Menu

"Mərhum həyat yoldaşıma məxsus kafe qeyri-qanuni özəlləşdirilib" - Şəkidən şikayət

06.06.2018, 16:03
"Mərhum həyat yoldaşıma məxsus kafe qeyri-qanuni özəlləşdirilib" - Şəkidən şikayət

"Sizə müraciət etdikdən sonra mənə qarşı təzyiqlər daha da şiddətləndi..."

Ölkəmizdə ən çox mübahisələrə səbəb olan və korrupsiya halları barədə şikayət edilən sahələrdən biri kimi də, özəlləşdirmə prosesi və onu həyata keçirən Əmlak Komitəsinin strukturları göstərilir. Son vaxtlar bu sahəylə bağlı şikayətlər paytaxtla yanaşı, daha çox bölgələrdən daxil olmağa başlayıb.

Şəki sakini Bəkirova Səadət Laçın qızının ölkə prezidentinə, ədliyyə nazirinə və Ali Məhkəmə sədrinə ünvanladığı məktubda da əslində tam haqqı çatdığı iaşə obyektinin haqsız olaraq, başqa birisinin adına özəlləşdirilməsindən danışılır. S.Bəkirovanın "AzPolitika.info"ya daxil olan həmin məktubunda deyilir ki, Şəki şəhər M. Müşfiq küçəsində yerləşən “Səbuhi” kafesi onun mərhum həyat yoldaşı Bəkirov Əflatun Həsən oğluna məxsus olub. Qadın özü isə 2013 – cü ilə, yəni əri dünyasını dəyişənə qədər orada aşpaz işləyib: "Bizdən əlavə bu kafedə 11 nəfər insan müxtəlif vəzifələrdə çalışıb və orada payçı kimi özəlləşdirmə çeklərinə malikdirlər. Sonradan həmin kafe özəlləşdirilərkən bizə heç bir məlumat verilməyib. Bizim hər hansı bir razılığımız olmadan qeyd edilən kafe, əvvəllər üzünü görmədiyimiz və həmin kafedə bir gün də belə işləməyən Samir Knyaz oğlu Məmmədovun adına qeyri - qanuni özəlləşdirilib. Bununla bağlı Şəki rayon Daşınmaz Əmlakın Reyestr xidmətinə dəfələrlə müraciət etsək də, bizə heç bir cavab verilməyib".

Daha sonra məktubda deyilir ki, S.Bəkirova məsələ ilə bağlı şikayət etdikdə, qeyd edilən idarənin işçiləri “get kimə istəyirsən şikayət et” deyərək, idarədən qovublar.

Şikayətçi iddia edir ki, yuxarıda adı çəkilən Samir Məmmədov dövlət orqanlarını və səlahiyyətli şəxsləri aldadaraq, kafenin arxasında və yanında olan bələdiyyə torpaqlarını da hərracdan kənar, vəzifədə olan bəzi məmurların himayədarlığı ilə saxta sənədlərlə özəlləşdirib: "Cənab Prezident, başıma gətirilən bu müsibətlərlə əlaqədar sizə və Mehriban xanım Əliyevaya 3.10.2013 – cu il tarixdə müraciət etdikdən sonra mənə qarşı olan təzyiqlər daha da şiddətləndi. Şəki Rayon Prokurorluğunda bu müraciətlə əlaqədar araşdırma başlandı. Araşdırma gedə-gedə özlərini sudan quru çıxarmaq və cinayət məsuliyyətindən yayınmaq üçün S. Məmmədova Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki Ərazi Reyestr İdarəsinin sabiq müdiri Ş. Şirinzadə və torpaq şöbəsinin müdiri B. Məsimov tərəfindən tələm-tələsik saxta texniki pasport verildi. Prokurorluqda aparılan araşdırmadan sonra mənə cavab verildi ki, bu iş məhkəməlikdir".

İndi isə məhkəmə qapılarında qaldığını deyən S.Bəkirova ümumilikdə 20-ə yaxın məhkəmə baxışı keçirildiyini, lakin işin Ali Məhkəməyə qədər çatmasına baxmayaraq, hələ də ədalətin bərpa olunmadığını və qarşı tərəfin saxta sənədlərlə məhkəmələri aldatdığını bildirir. Qeyd edir ki, iş hazırda Ali Məhkəmədə hakim Ə. Əliyevin icraatındadır və ona iyunun 12-də baxılacaq: "Mən bu günə qədər möhtərəm hakimlərə başa sala bilmirəm ki, mənim mübahisə etdiyim İctimai İaşə Müəssisəsinin nəzdində olan yüngül konstruksiyalı dəmir pavilyondur. Ancaq məhkəmələrin ciddi israrla araşdırdıqları isə S. Məmmədovun başqa ünvanda yerləşən obyektə məxsus sənədlə saxta yolla özəlləşdirdiyi daş konstruksiyalı kafedir".

Sonda ölkə başçısına müraciət edən S.Bəkirova saxtakarlıqla həyata keçirilən özəlləşdirmənin ləğv edilməsi və onun hüquqlarının bərpa edilməsinə yardımçı olmağı xahiş edir.

"AzPolitika.info" yazıda adı keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol