Menu

ABŞ “WikiLeaks”də adı keçən diplomatı Bakıya səfir göndərir

10.07.2014, 09:12
ABŞ “WikiLeaks”də adı keçən diplomatı Bakıya səfir göndərir

Obama Azərbaycandakı təzə elçisinin adını açıqladı;Riçard Morninqstarı əvəzləyəcək Robert Cekuta da sələfi kimi Amerikanın enerji lobbisini təmsil edir; Rusiyanın regiona artan təhdidləri fonunda Ağ Ev ölkəmizlə münasibətləri yeni müstəviyə çəkir...

Səlahiyyət müddəti avqustun 2-də bitəcək ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarı əvəzləyəcək şəxsin adı açıqlanıb. Hələlik rəsmən təsdiqlənməsə də Ağ Evin yeni namizədinin Robert Cekuta olduğu bildirilir.

Publika.az-ın apardığı araşdırmaya görə, hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini vəzifəsində çalışan R.Cekuta R.Morninqstar kimi enerji sahəsi üzrə təcrübəli diplomatdır. Bu mənada hesab olunur ki, Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsi təsadüfi deyil.

Yeri gəlmişkən, səfir Morninqstar Bakıdan gethagetdə Azərbaycan hakimiyyəti ilə münasibətlərində ciddi çatlar yaranıb. Hətta hakim düşərgədə Morninqstara qarşı hədə kampaniyası da yenicə səngiyib. Belə bir ərəfədə gələcək elçinin hansı mövqedən çıxış edəcəyi və ya Bakının onu necə qəbul edəcəyi maraq doğurur.

Yeri gəlmişkən, Enn Dersinin gedişindən sonra ABŞ səfiri postu uzun müddət boş qalmışdı. Bu mənada ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluq fonunda səfir təyinatının gecikəcəyi ehtimalı da var idi. Ancaq regionda ciddi proseslərin, xüsusilə də Rusiyanın postsovet məkanı, o cümlədən Cənubi Qafqazla bağlı iddialar sərgiləməsi, Avrasiya İttifaqı ilə bağlı sürəkli prosesi sürdürməsi fonunda ABŞ-ın bura elçi göndərməyəcəyi o qədər də inandırıcı görünmür.

AzadlıqRadiosunun məlumatına görə, Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. Əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2003-2007-ci illərdə Berlində işləyən Cekuta burda ABŞ iqtisadi nazirinin vəkili vəzifəsini daşıyıb, 2007-ci ildə Tokioya gəlib, 2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət Departamentinə təyinat alıb. R. Cekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ Ticarət Nümayəndəliyinin Ofisində də işləyib. 2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Özü Bob Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin Qlobal İdarəetmə və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi alıb.

Maraqlısı odur ki, bir müddət əvvəl məxfi materialları ilə Vaşinqtonu lərzəyə salan məşhur “WikiLeaks” saytı 2008-ci ildə Tokioda çalışan Robert Cekutanın məxfi teleqramlarını da dərc edib. Publika.az-ın məlumatına görə, məxfi qrifli teleqramda deyilir: “İxtisası: İqtisadiyyat, Robert Cekuta. 1.4 (B).

Econoff İqtisadiyyat Nazirliyi haqda məlumatı çatdırdı. Ticarət və Sənayeyə nəzarət bölünəcək. Məmurlar deyir ki, bu müzakirə olunacaq. Yaponiya bazarına Sokkia şirkəti ilə çıxın və “EmnOff” ilə istənilən nəticəni bölün. İnformasiyada deyilir ki, onlar ABŞ-la daha uzaq perspektivdə də işləməyə hazırdır".

Başqa bir məxfi teleqramda Cekuta yazır: “Martın 4-də Tokio İctimai Təhülkəsizlik Bürosu və Xirosima perfektura polisi Horkos Karporasiyasının və Xirosima dəzgahları istehsalçının 4 yüksək vəzifəli şəxsini həbs etdi. İttiham lisenziya olmadan Cənubi Koreyaya və Çinə qeyri-qanuni ixracdır. Yaponiya hakimiyyət orqanları 2008-ci ilin əvvəlində firmaya basqın etdi. Baxmayaraq ki, mətbuat ixracın bir hissəsinin Şimali Koreyaya göndərildiyinə dair xəbərlər yazırdı”. Məxfi teleqramda daha sonra məsələ ilə bağlı durum və çıxış yolları göstərilir.

İndi belə bir diplomatın Azərbaycana göndərilməsi təbii ki, rəsmi Bakı üçün arzuolunan deyil. Amma ekspertlərə görə, onun enerji mütəxəssisi olması amilinə daha çox diqqət yetirilməlidir. Çünki səfirlərin əsas vəzifəsi onsuz da məxfi yazışmaları həyata keçirib dövlətlərini məlumatlandırmaqdır.

Cekutanın Bakıya gəlməsi üçün onun namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır. Qeyd edək ki, Morninqstar ABŞ-ın Azərbaycanda səkkizinci səfiridir. Əvvəllər bu postu Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Rino Harniş, Enn Dörsi, Metyu Brayza tutub.

