Rusiya rublu son günlər iqtisadi amillərlə yanaşı, geosiyasi qeyri-müəyyənlik fonunda ucuzlaşmaqda davam edir. Rusiya mediası rublun son ilyarımda xarici valyutalar qarşısında ən minimum səviyyəyə endiyini yazır.

Mütəxəssislər qeyd edirlər ki, rubl artan geosiyasi gərginlik, neft qiymətlərinin düşməsi və xarici valyutaya tələbatın artması fonunda zəifləyir. Hazırda valyuta bazarında avro 100 rubl həddini keçərək, 100,5-ə çatıb. Bu, son 18 ayın ən pik səviyyəsidir. Dollar isə 86 rubldan yuxarı ticarət olunur. Rubl həmçinin həftənin əvvəlindən bəri 10%-dən çox düşən neft qiymətləri səbəbindən təzyiq altındadır.

Gərginliyə səbəb olan amillərdən biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin 25 avqustda Moskvaya səfəri olub. Kreml bunu istəməsə də, bazar mövcud geosiyasətə reaksiya verir. Üstəlik, Rusiya Dövlət Dumasına gələn ay keçiriləcək seçkilərdən sonra gözlənilən səfərbərlik xəbərləri, siyasi və maliyyə qeyri-müəyyənliyi riskləri kimi amillər də rubla əlavə təzyiq göstərir.

Həmçinin, Vaşinqtonun İranla (Rusiyanın mühüm siyasi və ticarət tərəfdaşı) iş görən ölkələrə qarşı ikinci dərəcəli ABŞ sanksiyaları tətbiq etmək təhdidləri, eləcə də Ukrayna münaqişəsinin həlli üçün hazırda heç bir perspektivin olmaması müşahidə olunur ki, bu da rublun taleyinə təsirsiz ötüşmür.

Geosiyasi risklərlə yanaşı, avqust ayında Rusiyada maliyyə qaydası çərçivəsində nisbətən böyük xarici valyuta alışları da rubla təsir göstərir. Bu risklərə avtomobil, yanacaq və neft emalı zavodlarının təmir avadanlıqlarının idxalının artması fonunda real xarici valyutaya tələbatın artması da əlavə olunur.

Qeyd edək ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar, bu ölkə ilə sıx iqtisadi əlaqələri, tərəfdaşlığı olan ölkələrə də pis təsir edir. Qeyri-stabil Rusiya bazarı getdikcə öz cazibəsini itirir. Xüsusilə də həm ixrac, həm də idxal daxil olmaqla, bir çox kateqoriyalar və məhsullar üzrə Rusiya bazarına fokuslanmış qonşu ölkələr bu müharibənin fəsadlarını öz iqtisadiyyatlarında getdikcə daha çox hiss etməyə başlayırlar. Bu üzdən həmin ölkələr üçün təklif və tələbin şaxələndirilməsi, digər bazarlara və istehsalçılara çıxış imkanlarının yaradılması olduqca vacibdir.


Bunu artıq bəzi ölkələrin timsalında görürük. Məsələn, elə Azərbaycanın özü taxıl tələbatını ödəmək üçün Rusiyadan asılılığını azaldaraq, Qazaxıstanla əməkdaşlığa üstünlük verməli olur.

Bu arada Rusiyanın kənd təsərrüfatı sektoru da Ukrayna ilə münaqişənin mümkün eskalasiyasına və uzanmasına mənfi reaksiya verir. Dünya bazarında buğda fyuçersləri 2,6% artaraq 2023-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, Rusiya və Ukrayna birlikdə dünyanın qlobal taxıl ehtiyacının təxminən 30 faizini təmin edir, bu isə olduqca böyük rəqəmdir. Treyderlər müharibədə artan eskalasiyanın taxıl tədarükünün daha da pozulmasına səbəb olacağından qorxurlar. Limanlara endirilən zərbələr artıq Qara dəniz vasitəsilə ixracı olduqca çətinləşdirib. Eyni zamanda, Yaxın Şərqdəki müharibə səbəbindən artan enerji və nəqliyyat xərcləri də taxılın qiymətini bahalaşdırır.

Bir sözlə, müharibə uzandıqca, bunun əziyyətini təkcə Ukrayna deyil, Rusiya özü və bütünlükdə dünya iqtisadiyyatı, xüsusilə də Rusiya və Ukraynadan taxıl gözləyən kasıb ölkələr çəkməyə başlayır. Savaşın sonu isə hələlik görünmür…

E.Qüdrətoğlu

“AzPolitika.info”