İslam kosmopolitizmi

Fazil MUSTAFA

Tədbirdən çıxarkən yaxınlaşan jurnalistin hansısa sual verəcəyini düşünərək səmimiyyətlə görüşdüm. Amma başqa bir sözü olduğunu sezərək dinləməyə qərar verdim: “Siz məni ləyaqətsiz adlandırmısınız. Bu millət vəkilinə yaraşmaz”.

Açığı, özüm də təsadüfən hansısa yanlış davranışımın olduğunu, bir gəncin qəlbinə dəydiyimi ehtimal edərək “Siz kimsiniz?” deyə sorduğumda, adını xatırlatdı mənə və unutmadığım bir məqamı dərhal yaddaşıma gətirdim. Həqiqətən də dörd-beş ay bundan öncə bir status paylaşmışdım və orada bir məqalə müəllifini “ləyaqətsiz” adlandırmışdım. Çünki məqaləsinin bədnam ideyası ilə yanaşı, mətndə təqribən bu ifadə yer almışdı: “Erməni aydınlarını qətlə yetirən Osmanlı-türk qatillərin davranışlarını biz niyə qınamamalıyıq?” Bunu bir azərbaycanlı kimliyi ilə tanınan bir adam yazmışdı.

Söylədim ki, “gənc olsan da, inan, sənə çox yumşaq ad vermişəm, çünki elə ifadənin ardından millət vəkilinin də duyğuları tab gətirməz. Sən axı erməni vəhşiliyi ilə yüzlərlə qətlə yetirilən, içərisində bəlkə də qohumların da olan öz millətinin insanlarının ruhuna hörmətsizlik etmisən. Haradan icad etmisən ki, türklər erməni aydınlarını qətlə yetiriblər? Ermənidə yetərincə sayda sağlam anlayışda aydın olsaydı, bu qədər ədavət duyğusunu bu günə bütöv bir xalq daşıyardımı? Elə bizim özümüzdə də yetərincə sayda aydın olsaydı, İslam kimi böyük əxlaq dininin içindən elmi, irfanı, imanı bir tərəfə buraxıb, yalnız ədavət hissəsini qoparıb bu günədək yaşadardıqmı?”

Cavabı həqiqətən də mənim üçün maraqlı oldu:

- Bilirsiniz, mən kosmopolitəm, ona görə də bu cür düşünürəm.

- Əlbəttə, düşünmə sənin haqqındır, bala, kosmopolit olmaq da sənin hür seçimindir, ancaq olmazmı ki, tərəfsiz kosmopolit olasan? Eyni zamanda dünyasını dəyişmiş insanların da üzərimizdə haqqı var, yüzlərlə qətlə yetirilən günahsız türkün haqqına girmisən, vəhşi Osmanlı türkü deyərkən xilaskarımız Nuru Paşanın, onun imanlı əsgərlərinin haqqına girmisən. Belə bir ifadə ilə sən əslində sırf erməni kosmopoliti kimi özünü təqdim edirsən!..

Niyə bu epizodu xatırladım, niyə kosmopolitizmdən söz saldım? Bəlkə bizim Azərbaycanda da bu qədər dini cəhalətin və dözümsüzlüyün baş verdiyi bir məkanda hərfi mənada anlaşılmayan bir İslam kosmopolitizminə ehtiyac var? Axı eyni qaydada Azərbaycanda din mənsublarının hadisələri dəyərləndirilməsində də tərəfli kosmopolitizmin əlamətlərini sezirik. Ümumi dini cahilliyə qarşı mövqe qoymaq əvəzinə, subyektiv olaraq yaxşı və pis cinahları müəyyənləşdirməyin fəsadları göz qabağındadır. Qeyri-ənənəvi İslam deyəndə, tarixən bizdə yayğın olmamış, son iyirmi ildə əsasən zəngin Ərəb ölkələrdən stimullaşdırılan və radikal olaraq adlandırılan dini təriqətlərdən söhbət gedir. Həqiqətən də nəzəri olaraq İslamın prinsiplərini doğru təyin etmiş, lakin forma aludəçiliyi ilə İslam adına qorxu dinini bərpa etmiş bir yığın insan ağlasığmaz səviyyələrə çatmış cahillik ənənəsini dəyişərək, insanlıq tarixində ən böyük islahatı aparan İslam peyğəmbərinin davranışını, gözəl əxlaqını daşıya bilmədilər. Ancaq formasına aludə oldular.

Bu gün sosial şəbəkələrdə ancaq bığın, saqqalın fəzilətlərindən danışmaqla İslam adına müdafiə taktikası qurmağa çalışırlar. Halbuki həmin saqqalı müşriklər də daşıyıblar, yəhudilər də, Robinzon Kruzo da, küçədəki bir “bomj” da, vaxtilə tez-tez işlətdiyimiz “erməni saqqallıları” da. İslamda da bu hər kəsin hüququdur, bu sünnətdir, ancaq ən böyük sünnət imandır, təmizlikdir. Əndazəni aşmadan, natəmiz görünmədən nə istəyirsən saxla, nə istəyirsən geyin. Hər gün kimsə zəng edib soruşur ki, bəlkə sən biləsən, deyirlər, Oruc vaxtı çimmək olmaz. Deyirəm qardaşım, təmizlik nə vaxtdan İslamda mübahisə mövzusu olub ki? İy verirsənsə, boğazından su udmamaq şərti ilə gedib yuyun da...

Bəs ənənəvi dinimiz nədir? Bu dinin nə olduğunu xatırlatdıqca, hər kəsin tanış epizodları dərhal xatırlayacağını düşünürəm.

Ənənəvi dinimiz - Şeyx Nəsrullahın İsfahandan gəlib Azərbaycanda atalarının razılığı ilə 13 yaşlı körpə qız uşaqlarına siğə yolu ilə təcavüz etdiyi dindir. Ənənəvi dinimiz öz sənətinə vicdanla yanaşmayan Usta Zeynal cəhaləti ilə bağdaşmış bir dindir. Ənənəvi dinimiz Molla Sadığın meyxanasıdır. Ənənəvi dinimiz Seyid Əzimin “vur başını yar köpək oğlu” dediyi dindir. Ənənəvi dinimiz əsrin əvvəllərində Mirzə Cəlilin, Sabirin harada müsəlman görəndə qorxduğu dindir. Ənənəvi dinimiz zavallı Zeynəbin iyrənc Xudayar bəyə molla tərəfindən zorla kəbininin kəsildiyi dindir. İndi bu ənənəvi dinin nəyi ilə fəxr edirik? Və nəyə yaxşı alternativ kimi təqdim edirik? Azərbaycanlının mühakiməsində yüz il bundan öncəsi ilə müqayisədə dini düşüncədə nə dəyişib ki? Yaxşı ki, tariximizdə Türkmənçay adlanan bir vaqiə baş verib, yaxşı ki, Qori seminariyası deyilən bir məktəb açılıb və yaxşı ki, oralardan yüz-iki yüz oxuyub-yazan insan yetişib və gəlib bir dövlət qura bilmişik. Ənənəvi dini bir az da qaldırsaydıq, bu gün ideoloji İslamın yaşandığı sözdə müsəlman cəmiyyətlərindən heç nə ilə fərqlənməzdik. Əksinə, Azərbaycan dövləti ənənəvi din əvəzinə sağlam, doğru, başqasına zərər verməyən, ideoloji qəliblərdə gizlənməyən İslamı stimullaşdırmalıdır, insanların doğru maariflənməsi üçün şərait yaratmalıdır ki, insanlar ənənəvi və ya qeyri-ənənəvi din deyibən seçim qarşısında qalmasınlar. İslamı siyasiləşdirmədən, mazoxizmə çevirmədən, öz əxlaqını təkmilləşdirmək üçün yaşamaq imkanı qazansınlar.

Bu gün dünyada baş verənlər əslində ideoloji İslamla teoloji İslamın toqquşmasıdır. İdeoloji İslam bir zorakılıq İslamıdır, məcburiyyət İslamıdır. Teoloji İslam siyasətə, mənfəətə bulaşdırılmadan hər kəsin şəxsi həyatında, evinin içində, caminin bir köşəsində yaşadığı İslamdır. Bu zaman namazını, orucunu, hacılığını, saqqalını, zəncirini gözə soxmadan öz mənəvi mühitini qurub yaşayırsan, mollanın, şeyxin, müctəhidin, imamın rizasını qazanmaq üçün deyil, Allahın rizasını qazanmaq üçün faydalı, ədalətli insan olmağa çalışırsan.

İslam kosmopolitizmi... Bəlkə də uğurlu ifadə deyil, ancaq insanın insana sevgisini, sayğısını artırırsa, başqasının həyatına qəsd etmirsə, öz inandığını başqasına diqtə etmirsə, nədən olmasın?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar