Slovakiyada hakimiyyət-mafiya əlaqələrini araşdıran jurnalistin və rəfiqəsinin güllələnərək öldürülməsinə görə yaranmış siyasi böhran dərinləşir. Virtualaz.org xəbər verir ki, ictimaiyyətin və müxalifətin təzyiqləri altında hökumətin daha bir üzvü-daxili işlər naziri Robert Kalinyak istefa verdiyini elan edib.
Daxili işlər naziri bəyan edib ki, qətlin araşdırılması və günahkarların məhkəmə qarşısında dayanması onun özü üçün olduqca mühümdür. “Bununla belə emosiyalar mütləq maksimuma çatıb. Mən koalisiya üzrə tərəfdaşlarımızın baxışlarını hiss edirəm və ona görə də düşünürəm ki, ölkədə sabitliyi saxlamaq üçün hər şeyi etməliyəm. Bax bu səbəbdən də istefa verirəm”-nazir bildirib.
Kalinyak deyib ki, istefa barədə qərarı könüllü verib və bu barədə baş naziri, parlamenti məlumatlandırıb.

Avropa İttifaqına üzv olan ölkədə tənqidçi və araşdırmaçı jurnalistin qətli böyük rezonans doğurub. Bu hadisəyə görə mədəniyyət naziri də daxil olmaqla bir neçə yüksək vəzifəli məmur istefa verib. Lakin ictimaiyyət baş naziri Robert Fitsin və daxili işlər naziri Kalinyakın istefasını tələb edirdi.

Ötən həftə sonu Bratislavada və Slovakiyanın daha 50 şəhərində izdihamlı nümayişlər keçirilib. Etirazçılar jurnalistin qətlinə görə baş nazirin və daxili işlər nazirinin istefasını, növbədənkənar seçkilərin təyin edilməsini tələb edirdilər.


Şərhlər