Bu gün jurnalist Rauf Mirqədirovun ad günüdür. Hazırda ağır ittihamlarla həbsdə olan jurnalistin anası Rəfiqə Mirqədirova oğlunun ad günü ilə bağlı kiçik həcmli müraciət-məqalə yazaraq “AzPolitika”ya göndərib. Rəfiqə xanımın qeydlərini təqdim edirik:
Bu gün Raufun ad günüdür. 53 yaşı tamam olur. 53 il qabaq atası ağaca çıxıb doğum evinin pəncərəsindən oğlunu görəndə həyatının ən xoşbəxt günü idi. 53 il sonra isə Rauf məhbəsə atılanda ən bədbəxt günü yaşadı ata. Və daha yaşaya bilmədi. Onu ən çox ağrıdan Raufun üstünə qoyulan ad idi. Axı bu necə ola bilər?! Vətənini canından artıq sevən oğlunu vətənə xəyanətdə ittiham etsinlər. Çünki Raufun təmənnası yalnız xalqının azadlığı, dövlətinin qüdrəti, oxucularının sevgisi idi. Özü üçün heç vaxt heç kəsə ağız açmazdı. Bir dəfə mən ondan xahiş etdim ki, “Dövlətimiz ev tikib jurnalistlər üçün paylayır, sənin evin yoxdur, müraciət elə, verəcəklər. Necədə olsa əməkdar jurnalistsən, 25 ildir yazırsan”. Rauf razı olmadı. Haqqı çatacağı şeyi belə istəməyə razı olmadı. İndi bu cür adama qarşı belə ittiham! Yaraşmır...
Deyirlər əsl ziyalılar millətin namusudur, vicdanıdır, güzgüdə görsənən ən saf, ən müsbət keyfiyyətlərinin əksidir. Onsuz da ləkə götürməyəcək. Amma çox qorxuram ürəyi dözməyə, atası kimi. Günahdır. Uca Rəbbim deyir ki, dünyanın bu başında bir körpə belə ağlayırsa mütləq o başından bir əks-sədası olacaq. Ona görə yalnız yaxşılıq edərək dünyanın nizamını saxlamaq olar. Raufun yeganə sərvəti onun savadı, intelekti, yazılarıdır. Mən onu çox vaxt Don Kixota bənzədirdim. Eynən Don Kixot kimi xeyirxahlığa can atmağı, xeyirxahlığın özündən belə üstün bilib həmişə. Bizi çox vaxt özündən nigaran qoyub. Ya 20 yanvar gecəsi atəşin ən gür yerində olub, ya Qarabağ müharibəsinin ən pis vaxtında (özü üçün əsir düşəcəyi ehtimalını gözə alaraq, cibinə cəmi bir güllə olan silah qoyub) jurnalist kimi cəbhə zonasına səfərlər edib, fövqəladə vəziyyət vaxtı qeyri-leqal qazet çıxarıb, “Zerkalo”nun redaksiyasına həmkar dostunun üstünə gələn nazirin qabağına çıxıb, “Biz bunun üçünmü mübarizə aparırdıq?” deyərək onu saxlamağa çalışıb. Rauf bütün dövrlərdə bacardığı kimi həqiqətə xidmət etməyə çalışıb. İstər Sovet dövründə, istər fövqəladə vəziyyət, istər 90-cı illərdə, istərsə də sonra.
Bugün mənim oğlumun ad günüdür. 53 yaşı tamam olur. Ömründə birinci dəfədir ki, bu günü doğmalarının, dostlarının əhatəsində deyil, məhbəsdə qeyd edir. Nə düşünür, özünü necə hiss edir bilmirəm. Özünü pis hiss edəndə belə vəkilləri bunu məndən gizlədirlər, heç mətbuata da vermirlər, bilirəm. Bu doğum günündə ona azadlığa çıxmaqı arzulayıram. Doğrudanda həyatda ən şirin şey azadlıq imiş. Allaha hər gün dua edirəm ki, oğlum azad, atasının ruhu şad olsun! Sizdə dua edin. Deyirlər ki, hər ağızda bir hikmət var. Bəlkə uca Rəbbim birini eşidə, məni oğluma qovuşdura.

Şərhlər