İyulun 15-də Bakının Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzovanın banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit götürərək onlara ödətdirməsi barədə məlumat yayıldı. Bu iddia ilə ilk dəfə özünü hüquq müdafiəcisi kimi təqdim edən Teymur Rza adlı şəxs çıxış etdi. Lakin orta məktəblərdə yay tətili olduğu üçün İradə xanımla əlaqə yaratmaq mümkün olmadı. Yəqin bu səbəbdəndir ki, KİV-lər 171 saylı məktəblə bağlı verilən informasiyalarda qarşı tərəfin mövqeyinə yer verə bilmir. Nəhayət azinform.az bu gün direktorun özü ilə əlaqə saxlamağa müvəffəq olub.
İradə Murquzova onun barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Direktor hesab edir ki, bu proseslər ona qarşı məqsədli şəkildə aparılan qara piar kampaniyasının tərkib hissəsidir: «Mən çox təəssüf edirəm ki, bu prosesdə medianın da imkanlarından geniş istifadə olunur. Artıq üç gündür ki, şər-böhtan terroruna məruz qalmışam. Bu müddət ərzində barəmdə bəzi KİV-lərdə dəqiqləşdirilməyən, həqiqətdən uzaq məlumatlar yer alıb. Nəticədə mənim işgüzar nüfuzuma, şərəf və ləyaqətimə ağır zərbə dəyib. Təbii ki, mən bütün bu məsələlərin hüquq müstəvisində araşdırılmasını tələb edəcəm. Sizi əmin edirəm ki, bu böhtan kampaniyasında iştirak edənlərin hər biri öz layiqli cəzasını almış olacaq».
İradə Murquzova informasiyanı ilk yayan Teymur Rza haqqında da danışdı:
«Teymur mənim tələbə yoldaşım olub. Ali məktəbdə bir qrupda oxumuşuq. Mən bu informasiyalar yayılanda bilmişəm ki, sən demə Teymur həm də, hüquq müdafiəçisiymiş. Niyə jurnalistlər araşdımır ki, həmin adam indiyə qədər kimin hüquqlarını müdafiə edib? Nəzərinizə çatdırmaq istəyirəm ki, mənə şər atan müəllimələrdən biri — Kifayət Rzayeva Teymurun həyat yoldaşdır. Yəni Teymur hələ ki, öz ailəsinin hüquqularını qorumağa cəhd etmək istəyir. Kifayət bizim məktəbdə musiqi müəlliməsi işləyir. Mən onu da tələbəlik illərindən tanıyıram. Yəni digər müəllimlərlə müqayisədə şəxsi münasibətlərimiz bir qədər yaxın olub. Məhz bu səbəbdən də, mənə borc pul lazım olanda Kifayətə müraciət etdim. O, mənə lazım olan pulu borc şəkilində verdi. Mən bilmirdim ki, Kifayət bu pulu hardan alıb. O, ali təhsilli müəllimədir. Necə ola bilər ki, başqasının adına kredit götürsün, pulunu da özü ödəsin? Mən tələb edirəm ki, qoy götürdüyü kreditin sənədlərini media vasitəsilə nümayiş etdirsin. Onda bəlli olacaq ki, krediti kim götürüb. Mən heç kimin ailəsinin daxili işinə qarışmaq istəmirəm, ancaq dəqiq deyirəm ki, Teymurla Kifayətin arasında ciddi problemlər var. Teymurun özü mənə dedi ki, bu elə mənim əlimdə ondan ayrılmaq üçün bir bəhanədir. Yaxşı olar ki, insan birinci öz ailəsinin qədrini bilsin. Belə olmayan təqdirdə, hansı hüquq müdafiəçiliyindən söhbət gedə bilər».
Direktor daha sonra ona qarşı aparılan qərəzli kampaniyada iştirak edən digər müəllimlərdən də danışdı:
«Görürsünüz ki, bu informasiya yayılandan sonra, başqaları da peyda oldu. Riyaziyyat müəllimi Nərgiz Şirinova və Coğrafiya müəllimi Mədinə Tağıyeva. Mədinə Tağıyeva 7 ildir ki, məndə şikayət edir. Mən bilmirəm bu adamların istəyi nədir? Onların ən başlıca arzusu mənim vəzifədən getməyimdir. Çünki tələbkar direktor onlara sərf etmir. Mədinə Tağıyevandan şagirdlər gəlib mənə şikayət edir ki, dərsdən başqa nədən gəldi danışır. Yuxarı sinif şagirdlərinin ünvanına ən ağır söyüşləri söyür. Direktor kimi mən bu məsələ ilə bağlı onları danlayanda oluram pis adam. Mədinə müəllimə heç öz ixtisasına da yaxşı yiyələnməyib. Normal attestasiya keçirilsə, görərlər ki, onun savadı dərs demək üçün kifayət etmir. Bax , mənə qarşı aparılan kampaniyanın məğzində bu durur. Eyni sözləri Nərgiz Şirinova haqda da deyə bilərəm. Bir daha bəyan edirəm ki, heç bir müəllimi mənim adıma kerdit götürməyə məcbur etməmişəm. Barəmdə deyilənlərin hamısı böhtandır».
Qeyd edək ki, bu mövzunu ANS televiziyasının əməkdaşları da araşdırıb. Onların hazırladıqları videosujeti də təqdim edirik.

Şərhlər