“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 14 avqust 2014-cü il tarixində Zaqatala şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə məlumat verdi. Qaçılması mümkün olmayan qloballaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı.

Sonra Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndəsi Rəfiqə Bağırova mövzunun əhəmiyyəti və regiona xas xüsusiyyətləri barədə seminar iştirakçılarına geniş məlumat verdi. Kəpənəkçi kənd bələdiyyəsinin sədri Xuraman Şabanova çıxış edərək mənəvi əxlaqi dəyərlərimizin aşınmasında süni faktorları sadaladı və bu kimi tədbirlərin yalnız rayon mərkəzində deyil, kənd nümayəndəliklərində də təşkil edilməsini məqsədəuyğun hesab etdi. Mərkəzləşdirilmiş kitabxananın direktoru Gülnigar Məmmədova öz cıxışında mövzunun aktuallığından bəhs etdi. Tədbirin sonunda Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov cıxış edərək tədbirdə ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özundən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunun qoyuluşunu yüksək qiymətlədirdi. Sonra tədbir iştirakciları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz acdılar.

Aparılan müzakirələrin nəticəsində münasib təkliflər hazırlanaraq ictimaiyyətə və mətbuata təqdim olundu.