Düşmən arxasında - Kəlbəcərdə baş verən olayın təfərrüatları məlum oldu
İşğal altında olan Kəlbəcər rayonunda ata-baba yurdunu növbəti dəfə ziyarət edərkən düşmənin əsir götürdüyü Dilqəm Əsgərovun ailə üzvləri Bizimyol.info-ya danışdılar.
Dilqəm Əsgərovun atası Qardaşxan kişi ilə Kəlbəcər ziyalıları vasitəsilə əlaqə yarada bilsək də, o, danışmaqdan imtina etdi və jurnalistlərə qapılarına gəlməməyi də məsləhət bildi. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə "Bizim Yol"a açıqlamalar verdi. O, atasının mütəmadi olaraq Kəlbəcərə, ata-baba yurduna ziyarətə getdiyini dedi: "Atam Rusiyada işləyirdi. Arabir gəlib-gedirdi. Kəlbəcərə də dəfələrlə gedib-gəlib. Amma evdən gedəndə heç vaxt hara getdiyini deməzdi ki, biz narahat olmayaq. Bu dəfə iyunun 19-da gedib. Bundan sonra bizimlə heç bir əlaqəsi olmayıb, zəng etməyib. Bir də eşitdim ki, videosu internetdə yayılıb. Baxdım, gördüm atamdır. Bakıya gəlib Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət etdim. Sabah (bu gün-red) dövlət qurumlarına müraciət edəcəyəm".
K.Əsgərovun sözlərinə görə, atasının dövlət orqanları ilə heç bir əlaqəsi olmayıb və Kəlbəcərə sırf öz təşəbbüsü ilə gedib: "Kəlbəcər ata-baba yurdumuzdur. Ölülərimizi ziyarət etməyə getmək üçün kimdənsə icazə almalıyıqmı? İkincisi, əgər atam hökumətin adamı idisə, Rusiyada niyə gedib fəhləlik edirdi? Dövlətə işləyirdisə, pul yox idi ki, onu dolandırsınlar?! Atamın hökumətlə heç bir əlaqəsi olmayıb və həmişə olduğu kimi, bu dəfə də özü dostları ilə birgə Kəlbəcərə gedib". K.Əsgərov bu günə qədər dövlət nümayəndələrindən kimsənin ailə ilə maraqlanmadığını da dedi.
Qeyd edək ki, D.Əsgərovun ailəsi Şəmkirin Çınqıllı qəsəbəsində məskunlaşıblar. D.Əsgərovun 2 qızı, 2 oğlu, 2 nəvəsi var.
D.Əsgərovla bərabər saxlanılan Şahbaz Quliyevin qohumları ilə əlaqə yaratmağa isə hələlik müvəffəq olmamışıq. Onun ailəsinin Tərtər rayonunun Qapanlı kəndində məskunlaşdığı bildirilir.
"Dilqəm Əhmədov ermənilərin əlinə düşməzdən öncə Azərbaycana zəng edib. Bu barədə məlumatı Dilqəm Əhmədovun qohumu, Elxan Nəbiyev verib (Mövqe.az). E. Nəbiyev bildirib ki, Dilqəm Əhmədov Azərbaycana Şahbaz Quliyevin yaxınlarına zəng edərək bildirib ki, ermənilər Həsəni güllələyiblər: "Dilqəm deyib ki, Şahbazı isə tutduqdan sonra gözünü çıxarıblar. Bizə çatan məlumatlara görə, elə Dilqəmi erməni MTN-i həmin mobil telefon vasitəsilə yerini müəyyənləşdirərək ələ keçirib. Çünki o Rusiya vətəndaşı olduğundan, Rusiyanın abonenti olduğu mobil operatorı vasitəsilə Azərbaycanla əlaqə saxlayıb".
Elxan Nəbiyev Dilqəmin Kəlbəcərə keçməzdən öncə onunla da əlaqə saxladığını bildirib: "Biz onunla planlaşdırmışdıq ki, avqustda doğma yurdumuza keçək. Amma bu dəfə o Permdən bir az gec gəlib. Mən isə Hacıkənd tərəfə gəlmişəm. Aşağı düşəndə gördüm Dilqəm mənə zəng edib. Təkrar onu arasam da zəng çatmadı. Öyrəndim ki, Şahbaz və Cəbrayıldan olan Həsənlə birgə o taya keçiblər. Bilirsiniz, indi hərə bir söz deyir. Amma Dilqəm ələ keçəsi oğlan deyildi. O, o tərəflərin torpaqlarını addım-addım tanıyırdı. Bu birinci dəfə deyildi ki. 1999, 2001, 2002, 2004,2006, 2009-cu illərdə Dilqəm Kəlbəcərə, Şaplara gedib, sağ-salamat qayıdıb. Heç ələ keçəcəyini ağlına da gətirmirdi. Çox hünərli oğul idi Dilqəm. O deyirdi ki, öz torpağıma keçmək üçün düşməndən icazəmi almalıyam. Axı onu niyə qınayırlar? Uşaqlığımız onunla bir kənddə keçib. O torpaqların qoxusunu içinə çəkmək istəyirdi. Çox təəssüf ki, ehtiyatsız davranıb bu dəfə. Araq ələ verib onları. Yoxsa o ələ keçəsi oğul deyildi. Peşmanam ki, mən onunla getmədim ora. Kaş mən də gedəydim, qoymazdım onları fermadan araq götürüb içməyə".
E.Nəbiyev 2012-ci ilin yayında Dilqəmlə Ağdərəyə keçdiklərini, yolu- izi yoxladıqlarını da söylədi: "Mən özüm də bir dəfə təkcə o tərəfə keçmişəm. Amma nə yalan deyim, tək olduğum üçün gecəynən geri qayıtmışam. Dilqəmin başına ermənilər pul qoymuşdu".
Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yaydı ki, "hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq".
Habelə Dövlət komissiyası bildirir ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda Kəlbəcər rayonu ərazisində girov götürüldüyü yayımlanan Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Komissiyanın diqqət mərkəzindədir: "Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib".
Kəlbəcər Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, soydaşlarımızın dəfələrlə Kəlbəcərə keçdikləri barədə məlumatlı olublar. "Biz onlardan Kəlbəcərə gedərkən yox, qayıdanda xəbər tutmuşuq. Onların vətən həsrətini anlayırıq. Amma gərək onlar da qarşı tərəfdə düşmən olduğunu anlayardılar. Təhlükəni başa düşərdilər. Azərbaycan hökumətinin Dilqəmin və Şahbazın azad edilməsi üçün əlindən gələni edəcəyinə əminik. Biz də onların yaxınları ilə tez-tez əlaqə saxlayırıq", - deyə icra başçısının birinci müavini Eldəniz Mehtiyev movqe.az-a açıqlamasında bildirib.
E.Mehtiyev Dilqəm Əsgərovun vətənini sevən, torpağına bağlı insan olduğu bildirib. Onun sözlərinə görə, Dilqəm bu il Kəlbəcərin işğalının ildönümündə Bakıda tədbirə qatılıb.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, həbs edilənlər hərbi əsir hesab olunmayacaqlar və onlar cinayətkar kimi təqib ediləcəklər. O, həmçinin saxlanılanlar barəsində beynəlxalq hüquq normalarının və Cenevrə konvensiyalarının tətbiq edilməsinin mümkünlüyünü rədd edib.
Bunun ardınca Dağlıq Qarabağın separatçı rejiminin qondarma baş prokurorluğu iyulun 11-14-də saxlanılmış Azərbaycan vətəndaşları, keçmiş Kəlbəcər rayon sakinləri Şahbaz Quliyev və Dilqəm Əsgərov barəsində cinayət işi açılması ilə bağlı məlumat yayıb. Ermənilər bildirirlər ki, guya nəzarətlərində olan ərazilərimizə böyük diversiya qrupu keçib, onlardan Həsən adlı biri öldürülüb, yuxarıda adları çəkilən şəxslər saxlanılıb, digərlərinin tapılması üçün geniş miqyaslı axtarış-əməliyyat tədbirləri aparılır. Ermənilər saxlanılanları diversiya qrupu adlandırırlar və onların üzərində avtomat, qumbara, partlayıcı maddə, kəşfiyyat xarakterli çəkiliş aparmaq üçün videokamera və s. olduğunu iddia edirlər.
Xatırladaq ki, Dilqəm Əsgərov və Ş.Quliyevin girov götürüldüyü ilə bağlı erməni telekanallarında şou düzəldilib. "Diversantlar"la şiddətli atışmanın olması, ölü və yaralılarının olduğu barədə yalan məlumatlar yayılır. Əslində Dilqəm Əsgərov son 7-8 ildə doğulduğu Kəlbəcər rayonuna dəfələrlə gedib, doğma kəndini, obasını ziyarət edərək, gördüklərini doğmaları ilə bölüşmək üçün lentə köçürür və geri dönürmüş. Həm də bu görüntülər internetdə yayımlanırdı. Hər halda diversiya qrupunun çəkdiyini internetdə yayması da inandırıcı deyil və ermənilərin arqumentlərini darmadağan edir.(Bizimyol.info)


Şərhlər