Unitazı tribuna, tualeti dəyirmi masa bilənlər...

Əliməmməd NURİYEV

"Fərdə, yaxud cəmiyyətə birbaşa ziyan gətirən, yaxud onlar üçün özündə birbaşa ziyan təhlükəsi daşıyan hər şey fərdi azadlıqlar dairəsindən çıxarılmalı mənəviyyat və ya qanun dairəsinə aid edilməlidir".

Son vaxtlar Avropa liberalizminin paytaxtlarından səslənən küfr, söyüş və təhqirlərə qulaq kəsilərkən elə liberalizmin atalarından hesab edilən Con Stüart Milin bu sözlərini xatırlamaya bilmirəm. C.Mill hələ 1859-cu ildə özünün liberalların ayəsinə çevrilən "Azadlıq haqqında” essesində bu barədə yazırdı. Avropaya sığınmış bir qrup özünü siyasi mühacir adlandıran şəxsin Azərbaycanda dövlət başçısına, siyasi rəhbərlikdə təmsil olunan şəxslərə, ayrı-ayrı siyasətçilərə, jurnalistlərə, ictimai fəallara və onların ailə üzvlərinin ünvanına səsləndirdikləri hədyanlara müxtəlif bəhanələrlə, yaxud susmaqla haqq qazandırmağa çalışanlara onların vəsf etdikləri liberalizm bütlərindən Milin bu fikirlərini bir daha oxumağı tövsiyə edirik. Doğurdanmı hələ özünü tanımayan, yaxud özünü tapmayan, bəlkə də, Avropanın "ifrat azadlığı”nda özünü itirən iki cüt-bir tək növcavanın və uğursuz "hüquq müdafiəçi”sinin təhqirlərinə dözməliyik?

Sual ritorikdir və özünü tanımayan bu cavanlara Azərbaycanın cəmiyyətinin ən azı düşünən hissəsinin onlar haqqında fikirlərini öyrənmək imkanı verməliyik. Azərbaycan cəmiyyəti, az-çox normal mühakimə qabiliyyətinə malik insanlar bu şəxslərin şəxsiyyəti, baxışları, dəyərləri haqqında elə onların işlətdiyi sözlər, ifadələr kontekstində fikir yürüdürlər. Unitazı tribuna, tualeti dəyirmi masa zalı, klounluğu, təlxəkliyi, vulqarlığı, siyasi natiqlik, ekran, displey, kamera qarşısında söyüş söyməyi cəsurluq bilənlərlə başqa necə qiymət vermək olar?

İlk vaxtlar Avropada belə, özünü hələ tapa bilməyən növcavanlar və ağılsızlığı nə yaşı, nə də başı ilə ölçülə bilməyən uğursuz "hüquq-müdafiəçisi”nin çıxışlarına ən müxtəlif səbəblərdən yarana biləcək hirsin-hikkənin görsənişi kimi baxmaq olardı. Subyektiv qəzəbin innovativ ifadə forması kimi. Hətta dözmək, başa düşmək, bağışlamaq da olardı. Amma proseslərin sonrakı inkişafı göstərdi ki, ilk vaxtlar bir neçə gəncin ekstravaqant etiraz manerası təsiri bağışlayan bütün hərəkət və əməllər bütövlükdə Azərbaycana, milli dəyər və əxlaq normalarına qarşı çox dəqiqliklə düşünülmüş, addım-addım planlaşdırılan, pedantcasına həyata keçirilən "səlib yürüşüdür”. Məqsəd özlərinin ifadə etdiyi kimi guya "Azərbaycanda inqlab etmək”, yaxud "inqlabi situasiya yaratmaq”dır. Bu "səlib yürüşü”nün sponsor və təşkilatçıları üçün dahi Makiavellidən sonra müzakirə olunan "məqsəd vasitəyə haqq qazandırmalıdırmı?” - dilemmasının cavabı aydındır. Onlar icraçılar üçün yalnız bir "qızıl qayda” qoyublar - "Müqəddəs heç nə yoxudur”. İcraçıların bütün dəsti-xətti məhz bu prinsipə söykənir. Siyasi mübarizə üsulları, siyasi mədəniyyət, siyasət və əxlaq, siyasi satiranın siyasi mübarizədə rolu ilə bağlı hər hansı mükalimə və müzakirəni tamamilə rədd edilməsi, buna cəhd edənləri birbaşa nişan almaqla söymək də bu tapşırıqdan irəli gəlir. Bu icraçılar bəlkə də özləri də fərqinə varıblar ki, onlardan zombi kimi istifadə olunur və yaxud hansısa qüvvələrin "unversal virtual əsgər”, "virtual anarxist” yetişdirilməsi eksperimentinin qurbanıdılar. Ola bilsin ki, özləri üçün artıq çıxış yolu görmürlər, ona görə tarana gedir, kamikadzelik edirlər. Çünki bəlkə də, anlayıblar ki, "şeytanla müqavilə əbədi bağlanır”, xüsusən "yaşıl şeytanla müqavilə” pozula bilməz. Bəlkə də, çıxış yolu axtarmırlar...

