«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko özünün «Feysbuk» səhifəsində yazıb ki, ölkəsi Türkiyədən «Bayraktar» pilotsuz zərbə uçaqları alacaq.
«Bunlar operativ-taktiki pilotsuz zərbə aparatlarıdır. Yüksək texnoloji xarakteristikalarından başqa, həm də zirehli texnikaları, mühəndis qurğularını və dəniz hədəflərini məhv etmək üçün müasir yüksək dəqiqlikli raketlərlə silahlandırılacaq» - deyə, prezident yazıb.
Poroşenko pilotsuz uçaqların alınmasını Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi tədbirlərinin bir hissəsi adlandırıb. Onun sözlərinə görə, bu sövdə tam olaraq «Ukraynanın NATO-ya strateji kursuna» uyğun gəlir və Ukrayna hərbi-sənaye kompleksinin (HSK) dünyanın silah bazarına inteqrasiyasına kömək edəcək.
Bundan əvvəl Ukraynanın Kanadadan «PGW Defence Technologies» şirkətinin istehsalı olan snayper tüfəngləri aldığı barədə xəbər verilmişdi. Atıcı silahlar ölkəyə bu il gətirilməyə başlanacaq.
Poroşenkonun müşaviri Yuri Biryukov bildirib ki, dronlar tam silah komplekti ilə birlikdə göndəriləcək.


Şərhlər