Yeni gələcək səfirin energetika ilə bağlı olmasını təbii qarşılayan sabiq dövlət müşaviri Vəfa Quluzadə deyir ki, Azərbaycana gələn səfir mütləq gərək enerji məsələlərini yaxşı bilsin: “Çünki Azərbaycanın əsas məhsulu neft və qazdır. Neft və qaza görə də Amerikanın Azərbaycanda maraqları bərqərar olub, bunun üçün Bakı-Ceyhan neft kəməri tikilib. Bu maraqların olması da Azərbaycanın təhlükəsizliyini təmin edir. Çünki Azərbaycana zərbə endirmək elə Amerikanın maraqlarına zərbə endirmək deməkdir. Buna da çətin ki, cəsarət edərlər. Rusiyanın özü belə indiyə qədər buna cəsarət etməyib. Baxmayaraq ki, Rusiya müharibəni ermənin əli ilə başlada və sonradan prosesə qoşula bilərdi. Lakin bunu da edə bilməyib. Çünki bu addımı atsa, qarşısında Qərbi görəcək. Ona görə də yeni səfirin enerji məsələlərini bilməsi zəruridir”.

Bununla ABŞ-ın Azərbaycanda demokratiya məsələlərini arxa plana keçirməsi haqda ehtimallara V.Quluzadənin maraqlı reaksiyası oldu: “Demokratiya məsələlərini Azərbaycan xalqının özü həll etməlidir. Azərbaycan xalqı demokratiyaya nə qədər hazır olsa, o qədər tez ona nail olacaq. Kənardan demokratiyanın Azərbaycana gətirilməsi məndə qorxu yaradır. Çünki yadıma Əfqanıstan, İraq, Liviya düşür. ABŞ səfiri isə gəlib sadəcə demokratikləşməni izləyə bilər. Amma Amerika gəlib Azərbaycanda demokratik cəmiyyət qurmayacaq ki.

Gərək biz özümüz keçmiş mirasdan azad olaq. Təəssüf ki, Azərbaycan və digər keçmiş sovet respublikaları hələ də sovet həyat tərzindən xilas ola bilməyib".

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə ABŞ-ın səfir təyinatını ləngidəcəyi barədə maraqlı məlumat açıqladı: “Mən qeyri-rəsmi mənbələrdən fərqli məlumat eşitmişəm ki, gələn ilə qədər hələ ABŞ-ın Azərbaycanda səfiri olmayacaq. Ona görə yeni səfirin adı ilə bağlı məlumat mənə maraqlı gəldi. Hər halda, səfirin yeri boş qalmayacaq, müvəqqəti işlər vəkili, yaxud digər kimsə ölkəni təmsil edəcək”.

Ə.Oruclu qeyd etdi ki, adıçəkilən şəxsin səfir təyin olunması baş versə belə, bu, təəccüb doğurmamalıdır: “Enerji məsələləri üzrə mütəxəssisin olması ehtimalına gəldikdə, bu, ABŞ-ın ənənəvi yanaşmasıdır. Səfir Morninqstar da əvvəl Vaşinqtonda enerji məsələləri üzrə mütəxəssis kimi çalışmışdı. Bu da Azərbaycanın enerji partnyori kimi Amerika üçün əhəmiyyətindən xəbər verir. Amerikanın Azərbaycanla əməkdaşlığında bir neçə amil mühümdür ki, bunlardan biri də enerji məsələsidir. Təbii ki, təhlükəsizlik və insan haqları ilə bağlı əməkdaşlıq da bura daxildir. Yəni belə bir şəxs səfir olacaqsa, təəccüblənmək lazım deyil. Üstəlik, əgər bu insan Almaniya və Yaponiyada çalışıbsa, deməli, təcrübəli diplomatdır. Amma təbii ki, əgər bu məlumatın əsası varsa...”

ABŞ-da yaşayan siyasi ekspert Ramiz Yunus isə bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyi irəli sürülən Robert Cekutanı təcrübəli diplomat kimi xarakterizə edir. Azərbaycandakı səfir Riçard Morninqstarın səlahiyyət müddəti başa çatır. “Media forum”a danışan Ramiz Yunus deyib ki, Cekuta çox təcrübəli diplomatdır, uzun illərdir Dövlət Departamentində müxtəlif yüksək vəzifələrdə çalışır: “O, Amerikanın Əfqanıstan, Albaniya, Avstriya, İraq, Cənubi Afrika və Yəmən səfirliklərində işləyib. Son vəzifəsi dövlət katibinin enerji məsələləri üzrə baş köməkçisi olub. Cekutanın təyinatı ona dəlalət edir ki, Amerika Azərbaycanda olan enerji maraqlarını qoruyub saxlamaq istəyir”.

ABŞ-ın ölkəmizdəki səfirliyindən yayılan məlumatlara hər hansı münasibət öyrənə bilmədik. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol