Zaur Hüseynovun qəbuluna düşmək olmur, sıravi metro işçiləri isə mənasız yazı-pozu işindən və komissiyalardan təngə gəlib

Bizim məmurlar özündən əvvəlkinin atasına rəhmət oxutdurmağa öyrəşiblər. AzPolitika.info-ya daxil olan məlumatlara inansaq, deyəsən Bakı Metropoliteninə Tağı Əhmədovun yerinə təyin olunmuş yeni rəis Zaur Hüseynov cənabları da bu “adət-ənənəni” pozmaq fikrində deyil. Əslində, ona “yeni rəis” demək də düz olmaz, artıq onun bu vəzifəyə təyin olunmasından az qala yarım il keçir. Ancaq bu yarım ilə yaxın müddətdə metroda yadda qalan dəyişiklik yalnız stansiyalardakı ticarət köşklərinin yığışdırılması oldu. Nəticədə, oradan evinə 3-5 manat çörək pulu aparan yetim-yesirin ah-naləsi hesabına da olsa, sərnişinlərin stansiyalara giriş-çıxışı nisbətən rahatlaşdı. Lakin stansiyaların özündə heç nə dəyişmədi – yenə basabas, yenə qatarların gecikməsi, yolda qalması, yenə metro işçilərinin əziyyətlərinin qarşılığında aldığı qəpik-quruş və sair...

“Ulduz xəstəliyi” yeni rəisdən də yan keçməyib

Xatırlayırsınızsa, hörmətli Tağı Əhmədov media təmsilçiləri ilə münasibətdə əsas etibarı ilə kobudluq, onlara yuxarıdan aşağı baxmaq, hətta bəzən təhqir səviyyəsinə çatan qəbuledilməz davranışı ilə seçilirdi. Bu tendensiya onun metro işçilərinə qarşı münasibətində də müşahidə olunurdu. Əsasən də son zamanlar T.Əhmədovun qəbuluna düşmək mümkünsüz olmuşdu. Özü isə yeraltı hakimiyyətinin ilk dövrləri ilə müqayisədə kollektiv arasına çıxmaq, insanlarla görüşməkdən demək olar ki, imtina etmişdi. Bu “ulduz xəstəliyi” deyəsən onun yerinə təyin olunmuş Zaur Hüseynovdan da yan keçməyib. İlk dövrdə metro işçilərini həvəslə qəbul edərək, problemlərinin həllinə yardım etməyə çalışan metropoliten rəisi deyəsən bu xeyirxahlığına görə peşiman olub. Bugünlərdə onun qəbuluna düşmək istəyən, həyatının böyük hissəsini yerin altında keçirən və hal-hazırda da burada çalışan zəhmətkeş insanları qəbul etməkdən imtina edib. Pensiyalarının hesablanması ilə bağlı problemləri olan bu insanlara elə idarənin qapısındaca rəisin məşğul olduğunu, onları qəbul edə bilməyəcəyini bildiriblər. Deyilənə görə, son zamanlar metro işçilərini Z.Hüseynovun (vəzifəsini dəqiqləşdirə bilmədik) nümayəndəsi qəbul edirmiş ki, onu da metroda “sədrin müşaviri” kimi tanıyırlar. Ancaq, artıq o da kimsəni qəbul edib, problemini dinləməkdən imtina edir. Adamın yadına məşhur filmdəki Zülümovun “rəis məşğuldur, mən də məşğulam” səhnəsi düşür. İlk dövrdə “Paşayevlərin adamı”, “kasıbların adamı” və s. adlarla xarakterizə olunan metro rəisinin çox qısa müddətdə “tağılaşması” metro işçilərinin yumşaq düsək, təəccübünə və məyusluğuna səbəb olub. Deyəsən, bu prosesi təkcə metro işçiləri deyil, millət vəkilləri və bir sıra ictimaiyyət təmsilçiləri də hiss etməkdədirlər ki, bu da onların mətbuatdakı tənqidi çıxışlarında özünü biruzə verir.

Süründürməçilik işçilərin əsəblərini və ciblərini imtahana çəkir

Z.Hüseynovun daha bir “şakəri” isə kağız-kuğuz, sənəd toplama, ərizə yazma, komissiyadan keçmə və sair kimi süründürməçiliyə olan həvəsidir. İşçilər deyir ki, son 5 aya yaxın müddətdə onlardan bir neçə dəfə sənədlərini toplamaq, qaynata-qaynananın tarixçəsinə qədər, bir çox lazımsız və mənasız anketlərin hazırlanması, o ərizə sənin – bu ərizə mənim prinsipi ilə məqsədi və mahiyyəti bəlli olmayan müxtəlif yazı-pozular tələb olunub. Görünür, bu da Z.Hüseynov cənablarının mühasib keçmişinə bağlıdır. Ancaq bu yazı-pozu metropolitenin real missiyasının həyata keçirilməsində təbii ki, heç bir əhəmiyyətə malik deyil və əksinə, insanların əsəbləri ilə oynamağa xidmət edir. Yeri gəlmişkən, bu yazı-pozu işi metro işçilərinin tək əsəbləri deyil, ciblərinə də ziyan vurmaqdadır. Belə ki, metro rəisi işçilərin yenidən tibbi komissiyadan keçməsinə dair göstəriş verib. Məlumat üçün deyək ki, metro işçiləri qrafik üzrə hər il tibbi müayinədən keçirlər. Adı tibbi komissiya olan bu soyğunçuluq isə Dəmir Yolu xəstəxanasında həyata keçirilir. İşçilər bildirir ki, xəstəxanada onların komissiya kağızlarına qol çəkməli olan hansı həkimin qəbuluna düşürsənsə, stolun üstündə “onluq”, ya da “iyirmilik” görürsən. Bu da həmin həkimin imzasının qiymətini göstərir. Bir metro işçisi olduqca ilginc hadisə danışdı. Sağlam olduğu üçün həkimlərə pul verməmək qərarına gələn həmin şəxs ayrı-ayrılıqda qəbuluna düşdüyü həkimlərlə bunu sübut etmək üçün o qədər mübahisə edib ki, sonuncunun qəbuluna çatanda əsəbdən təzyiqi qalxıb. Bütün kabinetlərdən canını qurtaran həmin şəxs, artıq sonuncu həkimdə “ilişib”. Və necə deyərlər, taleyilə barışıb...

İndi belə bir sual yaranır: Dəmir Yolu Xəstəxanasında heçnə dəyişməyibsə, işçinin sağlamlıq dərəcəsinin müəyyən olunması “ənənəvi üsulla” həyata keçirilirsə, bu işçiləri yenidən komissiyaya göndərməyin nə mənası var? Bu süründürməçilik, soyğunçuluq, əsəb və gərginlik mənbəyi yaratmaq nəyə və kimə xidmət edir?

Bir sözlə, əvvəldə də qeyd etdiyimiz kimi, gedənin atasına rəhmət oxutdurmaq ənənəsi deyəsən hələ çox davam edəcək. Metro işçilərinə isə səbirli olmağı və rəhbərliklə olan problemlərinin heyfini sərnişinlərdən çıxmamalarını xahiş edirik...

Tahir M.

“AzPolitika”