Zombi olmaq elə onların öz seçmidir?

Müasir informasiya-kommunikasiya texnologiyaları 19-cu əsr anarxizm, inqilabi terrorizm ideyalarının virtual məkanda hədəf ölkələrə, hökumət və siyasi liderlərə qarşı innovativ üsullarla tətbiqinə imkan yaradıb. Bizim bu Avropa paytaxtlarının tualet və zibilliklərində eşələnməklə, siyasi mübarizə apardığını elan edən başıbəlalı, özünü tanımayanlar bilməzlər. Amma onların sponsorları və rejissorları çox yaxşı bilir. 1869-cu ildə Cenevrədə Neçayevin "İnqilabçının katexisizi” adlı əsəri çap olunur. Əsərdə inqilabçının rəhbər tutmalı olduğu prinsiplər və baxışlar yer alıb. 4-cü bənddə qeyd olunur ki, "O, (inqilabçı) ictimai rəyə nifrət edir. İndiki ictimai əxlaqın bütün təzahür formalarına nifrətlə yanaşır. Ona mane olan hər şey əxlaqa ziddir və cinayətdir”.

Bu özünü tapmayan şəxslər bilsinlər ki, onlar hələ 149 il əvvəl dərc olunan rəhbərliyə əsasən idarə olunurlar. Onlardan milli əxlaqımızı, dəyərlər sistemimizi, biz sözlərə bizi-biz edən dəyərlərimizi sarıstmaq, dağıtmaq, milli təhlükəsizliyimizə təhdidlər yaratmaq üçün "Katexisiz”də qeyd edilən kimi istifadə olunur. Onu da qeyd edək ki, az sonra Neçayevin və digər "inqilabı makiavelliçilər”in yazdığı bu qaydaları bolşeviklər əsas götürdülər. Onların inqilabı isə bütün bəşəriyyət, ayrıca bizim xalqımız üçün çox dəhşətlər gətirdi. Bolşevik inqilabının sponsorlarından biri isə o zamankı Almaniya hakim dairələri idi...

Siyasi satira tənqidi təfəkkürün formalaşmasında spesifik rol oynayaraq ictimai-siyasi proseslərin obyektiv dərk olunasına böyük töhfə verir. Bu baxımdan siyasi satira obrazlar və simvollar vasitəsilə tənqidi mühakimələrin daha geniş kütlələrə çatıdırılmasını təmin edir. Müasir siyasi mübarizə prkatikasında da geniş yayılıb və effektiv istifadə olunur. Amma siyasi satira Qərb ölkələrinin praktikasında heç vaxt siyasətçilərə münasibətdə şərəf və ləyaqətin alçaldılması üsulu kimi istifadə olunmur. Oluna bilməz. Siyasətçilərin siyasi kimliyi tənqid olunur. Bu başıbəlalı "zombiboy”ların istinad etdiyi Qərb siyasi satira praktikası məhz siyasi kimliyin tənqid olunmasına köklənir. Bunların əsası hələ Qədim Yunanıstan siyasi praktikasına gedən, Böyük Fransa İnqilabında cilalanan siyasi satiranın böyük irsindən öyrəndikləri isə unitaz və zibillikdə eşələnmək olub.

