Menu

"RUSİYANIN GÜCÜ QALMAYIB..." - "Qərbə güzəştə getməkdən başqa çıxış yolu yoxdur"

14.04.2018, 17:45
"RUSİYANIN GÜCÜ QALMAYIB..." - "Qərbə güzəştə getməkdən başqa çıxış yolu yoxdur"

ABŞ-ın Suriyaya son zərbəsi və Rusiyaya qarşı sanksiyaları Moskvanı güzəştlərə vadar edə bilər

ABŞ və müttəfiqlərinin Suriyaya son hücumu və Rusiyanın dəstəklədiyi Əsəd rejiminin bu zərbə qarşısında olduqca aciz qalması, həm də Vaşinqtonla Moskvanın hərbi, siyasi və iqtisadi güc baxımından nə qədər fərqli səviyyələrdə olduğunu biruzə verdi.

İlk növbədə, bu hücum və ona verilən qarşılıq Qərb koalisiyasının hərbi gücünün yeni ağıllı texnologiyalarla təminatı cəhətdən Suriya rejiminin əlindəki Rusiya hava hücumundan müdafiə sistemlərini xeyli üstələdiyini göstərdi. Rusiya tərəfi 20-dək raketin vurulduğunu iddia etsə də, bu əməliyyatda istifadə olunan təyyarələrə heç bir qarşılıq verilməsi mümkün olmadı və koalisiya itki vermədi. Rusiyanın tanınmış politoloqlarından olan Leonid Radzixovski də bu məsələyə toxunaraq, "Haqqın.az"a açıqlamasında deyib ki, Moskva hazırda geri çəkilməkdədir və hücum etməyə qadir deyil.

Politoloq qeyd edib ki, əslində Rusiyanın fəlakətə bərabər səhvi Krımı işğal etməsidir: "Bu səhvi düzəltmək mümkün deyil, Moskva siyasi elitası heç vaxt Krımdan və Sevostopoldan imtina etməyəcək. Və bundan yararlanan Qərb də Rusiyanın öz boynuna keçirdiyi bu kəndiri iqtisadi sanksiyalarla daha da möhkəm sıxacaq".

Politoloq deyib ki, Rusiyanın artıq Suriya məsələsini həll edəcək psixoloji və fiziki gücü qalmayıb. Onun fikrincə, ölkəsi Suriya ilə yanaşı Dnestryanı, Cənubi Osetiya və Dağlıq Qarabağ kimi konfliktləri də həll edəcək fiziki gücə və digər resurslara malik deyil.

Bəs indi Rusiyanı nə gözləyir və hansı addımlar atılacaq? Suriyaya Putinin mövqeyi və Rusiya rəsmilərinin hədə-qorxularına rəğmən güclü zərbə endirilməsi digər məqamlarla yanaşı, Moskvanın beynəlxalq nüfuzunun tapdalanması kimi də qiymətləndirilə bilər. Elə Leonid Radzixovski də bu məsələyə toxunaraq deyib ki, artıq Rusiayanın Qərbə güzəştə getməkdən başqa çıxış yolu yoxdur: "Rusiyanın Qərbin qarşısında geri çəkilməsi və güzəştlərə getməsi qaçılmazdır. Ancaq bu, cəmiyyətə geri çəkilmə yox, hücum kimi təqdim ediləcək..."

Şərhlər

hərbi pensiyaçı 2018-04-14 17:45:39

Hitler Almaniyası SSRİ-yə hücüm edəndə onların hansının iqtisadiyyatı və hərbisi güclü idi? Boş-boş danışmayın. İnsan əqidəsi və inamı qarşısında hər şey acizdir, hətta ən güclü silahlar belə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol