Qərblə əlaqələrini kəsən Vladimir Putinin dövründə Rusiya Çinin kiçik tərəfdaşına çevrilib və Çin, ehtiyatla da olsa onu öz maraqları üçün manipulyasiya edir. Eyni zamanda, Pekin, Putin və onun yaxın ətrafı ilə məhdudlaşmayaraq, Rusiyanın hakim sinfi ilə sakitcə münasibətlər qurur.
“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”da dərc edilən yazıda belə deyilir. Nəşr hər iki ölkənin rəsmiləri və analitikləri ilə söhbətlərə əsaslanaraq, qeyd edir ki, Çin Putinin gedişindən sonra Rusiyanın gələcəyini formalaşdıracaq rəsmilərlə və elitanın üzvləri ilə əlaqələrini gücləndirir.
Rusiya kəşfiyyat xidmətlərinə yaxın bir mənbə qəzetə bildirib ki, Çinin Rusiyadakı casusluq şəbəkəsi genişlənir və Rusiyadakı orta səviyyəli məmurların bu işə cəlb olunması halları ölkədə getdikcə daha çox aşkarlanır: “Lakin Moskva münasibətlərin pisləşməsindən qorxaraq bu məlumatları ictimailəşdirməkdən və ya Pekinlə müzakirə etməkdən çəkinir. Eyni zamanda, Pekin artıq bir çox cəhətdən Rusiyanı özünə tabe edib və əhəmiyyətli güzəştlər qazanıb, baxmayaraq ki, Moskvanı və Putini şəxsən alçaltmamaq üçün öz üstünlüyünü ictimaiyyət qarşısında nümayiş etdirməməyə çalışır. "Çinin Rusiyanı bir növ nəhəng Laosa, nəhəng Pakistana çevirmək üçün həqiqətən əla şansı var - Çindən daha çox asılı, ona daha çox bağlı, Çini müasirlik haqqında model və ideya mənbəyi kimi görməyə daha çox meylli bir ölkəyə", - deyə Karnegi Mərkəzinin Rusiya və Avrasiya Araşdırmaları bölməsinin direktoru, çinşünas Aleksandr Qabuyev bildirib.
Pekin ehtiyatla, lakin israrla Moskvanı öz maraqlarına uyğun hərəkət etməyə məcbur edir, onilliklər boyu davam edəcək münasibətlər və strukturlar formalaşdırır. Putinin başqalarının "yaxın xaricdə" - keçmiş Sovet ölkələrində vəziyyətə təsir etmək cəhdlərinə qısqanclıqla yanaşdığı məlumdur və o, bu əraziləri hələ də yalnız Rusiyanın maraq çevrəsi hesab edir. Onun Ukraynaya müdaxiləsinin də əsas izahı budur. Lakin Putin, istəməsə də, tədricən Orta Asiyanı Çinə güzəştə gedir”.
Yazıda qeyd olunur ki, Rusiya Çin yuanı qarşısında da geri çəkilmək məcburiyyətindədir: “On ildən çoxdur ki, Rusiya Çinin artan təsirindən qorxaraq, yuanı Orta Asiyadakı layihələri maliyyələşdirmək üçün yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı İnkişaf Bankının əsas valyutası etmək fikrinə qarşı çıxırdı. Lakin Çin hökumətinin müşavirləri və diplomatları "Wall Street Journal"a bildiriblər ki, son bir ildə Si Cinpin Putindən bu vacib güzəşti əldə edə bilib. Onların sözlərinə görə, maliyyə təcridi Rusiyanı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edib və o, indi fəaliyyətinin Qərb sanksiyaları ilə məhdudlaşdırılmayacağına dair zəmanət almaq müqabilində həmin bankın üzvü olmağa hazırdır. Lakin Çinin aparıcı rol oynadığı digər beynəlxalq kredit təşkilatları indiyə qədər Rusiyaya bu cür sanksiyalardan yayınma mexanizmlərini təqdim etməkdən imtina ediblər. Xüsusilə, Qərbin təzyiqi altında Rusiya həm Pekində yerləşən Asiya İnfrastruktur İnvestisiya Bankından, həm də Şanxayda yerləşən BRICS bankı olan Yeni İnkişaf Bankından uzaqlaşdırılıb, çünki onlar Rusiyanın iştirakı ilə fəaliyyətini davam etdirə bilməyiblər”.