Təəssüf və min təəssüf ki, Volterin, Hötenin, Hegelin vətəni olan ölkələrindən belə küfrlər səslənir və Azərbaycan dövləti, onun atributları, milli əxlaq dəyərlərimiz hədəf alınır. Min təəssüf ki, liberal, demokratik Avropa ölkələrinin paytaxtlarında buna dözümlü yanaşırlar. Görən bu təmkin doğurdanmı söz və fikir azadlığına hörmətdən qaynaqlanır? Görəsən, Yunanıstanda iqtisadi böhran baş verdiyi zamanlarda, 3-4 il əvvəl Almaniya siyasi rəhbərliyinin ünvanına azərbaycanlı mühacirlərin söyüşlərinin heç yüzdə biri qədər olmayan tənqidlər və satirik fikirlər səslənəndə rəsmi Berlin bütün Avropanı niyə silkələyirdi və Afina hədələnirdi? Bu sual da ritorikdir və sadəcə Avropa ölkələri də dəfələrlə sübut ediblər ki, Makiavellinin fikirlərini çox yaxşı mənimsəyiblər. C.Millin ifadə azadlığı barədə dediklərini isə xüsusən son zamanlar fərqli interpretasiya edirlər. Azərbaycan da, bizlər də gərək bunu nəzərə alaq...

635x100

Şərhlər

polad 2018-03-26 20:29:30

vaxti ile muxalifetde olan eline aq bayraq alib cemiyyete aqil verir .....

Vətəndaş 2018-03-26 20:29:30

Mən bu yazını oxumadan bildirirəm ki,....

G.M 2018-03-26 20:29:30

Söyüşün institutlaşması da əsgi cəbhəçi hafizdən,ə.əbiyevdən başlayıb.

S.Cəlaloğlu 2018-03-26 20:29:30

Avropanın liberal tarixindən və dövlət demokratiyasından dərs verən müəllif, söyənlərə təsisatların tualet və unitaz olduğunu göstərib. Əksəriyyət həmin "anti-mmilli" söyüşdən tam xəbərsizdi. Eşidilməyən tənqid yumora və satiraya çevriləndə hakimiyyət onu qlobalca dəf etməyə çalışır. Təhlükə varsa, özü geri çəkilməlidir! QHT bölgüçüsü (təbii sərvətsiz belə) daha güclü dövlətlərə qarşı Qərbin qısqanmamasına hesabi izahat verməyib?

Elbrus Hüseynov 2018-03-26 20:29:30

Bərəkallah ......

t.ədalət 2018-03-26 20:29:30

Avropada kimlərinsə çıxcışlarına münasibət bildirməklə "manqaldan kabab tikəsi qazanmağa çalışanlar",əslində "yazı-pozuları" ilə xəbəri olmayanları da məsələdən hali edirlər.Zənnimizcə,Avropadakı söz-söhbəti unutmaq,onu təhlil etməkdən yaxşıdır.

Asim 2018-03-26 20:29:30

Yaxşı olar ki,onları bu söyüşə təhrik edənləri qınıyasan.

Əlliməmmədə 2018-03-26 20:29:30

Bu hekayə kimə gərəkdir? Məqsəd bəlli deyil,konkretlikdən uzaq sicilləmədir.Ola bilsin bəzi iqtidar nümayəndələrini niçan tutub.Amma yenə məqsəd bəlli deyil.

Son yazılar