Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 49 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyidi tapılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib.
1974-cü il təvəllüdlü Lənkəran rayonunu Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığı etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyid hazırda ekskumasiya olunur.
Qeyd edək ki, M. Babayev itkin güşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədi ilə törədildiyi ehtimal edilir.
Meyid ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.


Şərhlər