Telekanal Amerikalı diplomatının Azərbaycanda prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı təhlilini yaymlayıb
Seçkiyə müsbət rəy verənlərin adları «Kürü diplomatiyası»nda hallanıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Rebekka Vinsent Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması, həmçinin beynəlxalq ictimaiyyətin reaksiyasını təhlil edib. Xanım Vinsentin təhlili “Əl-Cəzirə”də yayımlanıb. Məqaləni "Azadlıq" qəzetinə istinadən təqdim edirik:
Seçkidən əvvəl nəticələrin açıqlanması baş verənlərə işıq salır
Çox az adam düşünürdü ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək seçki azad və ədalətli olacaq. Əvvəllər də qeyd etdiyim kimi, hələ ilin əvvəlindən Azərbaycan hakimiyyəti bütün formalarda tənqidləri və fərqli fikirləri susdurmaq üçün müxtəlif vasitələrə əl atırdı. Ölkədəki ab-hava təmiz rəqabətə imkan vermirdi. Hələ onu demirəm ki, Azərbaycanda Əliyev hakimiyyətə gələndən bəri bircə dəfə də demokratik seçki keçirilməyib.
Bununla belə, budəfəki seçkinin gedişinə yol verilən kobud qanun pozuntuları, hətta Azərbaycandakı vəziyyətə yaxından bələd olanları da təəccübləndirdi. Seçkiyə bir gün qalmış “Meydan TV” internet kanalı “AppGate” adlanan qalmaqalı yayımladı. Bu, Azərbaycandakı seçki prosesinə işıq salırdı. Söhbət Mərkəzi Seçki Komissiyasının mobil telefonlara seçkinin nəticələri haqda göndərdiyi məlumatdan gedirdi. Hələ seçki qutularına bircə bülleten də atılmamış MSK Ilham Əliyevin 72,76 faiz səs topladığı barədə xəbər yaymışdı.
Səsvermə başlamamışdan nəticələrin yayılması yanlışlığı qısa zamanda aşkarlandı və MSK-dan bildirildi ki, yayılan nəticə sadəcə, test xarakteri daşıyıb. Istənilən halda, Əliyevə bu qədər səs yazılması şübhə yaradırdı.
Saxtakarlığı sübut edən faktlar internetdə doludur
Səsvermə günü çox ciddi qanun pozuntularıyla müşayiət olundu. Bura qutulara topa-topa bülletenlərin atılmasından tutmuş, eyni adamların müxtəlif məntəqələrdə səs verməsinə (“karusel”) qədər müxtəlif pozuntular daxildir. Bu cür pozuntuları sübut edən foto, video-materiallar internetdə doludur.
Oktyabrın 10-da MSK məlumat yaydı ki, Əliyev səslərin 84,55 faizini toplayıb. Ictimai rəyə görə, Əliyevin yeganə rəqibi, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə isə cəmi 5,53 faiz səs yazdılar. Qalan səslər də digər 8 namizəd arasında bölüşdürüldü.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilkin hesabatında göstərdi ki, bu seçki Azərbaycanın Seçki Məcəlləsinin, həmçinin beynəlxalq standartların pozulmasıyla keçib və bu səbəbdən azad, demokratik sayıla bilməz.
Seçki kampaniyasının gedişini bir neçə dəqiqə izləmək kifayət idi ki, burada azad və ədalətli seçkinin olmayacağı nəticəsinə gələsən. Təəssüf ki, bir sıra avropalı siyasətçilər buna göz yumdular. Bu isə biabırçılıqdır.
Beynəlxalq müşahidəçilər arasında ziddiyyətlər
Nəticələrin səsvermədən əvvəl yayılması - “AppGate” qədər təəccüblü başqa bir məsələ isə müxtəlif beynəlxalq müşahidəçilərin seçki prosesini qiymətləndirmələri arasındakı ziddiyyətlərdir.
Oktyabrın 10-da ilkin rəyini açıqlayan ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun hesabatında bu seçki kəskin tənqid olunur, seçki prosesi boyunca yol verilən kobud qanun pozuntularından bəhs edilirdi. Yekun nəticə isə bundan ibarət idi ki, seçki demokratik standartlara cavab verməyib.
Elə həmin gün Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Avropa Parlamentinin seçkini müşahidə missiyaları birgə bəyanat verərək, ilkin rəylərini açıqladılar. Sanki onlar tamamilə başqa seçkinin monitorinqini aparmışdılar, yaxud da başqa ölkələrdə seçki görməmişdilər. Guya, onlar azad, ədalətli, şəffaf seçki prosesi izləyiblər.
