Qurum «Diffamasiya haqqında» qanun layihəsini yararsız sayıb
Oktyabrın 11-də Strasburqda Avropa Şurası Venesiya Komissiyasının ekspertləri Azərbaycan hakimiyyətinin təqdim etdiyi “Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı rəy veriblər.
Komissiyadan “Turan”a daxil olmuş məlumatda qeyd olunur ki, qanun layihəsi Avropa Insan Hüquqları Məhkəməsinin prinsiplərinə, presendent hüquqa uyğun deyil və ölkənin bu sahədəki öhdəliklərinin adekvat tətbiqinə imkan vermir. Bundan başqa, qanun layihəsi yerli qanunvericilikdən tamamilə təcrid olunmuş şəkildə hazırlanıb və diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutmur.
Venesiya Komissiyası təəssüflə qeyd edir ki, onun əvvəlki tövsiyələrinin tətbiqi və qanunvericiliyin adekvat hala salınması üçün heç bir addım atılmayıb. Venesiya Komissiyası diffamasiyanın indiyədək ciddi cinayət sanksiyaları, o cümlədən həbslə assosiasiya edilməsinə təəssüf edir.
Xatırladaq ki, sözügedən qanun layihəsi Azərbaycan Prezident Administrasiyasında hazırlanıb və mayda Venesiya Komissiyasına göndərilib. Həmin vaxt Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sənədin “proqressiv” xarakterli olduğunu bəyan etmişdi.
“Kimsə hesab edirsə ki, təhqir edəcək və buna görə məsuliyyət daşımayacaq, yanılır. Cinayət məsuliyyəti qalacaq. Qanun etikaya riayət edən media üçün daha geniş imkanlar yaradacaq, medianın azadlıq dairəsini genişləndirəcək”, deyə Ə.Həsənov bildirmişdi.


Şərhlər