1996-cı ildə Tiflisdə Ermənistan səfirliyinin təşəbbüsü ilə Tiflis Erməni Gənclər Assosiyasiyası yaranır. Sədri Yerevanda, Moskvada, daha sonra isə ABŞ-da təhsil almış Arnold Stepanyan seçilir. Həmin il Havlabar rayonundakı erməni teatrında keçirilən assosiasiyanın təsis iclasında bütün erməni icmaları, o cümlədən assosiyasiyaya cavabdeh şəxs olan Ermənistan səfirliyinin sözcüsü Levon Aruşanyan qatılır. Çıxışda L.Aruşanyan Gürcüstanın siyasi proseslərində ermənilərin aktiv iştirak etməsinin və bütün ermənilərin gürcü dilini öyrənməsinin vacibliyindən bəhs edir. Tiflis Erməni-Qriqoryan Kilsəsinin yeparxı Vazgen Mirzəxanyan və Tiflisdə ermənicə çıxan "Vrastan" qəzetinin baş redaktoru Van Bayburtyan isə tezliklə Fransanın məşhur şonsonyesi Şarl Aznavur adına Fondun yaradılacağını qeyd edirlər.
Az sonra 1997-ci ildə Ermənistan səfirliyi və Tiflis Erməni-Qriqoryan Kilsəsinin təşəbbüsü ilə A.Stepanyanın başçılığı ilə Çoxmillətli Gürcüstan İttifaqı yaradılır. Ermənilərin məqsədi bu ittifaqa Gürcüstandakı azərbaycanlıları, yezidi-kürdlərini, yunanlıları (qrekləri) və s. milli azlıq nümayəndələrini birləşdirməkdən ibarət idi. ABŞ, Rusiya və Fransadakı erməni diaspor təşkilatlarının liderləri elə edirlər ki, Corc Soros və Avrasiya Fondu A.Stepanyanın başçılıq etdiyi Çoxmillətli Gürcüstan İttifaqına daima qrantlar ayırmağa başlayırlar. Bununla da ittifaq Gürcüstandakı milli azlıqların yox, erməni təşkilatlarının möhkəmlənməsinə üstünlük verməyə başlayır.
Bəzi Azərbaycan təşkilatları qrant xatirinə A.Stepanyanla əməkdaşlıq etməyə başlayır. Çünki faktiki olaraq beynəlxalq qrantların ayrılması prosesini Gürcüstanda A.Stepanyan idarə edirdi. Hətta gürcü deputatlar belə bəzi gürcü QHT-lər üçün qrantların ayrılması məsələsində ondan xahiş edirdilər. Təsəvvür edin çoxlu miqdarda qrantlarla A.Stepanyan Gürcüstan hakimiyyətini belə ələ almışdı. İndi də belədir. O zamanlar mən Türkiyənin "Anadolu Ajansı"nın Tiflisdəki nümayəndəsi idim. Bununla yanaşı savadlı Azərbaycan gənclərini ətrafıma yığaraq Gürcü və Azərbaycanlı Jurnalistlər İttifaqı yaratdım. Təsəvvür edin ki, qrant layihəsi üçün mən A.Stepanyana müraciət etməli idim. Xeyr! etmədim, sadəcə özümə sığışdıra bilmədim.
Fikirləşdim ki, bunun bir çarəsi olmalıdır. Türkiyənin səfirliyinə müraciət etdim ki, bəs Gürcüstandakı hər hansı bir Azərbaycan Təşkilatı qrant almaq üçün mütləq A.Stepanyana müraciət etməlidir. Dedilər ki, nə olsun əsas sən öz işini gör, əsas pul olsun. Türkiyənin səfirliyinin başı Nurçu Hərəkatının Gürcüstanda yayılmasına qarışmışdı qınamıram! Getdim Azərbaycanın Tiflisdəki səfirinin yanına. Dedim bəs belə belə. Bu gün sabah, bu gün sabah. Gördüm ortada heçnə yoxdur! Buna görə də əlimizi hər şeydən üzdük.
Qısaca niyə başınızı ağrıdım?, inanın nə Türkiyə, nə də Azərbaycan səfirliklərindən dəstək görmədik. Nəticədə hərəmiz bir yerə dağıldıq. Halbuki dəstəyimiz olsaydı bu gün A.Stepanyanın yerində ya mən olardım, ya gürcü dilini mükəmməl bilən Zaur Xəlilov olardı, ya Emiliya Xəlilova, Ya Mirzə Maşov, ya Əli Babayev, ya Leyla Süleymanova, ya Kamran Məmmədov, ya da ki, başqa savadlı və gürcü dilini mükəmməl bilən azərbaycanlılarımızdan biri olardı.
Bunu ona görə yazıram ki, çox hörmətlə yanaşdığım Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı keçən günlərdə açıqlama verib ki, Gürcüstandakı bir çox Azərbaycan Təşkilatı Tiflisdəki Çoxmillətli Gürcüstan İttifaqının lideri Arnold Stepanyanla əməkdaşlıq edir. Hörmətli A.Nağının sözlərindən belə çıxır ki, Gürcüstandakı Azərbaycan QHT-ləri bununla da erməni maraqlarına xidmət edirlər. İnanın elə deyil. Sadəcə Azərbaycan tərəfindən güclü dəstək olmalıdır. Elə ki, Gürcüstandakı QHT-lərimiz ordakı erməniləri keçməli və Gürcüstan rəhbərliyinin qarşısında öz sözünü deməlidir.
Niyazi Hüseynov





Şərhlər
Ən güclü erməni diasporası Azərbaycandadır.Anası və arvadı erməni olan nazir,deputat və məmur Bakıda kifayət qədərdir.Məsələn,bizdə vəzifəyə təyin olunanların ailəsi haqqında məlumat verilmir......