Bu ziddiyyət nədən irəli gəlir?
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun müşahidəçiləri peşəkar və müstəqildir. Onlar heç bir gizli məqsədləri olmadan öz işlərini görürdülər. AŞ PA və Avropa Parlamentinin nümayəndə heyətləri isə siyasətçilər və deputatlardan ibarət idi. Məsələn, AŞ PA nümayəndə heyətinin rəhbəri Böyük Britaniyadan olan deputat Robert Uolter idi. Həmçinin nümayəndə heyətinə AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri - maltalı deputat Jozef Debano Qrex və ispan deputat Pedro Aqramunt daxil idi. Bunların üçünün də adı “Avropa Sabitlik Təşəbbüsü və kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu?” adlı məruzədə öz əksini tapıb.
Avropa strukturları qətiyyətli mövqe tutmasa...
AŞ PA-nın yanvar sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmaması, həmçinin iyun ayında Əliyevin Brüsselə səfər edərək, Avropa Birliyinin vəzifəli şəxslərlə görüşməsi və həmin adamların insan hüquqlarını prioritet məsələ kimi dilə gətirməməsindən sonra Azərbaycan hökumətində özündənrazılıq yaranıb. Insan hüquqları sahəsində yol verilən pozuntuların münasibətlərə xələl gətirməyəcəyi əminliyinə görə hökumət istədiyini eləyir.
Azərbaycan rəsmiləri tez-tez bu fikri səsləndirir ki, beynəlxalq aləmin Azərbaycana ehtiyacı daha çoxdur, nəinki bu ölkənin beynəlxalq ictimaiyyətə. Bu ilin yanvarında ATƏT-in Bakı ofisinin mandatının aşağı salınmasıyla da bu mövqeyni nümayiş etdirdilər. Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosuna seçkini müşahidə etmək üçün dəvət göndərilməsi gecikdirildi. Hətta belə rəy yarandı ki, təşkilat ümumiyyətlə, dəvət olunmayacaq. Görünür, bu, həmin qurumun dəqiq qiymətləndirməsindən çəkingənlikdən irəli gəlirdi.
Seçki ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun ilkin rəyinə hakimiyyət və onun tərəfdarları acıqlı reaksiya verdilər. Hökumətyönlü jurnalistlər bu qurumun rəyi açıqlanan mətbuat konfransını pozdular. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu rəyi qərəzli adlandırdı və bəyan etdi ki, hökumət ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosuyla gələcək əməkdaşlığa yenidən baxmalı olacaq. Həsənov öz mövqeyini əsaslandırmaq üçün AŞ PA və Avropa Parlamentinin birgə bəyanatını, eləcə də digər şübhəli beynəlxalq müşahidəçilərin rəylərini misal göstərib.
Təhlükə də məhz bundadır ki, Azərbaycan hökuməti beynəlxalq öhdəliklərinin ziddinə gedərək, ölkədə anti-demokratik şərait yaradıb və Avropa Parlamenti, AŞ PA-dakı bəzi adamlar da bu rejimə dəstək verir.
Avropa Şurası və Avropa Birliyi səhvlərini düzəldərək, Azərbaycan hökumətinə beynəlxalq öhdəliklərə əməl etməsi üçün təzyiqləri artırmalıdır. Əks halda, bu təşkilatlara qarşı etimadsızlıq artacaq.
Beynəlxalq medianın rolu da insan hüquqları və demokratiya sahəsində öhdəliklərinə əməl etməsi üçün Azərbaycan hökumətinə qarşı ciddi beynəlxalq təzyiqə səbəb ola bilər.
“Meydan TV”nin direktoru Emin Milli beynəlxalq medianın yetərincə diqqət ayırmamasından narazıdır. O hesab edir ki, seçkinin nəticələrinin səsvermədən bir gün əvvəl açıqlanması kimi qalmaqallı hadisə daha geniş miqyasda işıqlandırılmalı, CNN, BBC kimi telekanallar ona daha çox diqqət yetirməliydi: “Iran və ya Rusiyada belə bir hadisə baş versəydi, xarici mediada seçki ilə bağlı xəbərlərin əsas başlığı olardı. Amma bu cür hal Azərbaycanda baş verəndə, sanki bir o qədər maraqlandırmır”.
Emin Milli həmçinin seçkidə Ilham Əliyevin 9 rəqibi olduğuna dair xarici mediada yazılanlarla da razılaşmır.


Şərhlər