Məqalədə vurğulanır ki, Rusiya Çinin xammal əlavəsi olaraq qalır, onu əsasən böyük endirimlərlə neft və qazla, eləcə də digər təbii sərvətlərlə təmin edir: “Si 2013-cü ildə Putinlə ilk dəfə görüşəndə Çinlə ticarət Rusiyanın ümumi ticarət dövriyyəsinin təxminən 10%-ni təşkil edirdi. O vaxtdan bəri bu rəqəm dörd dəfə artaraq 40 faizə çatıb, Rusiyanın Çin ticarətindəki payı isə 4%-dən də az olaraq qalır.
Eyni zamanda, Pekin öz maraqlarını ciddi şəkildə qoruyur. Moskvanın onu "Sibir Gücü 2" qaz kəmərinin tikintisinə razı salmaq cəhdlərindən heç nə çıxmır. 2025-ci ilin sentyabrında Putinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin Çinə səfəri zamanı "Qazprom"un baş direktoru Aleksey Miller guya irəliləyiş olduğunu, "qaz kəmərinin tikintisi ilə bağlı hüquqi cəhətdən məcburi memorandumun" imzalandığını elan etdi. Düzdür, nədənsə o, bunu yalnız rusiyalı jurnalistlərə danışdı və əsas məsələ - qaz qiymətləri də daxil olmaqla şərtlər barədə heç bir məlumat vermədi. Pekin isə belə bir razılaşma haqqında bir kəlmə də danışmadı. 2026-cı ilin may ayında, Çinə 14-cü səfərindən əvvəl, Putin yenidən açıq şəkildə razılaşma əldə edilməli olduğunu bildirdi. Lakin onun gəlişindən əvvəl Pekinə gələn Rusiya nümayəndə heyəti çətinliklərlə üzləşdi. Danışıqlarla tanış olan mənbələr qəzetə bildiriblər ki, Çin rəsmiləri Millerə yalnız Rusiyanın daxili bazar qiymətinə qaz satacağı təqdirdə boru kəmərinə razılıq verəcəklərini açıq şəkildə bildiriblər.
Bundan əlavə, ruslara Pekinin şərtlərini qəbul edənə qədər məsələni bir daha qaldırmamaq tapşırılıb. Nəticədə Putinin bir gün sonra imzaladığı 42 müqavilə və bəyannamə arasında “Sibir Gücü 2” ilə bağlı heç bir sənəd yer almayıb.
Çin-Rusiya münasibətlərində geniş təcrübəsi olan alman iş adamı Yörq Vuttke deyir: "Si Putini imperatorun qəsrində qonaq kimi qəbul edib və sonra onu evinə göndərib. O hesab edir ki, Çinin yeni qaz kəmərinə razılıq verməsinin heç bir iqtisadi mənası yoxdur. Dünya çoxlu miqdarda mayeləşdirilmiş təbii qaz istehsal edir və böyük yaşıl enerji inkişafı proqramını həyata keçirən Çinin qaz istehlakının 2030-cu illərin ortalarında pik həddə çatacağı proqnozlaşdırılır.
Başqa bir ölkədən qaz ala bildikləri halda, niyə beş-altı il çəkəcək və bununla da Rusiyadan asılılıqlarını artıracaq bir qaz kəməri çəkməyə dair öhdəlik götürməlidirlər? Rusları aldatmağa davam etmək daha yaxşıdır”.
Sonda qeyd edilir ki, “Çin Rusiyadakı iqtisadi vəziyyət daha da pisləşənə, ruslar diz çökənə və sonra özü üçün əlverişli şərtlərə razılaşana qədər gözləyəcək”.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər