ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə açıqlama yayıb.
Bəyanatda deyilir:
«Bu bəyanatın məqsədi son zaman ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir. Təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir nizamsızlıq və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət edilib, proses tam ədalətli və şəffaf keçib.
Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü il mayın 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAID-in Azərbaycandakı facebook səhifəsində yerləşdirilib. İyunun 10-da proqram barədə məlumat USAID-in Azərbaycandakı veb-səhifəsində də diqqətə yetirilib».
Səfirlik bildirir ki, təkliflərin qəbuluna 2014-cü il mayın 21-dən iyulun 7-dək vaxt ayrılıb.
Yerli mediada USAID-in 2.4 milyonluq qrant layihəsinin elanında şəffaflıq prinsiplərinin pozulmasını iddia edən yazılar yer alıb.


Şərhlər