Ağ Ev ABŞ-ın Azərbaycandakı növbəti mümkün səfirinin adını açıqladı - Robert Cekuta. Düzdür, hələ məsələni tam həll olunmuş hesab etmək də olmaz. Belə ki, R.Cekutanın namizədliyini ABŞ Senatının təsdiqləməsi də lazımdır.

R.Cekuta hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, 2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morninqstarın səlahiyyət müddəti artıq başa çatır. Onu bu postunda kimin əvəzləyəcəyindən asılı olmayaraq, ehtimal edə bilərik ki, yaxın illər ərzində növbəti bir neft qoxulu diplomat Vaşinqton-Bakı münasibətlərinə cavabdeh olacaq. Yeni səfir Azərbaycan diplomatiyasının birmənalı şəkildə qərbyönümlü siyasi kurs yeritməsinə çalışacaq.

Çünki artıq Bakıya verilən zaman da bitmək üzrədir.

Azərbaycan hakimiyyəti bu ilin sonuna qədər seçimini etmək zorundadır - Avrasiya İttifaqı, yoxsa Avroatlantik məkana inteqrasiya tərəfdarı olduğunu imzası ilə təsdiq etmək məcburiyyətindədir. Şübhə yox ki, istər Vaşinqton, istərsə də Moskva bu seçimə təsir etmək üçün Azərbaycan hakimiyyətinə təzyiqlərini artırırlar.

Kreml təzyiqlərini gizlətmir və tələblərini açıq səsləndirir - MDB məkanı Rusiyanın qarşısında diz çökməlidir. Vaşinqton isə geosiyasi tələblərinə “demokratiya şəkəri” qatır. Odur ki, çoxları belə bir sual üzərində düşünür - Qərbin rəsmi Bakını küncə sıxan addımlarının arxasında nə durur - demokratiya tələbləri, geosiyasət, yoxsa neft maraqları?

Proseslərin təhlili onu deməyə əsas verir ki, Qərb üçün enerjidaşıyıcıları və təhlükəsizlik məsələləri prioritet təşkil edir. Bunlardan sonra insan haqları və demokratiya gəlir. Müşahidələr göstərir ki, Azərbaycanda demokratiyanın boğulmasının başlıca səbəbi böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan iqtidarı bunu İran və Rusiyanın təsiri ilə tarazlaşdıra bilir.

Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər.

Təbii ki, hakimiyyətin inzibati resurslarını, xüsusən də güc strukturları xalq etirazlarını yatırmağa kifayət edir. Neft gəlirləri artdıqca güc strukturlarının büdcə vəsaitləri çoxalır, bu da onların hakimiyyətə qarşı sədaqətini artırır.

Neft ölkələrinin tarixi göstərir ki, neft gəlirləri bir qayda olaraq mərkəzləşdirilmiş idarəetmə sisteminin daha da sərtləşməsinə gətirib çıxarır.

Neft və demokratik təsisatlar tərs mütənasib olaraq qalırlar. Siyasi təhlilçilərin sözlərinə görə, neftdən asılılıqla avtoritarizmin güclənməsi arasında birbaşa əlaqə mövcuddur.

Bu özünü Yaxın Şərq və Şimali Afrika ölkələrinin timsalında daha bariz nümayiş etdirir ki, onların sırasına Azərbaycanı da aid etmək olar.

Bu gün Qərb geosiyasət, enerjidaşıyıcıları maraqları, anti Rusiya koalisiyasında yer almaq kimi məsələlər barədə Bakı ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir, bölgədə sabitliyin qorunub saxlanılmasını arzu edir, demokratiya ilə bağlı tələblərini isə birmənalı şəkildə dondurur.

Lakin Qərb üçün Rusiya ilə savaşda rəsmi Bakı gözəl tərəfdaşdır. Elə buna görə də Vaşinqton avtoritar rejimlərin müttəfiqi simasında çıxış edir. Rusiya siyasi elitası özü də anlayır ki, gələcək perspektiv Avropa ilə əməkdaşlıqla bağlıdır.

Məhz buna görə də Rusiya siyasi elitası pullarını Avropa banklarında saxlayır. Rusiya siyasi hakimiyyətinin ən yüksək pilləsində təmsil olunan simaların övladları Avropada təhsil alır, orada biznes fəaliyyəti ilə məşğul olur. Biznes maraqları, təhsilin və səhiyyənin səviyyəsinə, insan kimi yaşamağa görə də Avropa daha təhlükəsizdir.

Bir tərəfdən burada enerji amilinin şübhəsiz rolu var. Hakimiyyət və Qərb bunu gizlətmir.

Qərb üçün dəyərlər və maraqlar mövcuddur. Qərb demokratik dəyərlərin təminatı məsələsini nəzərdə tutanda bunu ilk növbədə öz vətəndaşlarına şamil edir.

Azərbaycanda bu dəyərlərin tətbiqi məsələsinə gələndə isə burada maraqlar tərəfi daha üstün gəlir.

Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi demokratik dəyərlərdən özü imtina edir. Azərbaycandan bir çox layihələrdə tranzit ölkə kimi istifadə olunur. Bu da hakimiyyətə müəyyən dividentlər verməmiş deyil. Lakin uzun müddət demokratiyanı ayaqlamaq mümkün olmayacaq. Yəqin ki, ABŞ-ın yeni səfiri bu istiqamətdə əməli addımlar atmalı olacaq...

Azər RƏŞİDOĞLU(musavat.com)