yüksək vəzifələrdə əyləşən zəif düşüncəli, istefaya getmiş ABŞ generalları anlamadı. Onlar bu təşkilatlara dəstəklərini həmin qüvvələrin İŞİD-in məhv olunmasına yardım göstərmələri ilə izah etməyə çalışdılar.
Həmin zaman Türkiyə yeddi aylıq “Fərat qalxanı” əməliyyatında 1294 İŞİD üzvünü məhv etmişdi. Onların hər birinin üzərində DNK testi aparıldı. Bundan fərqli olaraq, kontonlardakı terrorçu qrupların və onların ABŞ-lı məsləhətçilərinin İŞİD-in məhv edilməsi haqqında ortalığa qoyduqları sübut, yalnız bu yaraqlıların avtobuslarda ”haraya isə” qaçdıqları barəsində bir neçə fotogörüntü oldu!
ABŞ Konqresinin amerikalı generallara ünvanladığı “milyonlarla dollarlıq silah hələ də haraya gedir” sualına cavab olaraq, onlar bu silahların “sərhəd təhlükəsizlik gücləri”nə lazım olduğunu bildirdilər. Amma ortada nə dövlət, nə də hansısa rəsmi bir sərhəd yoxdur.
Astana və Cenevrə prosesi çərçivəsində bu ayın sonunda baş tutacaq konfransda Suriya kürdlərini kimin təmsil edəcəyi məsələsi var. Suriyadakı Bəəs rejiminə və Əsədin cinayatkar hökumətinə müxalif olan qrupların çoxu bu konfransda iştirakdan imtina ediblər. Hərçənd ki, Rusiya konfransa PKK ilə əlaqəsi olmayan kürd güclərini dəvət edib, amma onlar hələ də PYD-ni legitim kürd partiyası kimi qəbul etməkdən vaz keçməyiblər.
Hal-hazırda Rusiya hökumətinin diplomatik statusuna malik olan PYD terrorçularının Moskva bürosu var və onlar da Soçiyə gedəcəklər. PYD nümayəndələri konfrans keçirilən zala daxil olmasalar da, orda təmsil olunan kürdləri təhdid edərək bildirəcəklər ki, kürdlərin əsl təmsilçiləri onlardır.
“Zeytun budağı”nın PKK-PYD-yə deyil, Suriya kürdlərinə uzadıldığını, Amerika kimi rusların da anlamasının vacib olduğu bir dövrdən keçirik. Əgər hər iki ölkə türkiyəli kürd terrorçuların heç bir ölkədə, nə Türkiyə kürdlərini, nə də Suriya kürdlərini təmsil etmədiklərini anlamazlarsa, onda Astana və Cenevrə konfransları tarixdə mənasız səylərin göstərildiyi bir məsələ kimi qalacaq.
(“Milliyet”-Türkiyə)


Şərhlər